Azərbaycanın Zimbabvedəki səfiri Elxan Poluxov bu ölkəyə rəsmi səfəri çərçivəsində Zimbabvenin enerji və enerjinin inkişafı naziri Samuel Undenqe və onun müavinləri ilə görüş keçirib.
Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyindən verilən məlumata görə, görüş zamanı E.Poluxov bildirib ki, Azərbaycan Zimbabve ilə enerji sahəsində əlaqələrin qurulması üçün hər zaman açıqdır və bunun üçün qarşılıqlı səfərlərin təşkil edilməsi zəruridir. Həmçinin ölkəmizin, yerləşdiyi regionda lider dövlət olduğundan müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin mövcudluğu həmsöhbətin nəzərinə çatdırlıb. Sonra səfir nazir Undenqeya Azərbaycanda sürətlə gedən inkişaf prosesi və ölkəmizin ağrılı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verib.
S.Undenqe Azərbaycanın beynəlxalq aləmdə neft ölkəsi kimi tanındığı və bu sahədə geniş təcrübəyə malik olduğunun məlum fakt olduğunu söyləyərək rəhbərlik etdiyi nazirliyin bu təcrübədən bəhrələnmək arzusunda olduğunu vurğulayıb. Qeyd olunub ki, Zimbabvenin qərbində bu yaxınlarda böyük təbii qaz yataqları açılıb və onların istismarı üçün ölkəyə təcrübəli mütəxəssislər tələb olunur və Azərbaycanın bu məsələdə köməkliyi çox dəyərli olardı. Həmçinin, nazir zimbabveli neft və qaz sahəsindən olan mütəxəssislərin Azərbaycanda təhsil alınmasında maraqlı olduqlarını bildirib.
E.Poluxov, həmçinin Zimbabve parlamentinin spikeri Cakob Fransis Mudenda ilə görüş keçirib. Görüş zamanı E.Poluxov Milli Məclisin və onun strukturu barəsində ətraflı məlumat verərək parlamentlər arası əlaqələrin genişləndirilməsinin vacibliyini bildirib, müasir beynəlxalq aləmdə parlament diplomatiyasının xüsusi rol oynadığını və bu səpkidə hər iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin möhkəmləndirilməsinin və genişləndirilməsinin önəmini xüsusi vurğulayıb. Ölkəmizin 2012-2013 illərdə Təhlükəsizlik Şurasının qeyri daimi üzvü olduğu müddətdə Afrika qitəsini narahat edən bir çox məsələlərdə, o cümlədən, sayı artan münaqişələr, insan hüquqları, beynəlxalq aləmdə mövcud ikilik standartlarına qarşı mübarizə və digər sahələrdə dəstəklədiyini həmsöhbətinin nəzərinə çatdırıb.
Səfir Azərbaycanın son illər bir sıra beynəlxalq tədbirlərin mərkəzinə çevrildiyini və 2016-cı ildə Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçiriləcəyini bildirərək Zimbabvenin də bu tədbirə qatılacağına ümidvar olduğunu söyləyib.
Öz növbəsində C.Mudenda ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin toxunulmazlığını hər zaman dəstəklədiyini və BMT-də bu məsələnin müzakirəsi zamanı bizə dəstək verdiyini söyləyib.
Görüşün sonunda tərəflər ölkələr arasında əlaqələrin sıxlaşdırılması və genişləndirilməsi üçün qarşılıqlı səfərlərin təşkilinə dair razılığa gəliblər.
E.Poluxov Zimbabvenin nəqliyyat və infrastrukturun inkişafı nazirliyinin baş katibi Minosuşe Munodvave ilə də görüş keçirib. Görüş zamanı baş katibə Azərbaycanda son on il ərzində həyata keçirilən regional və beynəlxalq əhəmiyyətli nəqliyyat və infrastruktur layihələr barəsində məlumat verilib və ölkəmizin Qərblə Şərq dünyasını birləşdirən logistik mərkəzə çevrildiyi bildirilib.
Səxavət