3 Avqust 2015 17:40
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Patskeviçi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

QMİ-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, səmimi şəraitdə keçən görüşdə N.Patskeviç Azərbaycanda diplomatik xidmətdə olduğu 9 ili ömrünün dəyərli illəri kimi qiymətləndirdiyini bildirib. Bu illər ərzində Azərbaycan xalqı və dövlətinin əldə etdiyi tərəqqi və nailiyyətlərin şahidi olmaqdan məmnunluğunu bildirən səfir Azərbaycan və Belarus xalqları arasında tarixi dostluq və qardaşlıq, bütün sahələrdə səmərəli əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi üçün əlindən gələni əsirgəmədiyini diqqətə çatdırıb.

Azərbaycanın müdrik dövlət başçısı ilə ünsiyyətlərini rəğbətlə xatırlayan N.Patskeviç ölkəmizin uğurlarının təməlində Prezident İlham Əliyevin möhkəm iradə və ardıcıl səylərinin dayandığını qeyd edib. Müxtəlif dini və etnik mənsubiyyətə malik insanların real tolerantlıq və əsl multikultural həyat tərzinə heyran olduğunu bildirən N.Patskeviç vətəni Belarusla Azərbaycan arasında bu baxımdan oxşarlıqlardan böyük rəgbət duyduğunu bildirib.

Səfi, Azərbaycan xalqının, Qafqazın nüfuzlu, tanınmış, mötəbər şəxsiyyəti kimi səciyyələndirdiyi Şeyxülislam A.Paşazadə ilə səmimi görüş və söhbətlərini, onun xeyir-dualarını heç zaman unutmayacağını xüsusi vurğulayıb. O bildirib ki, beynəlxalq miqyasda dinlərarası dialoq işinə böyük töhfələr verən QMİ sədri Azərbaycan və Belarus arasında dini-mənəvi əlaqələrin inkişafı üçün dəyərli səylər göstərib, dəfələrlə Belarusu ziyarət edərək, mötəbər beynəlxalq tədbirlərdə iştirak edib. A.Paşazadənin Belarusun fəxri Mitropoliti Filaret həzrətləri ilə uzun illər ərzində qardaşlıq və əməkdaşlığının böyük dəyər kəsb etdiyini bildirən səfir bu əlaqələrin bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.

Belarus səfirinə Azərbaycan və Belarus xalqları, dövlətləri arasında bütün müstəvilərdə əlaqələrin inkişafı istiqamətində göstərdiyi xidmətlərə görə dərin təşəkkürünü bildirən Şeyxülislam A.Paşazadə N.Patskeviçə gələcək fəaliyyətində də uğurlar diləyib.

Görüşün sonunda səfirə xatirə hədiyyələri təqdim olunub.

X X X

Həmin gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A.Paşazadə Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonkanı qəbul edib.

Səmimi şəraitdə keçən görüşdə Azərbaycan və Çexiya xalqları arasında mədəni-mənəvi sahədə əlaqələrin inkişaf etdirilməsinin önəmindən danışılıb, bu istiqamətdə görülməli olan işlər müzakirə edilib. Ölkəsindəki dini icmaların həyat və fəaliyyəti barədə məlumat verən V.Pivonka Azərbaycanda mövcud dini-mənəvi həyatın özəllikləri ilə tanışlıqdan məmnunluğunu bildirib.

QMİ sədri 35 illik fəaliyyəti dövründə rəhbərlik etdiyi dini mərkəzin mühüm fəaliyyət istiqamətləri və uğurları barədə qonağı məlumatlandırıb. Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsinin, dini-mənəvi irsə dövlət səviyyəsində qayğı və diqqətin, multikultural həyat tərzinin inkişaf etdirilməsinin hər zaman gündəmdə olmasını xüsusi vurğulayan Şeyxülislam A.Paşazadə bunun ölkəmizin ümumi tərəqqisində böyük rol oynadığını səfirin diqqətinə çatdırıb.

Görüşün sonunda səfirə xatirə hədiyyəsi təqdim olunub.


Müəllif:

Oxşar xəbərlər