Nəbi Soytürk: “Həsən Ruhani Azərbaycan türklərinə verdiyi sözləri yerinə yetirməyib”
Güney Azərbaycanla həmsərhəd bölgələrdə təlatümlü hadisələr baş verir. Belə ki, PKK terror təşkilatı qardaş Türkiyədə xaincəsinə terror aktları həyata keçirir, Türkiyə də öz növbəsində bunu cavabsız qoymur və terror təşkilatının mövqelərini hədəfə alır.
Bəs, Güney Azərbaycanla qonşuluqda yerləşən bu regionda baş verənlər soydaşlarımıza nə cür təsir edir? Baş verənlərlə bağlı onların mövqeləri nədən ibarətdir?
Bu istiqamətdə suallarımıza cavablandıran Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin Azərbaycandakı təmsilçisi Nəbi Soytürk bildirib ki, İraqda və Suriyada baş verənlər Güney Azərbaycan insanlarını istər-istəməz mühafizəkar edib.
Onun sözlərinə görə, insanlar məsələləri çox götür-qoy etməli olublar: “İŞİD-in hərəkətləri çox kobud olduğu üçün insanlar mühafizəkar davranırlar. Amma son zamanlarda Türkiyə ilə PKK-nın yenidən toqquşması milli hərəkatın, xüsusilə, aktiv kəsimin fəaliyyətini sürətləndirib. Biz PKK-nı istər-istəməz, hər zaman təkcə Türkiyənin deyil, Azərbaycanın da birinci problemi bilmişik. Çünki Güney Azərbaycanın Qərbi Azərbaycan ostanında, Urmiya bölgəsində PKK-nın bir qolu olan PEJAK fəaliyyət göstərir. Ona görə də, Qərbi Azərbaycan məsələsi bizi birbaşa PKK ilə üz-üzə gətirir. Fəallarımız prosesi izləyir və qınayır”.
N.Soytürk qeyd edib ki, Güney Azərbaycanın qərb hissəsi əsasən bu təhlükə ilə üz-üzədir: “Urmiya bölgəsində çoxlu kürd yaşayır. Kürdlər İraqda, Suriyada, Türkiyədə aktivləşəndə onlar da Qərbi Azərbaycan ostanında aktivləşməyə başlayırlar. Bu, əsasən PEJAK-ın əli ilə olur. Bu, birbaşa terror olmasa da, onlar iddialarını artırmağa, ”Azərbaycan şəhərləri bizimdir" deməyə başlayırlar. Bundan əlavə, onlar daha çox qaçaqçılıq edir, bu yolla çoxlu pullar qazanırlar. Qaçaqçılıqdan qazandıqları pullarla ərazini alır, Azərbaycan türklərini bölgədən uzaqlaşdırırlar. Türklər İranın mərkəzinə gedir, onlar isə Güney Azərbaycanda məskunlaşmağa başlayırlar. Bu cür hallar istər-istəməz cəmiyyətdə bir iltihabın yaranmasına səbəb olur. Bu dəqiqə də proses buna doğru gedir. Urmiyada kürdlər çox aktivləşiblər. Bildirişlər yaymağa, tədbirlər keçirməyə başlayıblar. Son zamanlar görmürəm, amma bəzi hallarda milət vəkili səviyyəsində parlamentdə onlara dəstək verirlər. Bu şəkildə onlar fəallaşdıqca azərbaycanlılar da təbii ki, onların təsiri olaraq mövqe sərgiləyirlər".
Müsahibimiz Güney Azərbaycan türklərinin durumu barədə də danışıb. O qeyd edib ki, Həsən Ruhani prezident seçilməmişdən əvvəl iki vəd vermişdi və bununla daha çox dillərə düşmüşdü. Bunlardan biri Urmiya gölünün qurumasının qarşısının alınması, digəri isə türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılması barədə idi: “Bu iki məsələ azərbaycanlıları çox ilgiləndirirdi. Urmiya gölü ilə bağlı məsələ aydındır. Elə dünən Urmiyadan seçilmiş millət vəkili Nadir Qazıpur bu məsələdən danışıb. Deyib ki, Həsən Ruhani hökuməti hakimiyyət başına gələndə Urmiya gölündə 30 faiz su var idi. İndi isə 2 faizə enib. Yəni ki, hökumətin Urmiya gölü ilə bağlı verdiyi vədlər qətiyyən yerinə yetirilməyib. Millət vəkili qeyd edib ki, Urmiya gölünə bir damcı da su əlavə olunmayıb. Ona görə də azərbaycanlılar bu mövzuda narahatdırlar. Türk dili və ədəbiyyatı mərkəzinin yaradılması məsələsinə gəldikdə isə onu da tərsinə həyata keçirdilər. Bir neçə ay öncə Ruhani Təbrizə gələndə ”Azərbaycanın incəsənət və mədəniyyət mərkəzi" adlı bir mərkəzin açılışını həyata keçirdilər. Həmin mərkəzin adında türk dili sözü işlətmədilər. Azərbaycan sözü işlətdilər. Bunlar hər zaman bu cür saxtalaşdırmaya gedirlər. Guya ki, biz türk deyilik. Beləliklə, saxta bir mərkəz yaratdılar və bu da kimsəni qane etmədi. Bu nöqteyi-nəzərdən Azərbyacan türkləri fikirləşirlər ki, Həsən Ruhaninin Azərbaycan türklərinə verdiyi söz yerinə yetirilməyib. Yəni, bu cür etirazçı mövqedədirlər".
N.Soytürk, həmçinin bildirib ki, Güney Azərbaycan İranın digər hissələri kimi, bəlkə onlardan da bir qədər çox iqtisadi baxımdan əziyyət çəkir: “İqtisadi problemlər son illərdə bir qədər də şiddətləndiyinə görə, insanlar İranın nüvə proqramı kimi məsələlərdə razılığın əldə olunmasında istər-istəməz iqtisadiyyatı ön planda görmək istəyirlər. İqtisadiyyat üzərindən məsələləri təhlil etməyə başlayırlar”.
Səxavət HƏMİD