3 Sentyabr 2015 23:15
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akif Nağı: “Çalışırlar ki, işğal faktını adiləşdirsənlər”

Ermənistan prezidenti Serj Sarkisyan işğal olunmuş Azərbaycan ərazisi - Dağlıq Qarabağa səfər edib. Ermənistan tərəfi onun səfərinin qondarma Dağlıq Qarabağ rejiminin “müstəqilliyinin” elan olunmasının 24 illiyinə həsr olunmuş tədbirlərdə iştirakı ilə bağlı olduğunu qeyd edib.

Məsələyə münasibət bildirən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib ki, bu kimi səfərlər beynəlxalq təşkilatların və Ermənistanın birgə həyata keçirdiyi siyasətin bir hissəsidir.

Onun sözlərinə görə, onlar çalışırlar ki, işğal faktını adiləşdirsənlər: “Eləcə də, Azərbaycan cəmiyyətini buna alışdırsınlar, beynəlxalq ictimaiyyətə də bunu yeritsinlər. Ona görə də Ermənistan tərəfi belə səfərləri beynəlxalq təşkilatların razılığı ilə həyata keçirir. Beynəlxalq təşkilatlar yaxşı bilirlər ki, bu, düzgün deyil, danışıqlar prosesinə mənfi təsir göstərir, keçirilən görüşlərə uyğun gəlmir. Amma göz yumurlar və məqsəd də ondan ibarətdir ki, işğal faktı ilə Azərbaycan cəmiyyəti razılaşsın və dünya da qəbul eləsin. Bunun qarşısını almaq üçün danışıqlar zamanı Azərbaycan konkret şərt qoymalıdır. Prezidentlərin sonuncu görüşü Nyu-Yorkda olmalı idi, amma alınmadı. Lakin yaxın vaxtlarda haradasa belə bir görüşün baş tutacağı gözlənilir. Hesab edirəm ki, belə görüşlər zamanı şərt qoyulmalıdır ki, siz məsələnin danışıqlar yolu ilə həllinə çalışırsınız, amma Ermənistanın terrorçu prezidenti öz ərazisi kimi Qarabağa gedir, qondarma rejimin yubileyi keçirilir, bələdiyyə seçkiləri keçirməyə hazırlaşırlar və sair. Bu təmamilə bütün qanunlara, münasibətlərə ziddir. Çıxış yolu isə ondan ibarətdir ki, Azərbaycan bu məsələni bütün səviyyələrdə keçirdiyi görüşlərdə, o cümlədən Minsk qrupu çərçivəsində şərt şəkildə ortaya qoymalıdır.

Məsələnin düzgün həlli isə Azərbaycan Ordusunun torpaqları azad etməsidir. Ondan sonra ermənilərin bu oyununa birdəfəlik son qoyulacaq”.

Şuşada Ermənistan Dövlət Aqrar Universiteti filialının açılışı ilə bağlı məsələyə toxunan A.Nağı deyib ki, torpaq onların ixtiyarında olduğu kimi universitet açırlar, Ağdərədə hərbi akademiya tikmək istəyirlər, Rusiyanın məşhur opera ifaçısı Lyubov Kazarnovskaya pul verib oxutdururlar, yaxud German Sterlikovu gətirib oyunbazlıq edirlər: “Çünki torpaq onların nəzarətindədir və belə hərəkətlərlə öz məqsədlərinə nail olmağa çalışırlar. Amma bu cür cılız addımlarla ermənilər istəklərinə nail ola bilməyəcəklər. Yəni, torpaqların ixtiyarı onlarda olmayacaq, Azərbaycan bütün işğal olunmuş ərazilərini geri qaytaracaq. Bizim bu məsələlərlə bağlı mövqeyimiz ortadadır.

Borrusiya Dortmunt komandasının erməni əsilli oyunçusu ilə bağlı bəyanatımız da oldu. Bəyanatımızı Xarici İşlər Nazirliyinə, həmin futbol komandasının rəhbərliyinə ünvanladıq. Eyni zamanda futbol komandasının rəhbərliyinə alman dilində müraciət edəcəyik ki, Azərbaycan cəmiyyətinin heysiyyatı ilə oynamasınlar. Biz erməni əsilli oyunçunun Bakıya gəlməsi ilə bağ Xarici İşlər Nazirliyinin qarşısında və digər yerlərdə aksiyalar keçirməyi də düşünürük. Öz etirazımızı bildiririk, amma buna reaksiya verirlər ya yox, bu artıq başqa məsələdir”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər