"Bağlanış mərasimi çox yüksək səviyyədə keçdi. Hesab edirəm ki, Oyunların həm açılışı, həm gedişatı, həm də yekunu çox yüksək şəkildə həyata keçirildi. Orada olan bütün yenilikləri, atılan bütün addımları xüsusi vurğulamaq lazımdır".
Bunu Trend-ə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Bakı-2015 Avropa Oyunlarının bağlanış mərasimini şərh edərkən deyib.
O, qeyd edib ki, bu ilk Oyunlar standartları müəyyənləşdirdi: "Əslində, elə bir standartlar müəyyənləşdirdi ki, inanmıram ki, hansısa ölkə bu cür Avropa Oyunları keçirsin".
S.Novruzov bildirib ki, bu Oyunların Azərbaycanda keçirilməsi heç də təsadüfi deyildi: "Azərbaycanda keçirilən beynəlxalq idman yarışları, dünya, Avropa çempionatları, lisenziyalı oyunlar, Azərbaycanda tikilən idman qurğuları və avadanlıqlar imkan verirdi ki, ölkəmiz bu Oyunları çox yüksək şəkildə həyata keçirsin. Rusiyaya Olimpiya Oyunlarının keçirilməsi üçün 7 il vaxt verilmişdisə, Azərbaycana bunun üçün 2,5 il vaxt ayrılmışdı. Rusiyada idmançıların sayı 3000 idisə, Azərbaycanda 6000 idi".
Millət vəkili vurğulayıb ki, ilk Avropa Oyunları çox yüksək şəkildə, tamamilə təhlükəsizlik şəraitində, təhlükəsizlik məsələlərinin tamamilə təmin olunması şərti ilə keçirilib: "Bununla bağlı ayrı-ayrı telekanallar, idman aləmi, mütəxəssislər də öz fikirlərini bildirərək qeyd edirlər ki, Azərbaycan bu Oyunları yüksək səviyyədə keçirdi. Açılış mərasimi də çox yüksək səviyyədə keçirildi. Xüsusilə, açılış mərasimində Azərbaycanın təbliğatı özünü yüksək formada göstərmişdi".