2 Sentyabr 2015 12:05
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

AXCP sədri Əli Kərimlini dəstəkləyən fəallar AXCP-nin Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsində cəmləşən narazılarla düşmən həddinə çatıb.

Hazırda AXCP sədri Əli Kərimlidən narazı qalan qrup onun istefasını tələb edir. Narazılar həmçinin rayonlarda AXCP-nin paralel strukturlarını yaradır və sentyabrın sonuna qurultay keçirəcəklərini bəyan edirlər. Narazılar artıq cebhe.info saytını yaradıblar. Bu, eyni zamanda, partiyanın rəsmi internet səhifəsi kimi də fəaliyyətdə olacaq. Narazılar həmçinin gündəlik qəzet də çap edəcəklərini bəyan ediblər. Narazılar bununla da, gerçək AXCP-nin məhz onlar olduğunu ifadə etməyə çalışır və informasiya resursları sahəsində irəli çıxmaq istəyirlər.

Qeyd edək ki, AXCP-nin rəsmi veb səhifəsi olsa da, hazırda bu səhifə fəaliyyət göstərmir.
Narazıların cəmləşdiyi Etimad Qurultayı üzrə Təşkilat Komitəsinin üzvü Eltural Mürsəlzadə qarşı tərəfi kəskin tənqid edib: “Onlar AXCP-nin olmadığını, dağıldığını, Əli Kərimlinin siyasi arenada çoxdan bitdiyini hiss edə bilmirlər. Səbəb isə çox sadədir. Əli Kərimli bu insanları mümkün olduğundan da çox zombiləşdirib, sərbəst düşünmək qabiliyyətini əllərindən alıb, bədbəxtliyi bu insanların düşüncə tərzinə çevirib. Mən ara-sıra bu insanlara baxıb çox təəssüflənirəm. Mağazalara 4-5 min borcu olan belələri bu məntiqlə yaşayırlar, düşünürlər ki, Əli Kərimli prezident olacaq, bunlar da deputat və ya icra başçısı təyin ediləcək. Bundan sonra isə borclarını qaytaracaqlar, yaxşı yaşayacaqlar”.

Təşkilat Komitəsinin üzvü qarşı tərəfin mədəni diskussiya apara bilmədiyini də qeyd edib: “Guya siyasi söhbət edirlər, ancaq az qala kriminal söhbətlərə keçiblər. Ancaq məsələ siyasidir-siyasət fikir müxtəlifliyi və sərbəstliyidir. Çünki deməyə sözləri yoxdur. Bu səbəbdən də, təbii ki, kriminal söhbət edəcəklər”.

Təşkilat Komitəsinin digər üzvü Cavid Musazadə isə deyib ki, şər-böhtan, söyüş maşını onların təmkinli, mədəni siyasi mübarizəmizin qarşısında acizdir: “Məğlub olmağa məhkum oldular. Dostlar mitinqlə bağlı suallar verirlər. Cavabım budur. Biz real güc ortaya qoyub gücümüzə uyğun olaraq qərarlar qəbul edəcəyik”.

AXCP fəalı, müstəqil və tənqidi fikirlərinə görə, partiya rəhbərliyinin günahına tuş gələn Dəyanət Babayev isə bəyan edib ki, bir neçə gün öncə AXCP-nin Nərimanov şöbəsi Məclisinin üzvü Mikayıl Quliyev Əli Kərimlinin sərəncamsız müşaviri Məmməd İbrahimin xırdavat satdığı dükanda onun kompüterindən istifadə edib: “Sonradan bəlli olub ki, Mikayıl Quliyevin sosial şəbəkədə olan profilinin parolu da kompüterin yaddaşında qalıb. İndi Mikayıl Quliyevin adından bir neçə nəfərə məktub yazılıb, eləcə də bir xanım təhqir edilib. Onun adından kimə yazı getsə, bilin ki, bu, İlqar Quliyev deyil.
AXCP rəhbərliyindən narazı olan Səbuhi Aslanbəyli isə bildirib ki, Natiq Ədilov Fransadan hər gün bizi satqınçılıqda suçlayır: “Ancaq düşünmür ki, bizlər nəyin mücadiləsini aparırıq. Amma onu da bilir ki, biz heç zaman lider axtarışında olmamışıq. Biz əqidə adamlarıyıq. Ona görə də bizim yolumuz var, mübarizəmiz var, lider seçmirik. Sizlər bizə dünənə kimi Seymur Həzinin komandası kimi baxırdınız. Sizin üçün dostluq liderlikdir? İndi də haqqımızda başqa cür danışırsınız. Siz böhtanla, yalanla, dostlarınıza şər atmaqla öz sonunuzu hazirlayırsız!”.

Sahib Kərimli də narazılara qoşulacaq.

Maraqlı məqamlardan biri də AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimlinin partiya daxilində yaranan durumla bağlı susması, ümumiyyətlə, görünməməsidir. Bəzi xəbərlərə görə, artıq Sahib Kərimli də narazılara qoşulmaq niyyətindədir. Bununla bağlı konkret addım olmasa da, onun danışıqlar apardığı deyilir. Əgər danışıqlar uğurla nəticələnsə, S.Kərimli cəbhəni dəyişərək narazılara qoşulacaq.

Qeyd edək ki, AXCP adına iddia edən hər iki tərəf konfranslar keçirib qurultay keçirməyə hazırlaşır.

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər