8 Oktyabr 2015 18:01
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İnsan haqları məsələləri üzrə birgə işçi qrupu bundan sonra da fəaliyyət göstərəcək".

Bunu Teleqraf.com-a açıqlamasında işçi qrupunun üzvü, hüquq müdafiəçisi Səidə Qocamanlı bildirib. Onun sözlərinə görə, işçi qrupunun fəaliyyəti 2014-cü ildə Avropa Şurasının baş katibi Torbyorn Yaqland ilə prezident İlham Əliyev arasında keçirilən görüşdən sonra bərpa edilib: "Biz Strasburqda dəfələrlə Yaqlandla görüşüb vətəndaş cəmiyyətilə hökumət arasında dialoqun olması təklifi ilə çıxış etmişik. Problem yalnız qarşılıqlı əməkdaşlıq, dialoqla həll oluna bilər. Yaqland Bakıya gələndə bu məsələ müzakirə olundu və nəhayət həllini tapdı. İşçi qrupunuda hökumət və QHT nümayəndələri ilə yanaşı Yaqlandın nümayəndəsi də müşahidəçi statusunda iştirak edirdi. Müşahidəçi bizim fəaliyyətimizi izləyib, bu barədə mərkəzə məlumat göndərirdi. Onun fəaliyyətimizlə bağlı təəssüratları müsbət idi. İşçi Qrupu təkcə siyasi məhbus məsələsilə məşğul olmurdu, insan haqlarını əhatə edən bütün məsələləri müzakirə edirdik. Dialoq aparmaq o qədər də asan deyil. Bir-birini dinləmək, güzəştə getmək mədəniyyəti olmalıdır. Biz hökumət nümayəndələri ilə dil tapıb, problemlərin birgə həllinə nail ola bildik. İndi vəziyyət elə gətirib ki, Yaqlandın nümayəndəsi daha bizim iclaslarda oturmayacaq. Amma bu, o demək deyil ki, biz fəaliyyətimizi dayandıracağıq. Birgə işçi qrupu bundan sonra da fəaliyyətini davam etdirəcək. Birgə işçi qrupu konstruktiv dialoqun aparılmasının bir nümunəsidir".

S.Qocamanlı hesab edir ki, bundan sonra Avropa Şurası ilə Azərbaycan arasında münasibətlər gərginləşməyəcək: "İnanmıram ki, münasibətlər getdikcə pisləşsin. Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvüdür və hökumət üzərinə götürdüyü öhdəliklərin icrasına cavabdehdir. Biz bu qurumla əməkdaşlığımızı davam etdirəcəyik. Bizim Qarabağ kimi problemimiz var, həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıyıq. Yaxşı olardı ki, Yaqland daha çox bu məsələyə diqqət yetirsin. Yoxsa hər dəfə yalnız siyasi məhbus məsələsini gündəmə gətirməklə, uzunçuluq etmək heç kəsə başucalığı gətirmir".

Qeyd edək ki, Avropa Şurası Azərbaycanda insan haqları məsələləri üzrə birgə işçi qrupdan çıxıb. Səbəb kimi, Azərbaycanda insan haqlarının durumu göstərilib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər