28 Avqust 2015 10:30
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmsəddin Hacıyev: “Bu, YAP-ın ciddi rəqiblərinin olmamasının bariz göstəricisidir”

“2015-ci il mühüm siyasi hadisə- V çağırış Milli Məclisə seçkilərlə də yadda qalacaqdır. Düzgün qeyd etdiniz ki, seçki prosesinə hazırlıq uğurun əldə edilməsində həlledici rolu oynayır. Lakin seçki prosesinə hazırlıq yalnız seçki ilində təbliğat və təşviqat kampaniyaları ilə məhdudlaşmır və eləcə də, seçkiyə qədərki hesabat dövründə görülən işlərin, əldə edilən nailiyyətlərin miqyası və əhəmiyyətini də əhatə edir. Məhz məsələyə bu kontekstdən yanaşdıqda, seçkilərdə Yeni Azərbaycan Partiyasının bir daha parlaq qələbə qazanacağına heç bir şübhə yeri qalmır”.

Bunu Milli Məclisin təhsil komitəsinin Şəmsəddin Hacıyev deyib. Onun fikrincə, 22 illik müstəqillik dövründə həyata keçirilən uğurlu siyasət, qazanılan əzəmətli uğurlar nəticəsində hər zaman YAP-ın seçki ərəfəsində irəli sürdüyü platformanın xalq tərəfindən böyük inam və etimad hissi ilə qarşılanması məntiqlidir, seçkilərdə qələbəsi gözləniləndir və birmənalıdır: “İndiyə qədər nəinki ölkənin sosial, siyasi, iqtisadi və mədəni həyatında konstruktiv mövqe nümayiş etdirməyən, hətta öz partiyaları daxilində həmrəyliyə və birliyə nail ola bilməyən müxalifət partiyalarının gələcək üçün heç bir reallığa uyğun gəlməyən söz və vədlərinə xalqın haqlı olaraq inamının itməsi siyasi arenada YAP-ın ciddi rəqiblərinin olmamasının bariz göstəricisidir. Bununla belə, hər bir seçkidə olduğu kimi, parlament seçkilərində də Yeni Azərbaycan Partiyası mütəşəkkil qaydada, ildən-ilə təkmilləşdirilmiş fəal seçki kampaniyası aparıb. Məhz sadalanan amillərin nəticəsidir ki, partiyamız bütün seçkilər zamanı əldə etdiyi nəticələri daha da yaxşılaşdırmış və yüksəltmişdir. Məsələn, 2005-ci illə müqayisədə 2010-cu il parlament seçkilərində Yeni Azərbaycan Partiyası Milli Məclisdə əlavə 8 yer qazanaraq 72 millət vəkili ilə təmsil olunmaq hüququ əldə etmişdir. Təbii ki, noyabr ayında keçiriləcək növbəti parlament seçkilərinə də partiyamız ciddi şəkildə hazırlaşır. O cümlədən, YAP Səbail rayon təşkilatında da seçkilərlə əlaqədar qərargah yaradılıb və üzvlər arasında iş bölgüsü aparılıb. Məlumat üçün qeyd edirəm ki, rayon təşkilatımız 38 mindən çox seçicini və 30 seçki məntəqəsini əhatə edən 29 saylı Səbail və 31 seçki məntəqəsini əhatə edən 23 saylı Nəsimi-Səbail seçki dairələri üzrə fəaliyyət göstərəcəkdir. Bu zaman seçki dairəsi və məntəqələr üzrə komissiya üzvlərinin və müşahidəçilərin müəyyənləşdirilməsi və müvafiq treninqlərin keçirilməsi, seçici imzalarının toplanması, qadınların və gənclərin seçki kampaniyasına fəal cəlb olunması, seçkini poza biləcək təbliğat kampaniyalarına qarşı əks təbliğat işlərinin gücləndirilməsi, sosial şəbəkələrin imkanlarından geniş istifadə olunması və s. istiqamətlərdə tədbirlərin görülməsinə xüsusi əhəmiyyət veriləcəkdir. Əsas vəzifə seçkilərin şəffaf, obyektiv və demokratik əsaslarla keçirilməsi üçün lazım olan bütün şəraitin yaradılmasından ibarət olacaqdır. Əminik ki, YAP Səbail rayon təşkilatı seçki kampaniyası zamanı mütəşəkkil və effektiv fəaliyyət göstərəcək və seçkilərdə qələbənin təmin edilməsi işinə öz töhfəsini verəcəkdir”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər