“Çalışacağam ki, “Azadlıq-2015” bloku daxilində parlament seçkilərində iştirakla bağlı tərəddüdlər aradan qalxsın və blok bütöv şəkildə seçkilərə qatılsın”. Bunu Trend-ə “Azadlıq-2015” blokunda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev blok daxilində seçkilərdə iştirakla bağlı müzakirələri şərh edərkən deyib.
Ə.Əliyev bildirib ki, “Azadlıq-2015” blokunun ümumulikdə 70-dən artıq namizədi var: “Blokda namizəd sayına görə bizim partiya ikinci siyasi təşkilatdır. Bizim artıq 24 namizədimiz dairə seçki komissiyalarına müraciət edib. Biz israrlıyıq ki, blok bütöv halda seçkilərdə iştirak etsin, güclər təmərküzləşin və bizim qeyd etdiyimiz sayda olan namizədlərimiz özlərini seçki prosesində sınasınlar”.
VİP sədri bildirib ki, siyasi mübarizənin ən qabarıq prosesi məhz seçkilərdir: “Ona görə biz partiya olaraq çalışacağıq ki, blok seçkilərdə iştirak qərarı versin və siyasi mübarizənin qanuni yollarından istifadə etsin. Amma blok yeddi partiyadan ibarətdir, kimin fərdi qərarı nə olacaqsa, öz işidir. Mən partiya sədri, blokun həmsədrlər şurasının üzvü olaraq bu günə qədər seçki prosesinin gedişinə ciddi müdaxiləni görməmişəm. Hansısa kiçik məmurun qanunu bilməməsindən, şəxsi maraqlarını güdməsindən irəli gələn problemlər çıxıb ortaya, onlar da Mərkəzi Seçki Komissiyasının müdaxiləsi ilə aradan qalxıb. Mərkəzləşdirilmiş qaydada siyasi proseslərə müdaxiləni görməmişəm. Ona görə də seçki prosesində ciddi qanun pozuntularından danışmağın yeri yoxdur. Ümidvaram ki, sona qədər proseslər belə davam edəcək, həm bizim partiya öz mövqeyində qalacaq, həm də blokda olan tərəddüdlər aradan qalxacaq və blok bütöv halda seçkilərə qatılacaq”.
Ə.Əliyev bildirib ki, qarşıdan gələn parlament seçkiləri sədrlik etdiyi partiyanın iştirak etdiyi ikinci böyük seçkidir: “Maraqlıyam ki, bu beş il ərzində namizədlərimizin işlərinin qiymətləndirilməsi üçün bu proseslərə qatılaq. Partiyanın və blokun daxili müzakirələrində seçkilərdə iştirakın tərəfdarı olaraq çıxış edirəm. Çalışacağam ki, partiyamızın mövqeyi bloka da sirayət etsin. Blok daxilində seçkiləri qəti boykot tərəfdarı olan görməmişəm. Tərəddüdləri olan adamların tərəddüdlərinin aradan qalxması üçün əlimizdən gələni edəcəyik ki, blok bütöv halda seçkilərə qatılsın. Blokda təmsil olunan partiyalar bir ildən artıqdır ki, hakimiyyətlə dialoqun tərəfi olub. Blokda birgə fəaliyyət göstərib, indi də seçkilərə birgə qatılıran yeganə siyasi partiyalar blokuyuq. Bu baxımdan blokun əməkdaşlığının davam etməsi, partiyaların bir yerdə olması bizim üçün vacibdir”.
Ə.Əliyev blokda təmsil olunan partiyaların hansı qərar verməsindən asılı olmayarq seçkilərdə iştirak etməkdə qərarlı olduqlarını bildirib: “Qanunvericilik belə nəzərdə tutur ki, blok MSK-da qeydiyyatdan keçdikdən sonra kimlərin prosesdən imtina etməsindən asılı olmayaraq, fəaliyyətini davam etdirəcək. Hətta orada bir partiya qalsa belə, həmin blok adından çıxış etmək səlahiyyətinə malikdir. Bu günə olan mövqeyimiz budur ki, hətta blokda sonuncu qalsaq da, blokun təmsilçisi olaraq seçkilərdə iştirak edək. Çünki namizədlərimiz çoxdur, coğrafiyamız genişdir və ona görə də çalışırıq ki, bu namizədləri seçkilərdə sınayaq”.