1 Sentyabr 2015 15:09
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 1-də keçiriləcək parlament seçkilərində "exit-poll" keçirmək niyyətində olan təşkilatlar akkreditasiya üçün sənədlərini oktyabrın 12-dək Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.

"Exit-poll" keçirmək niyyətində olan təşkilatların MSK-ya yazılı müraciətinə təşkilatın hüquqi şəxs kimi qeydiyyatdan keçməsi barədə sənədin notariat qaydasında təsdiq olunmuş surəti, təşkilatın "exit-poll" keçirərkən tətbiq edəcəyi qaydalar, üsullar, resurslar haqqında yazılı məlumat əlavə olunmalıdır.

Hər bir yazılı müraciətə daxil olduğu gündən başlayaraq 10 gün müddətində MSK tərəfindən baxılmalı, müraciətlə birgə təqdim olunmuş sənədlər araşdırılmalı və müvafiq təşkilatın akkreditasiyadan keçib-keçməməsi barədə əsaslandırılmış qərar qəbul edilməlidir. MSK səsvermə gününə ən azı 10 gün qalmışadək, yəni oktyabrın 22-dək "exit-poll" keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul edəcək və oktyabrın 22-dək bu proses yekunlaşacaq.

"Azərbaycan Respublikasında seçkilərdə "exit-poll" keçirən təşkilatların akkreditasiyası Qaydaları"na əsasən bu sahədə ixtisaslaşmış, müvafiq təcrübəyə malik və nüfuzlu hüquqi şəxslər "exit-poll" keçirən təşkilat kimi çıxış edə bilər.

2013-cü ildə keçirilən prezident seçkilərində "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, "Proqnoz" Müstəqil Sosioloji Tədqiqatlar Mərkəzi və "Konstitusiya" Araşdırmaları Fondu "exit-poll" tədqiqatı həyata keçiriblər. Bəs görəsən bu il necə, həmin təşkilatlar "exit-poll" tədqiqatı reallaşdıracaqlarmı? Bu sualla "Konstitusiya" Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyevə müraciət etdik. Onun sözlərinə görə, Fond prezident, parlament seçkiləri zamanı bu funksiyaları həyata keçirib: "Təsadüfi deyil ki, 2013-cü ildə Azərbaycanda mütəşəkkil qaydada "exit-poll" keçirən təşkilatlardan biri də "Konstitusiya" Araşdırmalar Fondu olub. Biz Fransanın "Opinion Way" Tədqiqat Şirkəti ilə birlikdə 60-dan yuxarı dairədə "exit-poll" həyata keçirdik. Məhz ötən prezident seçkilərində demək olar ki, həyata keçirdiyimiz "exit-poll" ölkəni tam əhatə etmişdi. Seçicilər həvəslə bu tədqiqat zamandı bizim intervüerlərə öz etmidalarını bildirirdilər. Çünki bu, çox vacib məsələdir, ona görə ki, məhz "exit-poll"u hansı təşkilatın keçirməsi mühüm amildir. Düşünürük ki, bu il də "exit-poll"da iştirak edək. Əlbəttə bununla bağlı bir sıra texniki işlər var. Xüsusilə, resusrsların bu prosesə cəlb edilməsi ilə bağlı müxtəlif yerli təşkilatlarla müəyyən danışıqlar aparırıq. Çünki bu tədqiqat böyük həm insan, həm maliyyə resusrlarının cəlb edilməsini özündə əks etdirir. Eyni zamanda burada texniki resursların cəlb edilməsi məsələləri var ki, bütün bunların hamısı kompleks şəkildə həyata keçirilməlidir. Qeyd edim ki, bəzi xarici təşkilatlarla da bu istiqamətdə danışıqlar gedir. Yəqin ki, xarici təşkilat bizə texniki dəstək formasında bu prosesdə iştirak edəcək. Əgər apardığımız danışıqlar uğurla alınacaqsa, "exit-poll"un həyata keçirilməsi prosesində iştirak edəcəyik və müşahidə prosesini də qurmağa çalışacağıq. Biz çalışacağıq ki, resursların bu prosesə cəlb edilməsi ilə bağlı işimizi daha da operativləşdirək və iştirak edək".

Parlament seçkilərində iştirak etmək niyyətində olduğunu qeyd edən Ə.Nuriyev deyib ki, bu baxımdan fond iki istiqamətdə fəaliyyət həyata keçirmək barədə düşünür: "Namizəd olacağım dairədən təşkilatımız hər hansı bir formada "exit-poll" keçirə bilməz. Çünki burada maraqlar toqquşması ola bilər və biz bunu gələcək fəaliyyətimizdə diqqətə alacağıq. Amma bütövlükdə bu prosesdə iştirak etmək barədə niyyətliyik. "Exit-poll" həm də seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsinin əlamətlərindən biri kimi də dəyərləndirilə bilər. Əlbəttə, Azərbaycanda azad, ədalətli seçkilərin keçirilməsi bir məqsəddir. Bu sahədə siyasi iradədə var. Bundan əvvəlki seçkilərdə də bu istiqamətdə addımlar atılıb və bundan sonra da bu proses davam edəcəkdir. Çalışmaq lazımdır ki, seçkinin bütün komponentlərinin seçkidə tətbiqi prosesinə nail olaq. Bu tətbiqi proseslərindən biri də "exit-poll", müşahidəçi institutunun geniş miqyasda həyata keçirilməsi ilə bağlı olan məsələlərdir. Güman edirəm ki, bütün təşkilatlar bu işdə töhvə verməyə çalışacaqdır".

BƏXTİYAR


Müəllif: