Macarıstanın Azərbaycandakı yeni səfiri İmre Laslotski olacaq. Bu barədə Trend-ə Macarıstanın Qazaxıstandakı səfirliyindən məlumat verilib.
Xatırladaq ki, İ.Laslotski hazırda Macarıstanın Qazaxıstandakı səfirliyinə başçılıq edir.
1961-ci ildə anadan olan İ.Laslotski Moskva Dövlət Universiteti və Hollandiyanın Beynəlxalq Əlaqələr İnstitutunun məzunudur.
İ.Laslotski diplomatik karyerasına Macarıstan XİN-də məruzəçi vəzifəsi ilə başlayıb, daha sonra Nazirliyin departamentlərindən birinə baş direktor təyin edilib.
Yeni səfir Macarıstanın Küveyt, Mərakeş, Liviyadakı diplomatik missiyalarında çalışıb və Macarıstanın Tacikistan, Qırğızıstan və Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri olub.
Bu ilin sentyabr ayından diplomat Macarıstanın Azərbaycandakı səfirliyinə başçılıq edəcək. O, diplomatik missiyası may ayında başa çatmış Jolt Çutoranı əvəz edəcək.
İ.Laslotski evlidir, 2 uşağı var. İngilis, rus, ərəb, portuqal və italyan dillərini bilir.