8 Avqust 2015 10:59
1 308
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat üzvü, qurumun Gənclər Təşkilatının sabiq sədri Tural Abbaslının "Ağ" Blok təsis etməsinin partiyada ciddi etirazla qarşılandığı artıq sirr deyil. Müsavat başqanı Arif Hacılı bildirib ki, partiya üzvünün təşkilatdan kənarda hər hansı bir blok yaratması nizamnaməyə ziddir. Bu isə o deməkdir ki, T.Abbaslı bu istiqamətdə fəaliyyətinə davam edərsə, yaxın gələcəkdə Müsavat sıralarından çıxarılacaq.

Qeyd edək ki, ADP sədri Sərdar Cəlaloğlu da gənclərin siyasi partiyalardan ayrılaraq hansısa qurumlar yaratmasını uğurlu addım hesab etməyib. Deyib ki, indiyə qədər bəzi gənclər siyasi qurumlar yaratsalar da, təcrübə olmadığı səbəbindən ciddi nailiyyət əldə etməyiblər.

Müsavatdan faktiki olaraq imtina edərək "Ağ" Blok quran Tural Abbaslı isə bütün bunların siyasi qısqanclıqdan doğduğunu düşünür. O hesab edir ki, S.Cəlaloğlunun blok haqqında düşüncələri sadəcə nonsensdir. Onun fikrincə, ADP sədri siyasi təhlildən, analizdən daha çox siyasi qısqanclıq, sanki özü və özü yaşda olan siyasətçilərin karyerasına gələn təhlükəyə münasibət bildirib: "Sərdar Cəlaloğlunun nonsens dediyi məsələlər bütün dünya praktikasında olub. Ən yaxın tarixdə Ərdoğan və Abdullah Gülün Nəcməddin Ərbakanın partiyasından, "Rifah"dan ayrılıb öz partiyalarını qurmaları və cəmi iki il kimi qısa müddətdən sonra hakimiyyətə gəlmələri faktı var. Bu gün Avropa dövlətlərinə baxsaq görərik ki, onlarda baş nazirlərdən çoxusunun yaşı 35-40 arasındadır. Yaş məsələsi bu qədər önəmlidirsə, Sərdar Cəlaloğlu öz və fəxr etdiklərinin Milli Azadlıq hərəkatı dönəmindəki yaşlarını xatırlasın. O zaman Sərdar Calaloğlu və Milli Azadlıq hərəkatının önündə olanların çoxu bizim indiki yaşımızdan 5-6 yaş kiçik və bizdən 10-12 il siyasi cəhətdən təcrübəsiz idilər. 22 ildə keçirilən seçkilərdə adi bələdiyyə seçkilərində belə uğur əldə edə bilməyən sektoru təmsil edən siyasətçinin belə iddialı danışması təəccüblüdür. Biz uğur əldə edə də, etməyə də bilərik. Ancaq bizim "22 il də müxalifətdə qalacağıq" deyə bir fikrimiz yoxdur. Sərdar Cəlaloğlunun təriflədiyi, içi özü qarışıq siyasətçilər 22 ildir ki, müxalifətdədirlər və heç bir uğurları yoxdur. Biz necə addım atdığımızı gözəl bilirik, üstümüzü unlu görüb, adımızı dəyirmançı qoymağa cəhd etməsinlər".

T.Abbaslı qeyd edib ki, onlar istəmirlər ki, yaşlı siyasətçilərlə qarşıdurmaya getsinlər: "Biz işimizi görüb, başımızı aşağı salıb təbliğatımızla məşğuluq. Biz yeni bir xətt açmağa çalışırıq. "Müxalifət" sözünün uğursuzluqla və yaxud məğlubiyyətlərlə bərabər tutulmayacaq yeni bir uğur modeli axtarırıq. Biz heç kimə müharibə elan etməmişik, əksinə gəncləri proseslərə qoşmağa çalışırıq".

Məlumat üçün qeyd edək ki, avqustun 23-də Tural Abbaslı "Ağ" Bloku rəsmən elan edəcək. Hazırda Abbaslı siyasi partiyalarda olan gənclərlə aktiv danışıqlar aparır. Əldə etdiyimiz məlumata görə, blokun təqdimatı elə ADP-nin qərargahında baş tutacaq. Müsavat Partiyası isə hələlik bu məsələni şişirtmək niyyətində deyil. Ancaq Arif Hacılının qısa və konkret açıqlaması göstərir ki, blok elan olunduqdan dərhal sonra partiyanın Divanı və MNTK-sı T.Abbaslının məsələsini gündəliyə çıxaracaq.

Böyük ehtimalla Abbaslı partiya sıralarından kənarlaşdırılacaq.

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər