15 Fevral 2016 14:36
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya dövlətləri Suriyada atəşkəsin təmin edilməsini vacib saysalar da, ölkədə hərbi əməliyyatlar səngimək bilmir. İŞİD, Azad Suriya Ordusu, kürd silahlıları və Əsəd ordusu müharibəni davam etdirirlər. Bu arada Türkiyə qonşu ölkənin ərazisinə hava zərbələri endirib. Suriyadakı proseslərlə bağlı Teleqraf.com-un sualarını politoloq Zərdüşt Əlizadə cavablandırır.

- Zərdüşt bəy, artıq 4 ildir ki, Suriyada müharibə davam edir. Bu müddət ərzində ölkədə nə üçün sabitliyi bərpa etmək mümkün olmayıb?
- Beynəlxalq qüvvələr Suriyadan əllərini çəksələr, ölkədə məğlub tərəf tezliklə müəyyənləşə bilər. Suriyada vuruşan tərəflərə kənardan dəstək verildiyi üçün məğlub və qalib gələnlər olmur. Demokratik Qərb dövlətləri və mürtəce ərəb ölkələri yaraqlıları, Rusiya və İran isə Əsəd rejimini dəstəkləyir. Bəşər Əsəd ordunun və ona verilən xarici dəstəyin köməyi ilə müəyyən hərbi uğurlar əldə edib. Amma müharibənin nə vaxt bitəcəyini söyləmək çətindir. Fakt odur ki, daxildə və xaricdə xeyli qüvvə var ki, Suriyada sabitliyin olmasında maraqlı deyillər.

- Hazırda Qərb, Rusiya və Türkiyə Suriyaya hava zərbələri endirirlər. Yaxın vaxtlarda burada quru əməliyyatları keçirilməsini gözləmək olarmı?
- Quru əməliyyatlar aparılsa, Suriyada müharibə daha da dərinləşəcək və müddəti uzanacaq. Vaxtilə SSRİ Əfqanıstanda, ABŞ isə Vyetnamda quru əməliyyatları aparmışdılar və məğlubiyyətə uğramışdılar. Quru əməliyyatlar olsa Rusiya, Türkiyə, bəzi Qərb ölkələri Suriyada üz-üzə gələ bilərlər. Ona görə də quru əməliyyatlarının olacağına inanmıram.

- Türkiyənin birdən-birə Suriyaya hava zərbələri endirməsi nə ilə bağlıdır?
- Türkiyə Suriyadakı proseslərdə aktiv iştirak edə bilmirdi. Çünki Rusiya buna imkan vermirdi. Ankara gördü ki, Kremlin dəstəyindən yararlanan kürdlər döyüşə-döyüşə yeni ərazilər alır və Türkiyənin sərhəddinə yaxınlaşırlar. Rusiya kürdlərə ona görə dəstək verir ki, onlar Əsəd hakimiyyətini dəstəkləyirlər. Türkiyə isə kürdlərin hərbi uğurlarından ona görə narahatdır ki, qonşuluğunda yeni dövlətin yaradılma ehtimalı böyüyür. Artıq İraqda kürd muxtariyyətı mövcuddur. Suriya kürdləri də İraq kürdlərilə birləşərsə, Türkiyədəki kürdlər real gücə çevriləcəklər. Bu mənada Türkiyənin narahatlığı başadüşüləndir. Kürdlərə Qərb dövlətləri də dəstək verir, onlara təlimlər keçirlər.

- İddia olunur ki, Rusiya İŞİD-i deyil, müxalifəti vurur. Nə üçün Rusiya Əsədə qarşı olan bütün qüvvələrə zərbələr endirir?
- Rusiya üçün İŞİD ilə müxalifətin fərqi yoxdur. Əsədi devirmək istəyən bütün qüvvələr Rusiyanın hədəfindədir. Kreml yaxşı başa düşür ki, Əsəd devriləndən sonra Qərb Rusiya ilə məşğul olmağa başlayacaq. Odur ki, indidən proflaktik tədbirlər görür.

- Sizcə, Əsəd əvvəlki Suriyanı bərpa edə biləcəkmi?
- Bəşər Əsədin ölkə daxilində gücü hakim zümrədir. Ordu da onu müdafiə edir. 4 ildir ki, müxalifətlə, terrorçularla, xarici qüvvələrlə mübarizə aparır, amma təslim olmur. Rusiyanın dəstəyindən sonra Əsədin qələbə qazanacağı istisna deyil.

- İddia olunur ki, Rusiya Suriyada geniş hərbi əməliyyatlar apamaqla Avropaya miqrant axınına və bu üzdən yeni böhranın yaranmasına şərait yaradır. Bu iddialar nə dərəcədə ağlabatandır?
- Rusiya Suriya məsələsinə qarışmırdı. Demokratik Qərb və mürtəce ərəb ölkələri Suriya müxalifətinə pul, silah, informasiya dəstəyi verib Əsədə qarşı qaldırdılar. Yüz minlərlə insan ev-eşiyini tərk edib Türkiyə və Qərb dövlətlərinə üz tutdular. Rusiyanın hərbi əməliyyatlarından sonra miqrant axını bir qədər də gücləndi. Miqrant axınını yalnız Rusiya ilə bağlamaq düzgün olmazdı. Suriyalıların ölkəni tərk etməsində, əlbəttə ki, Əsəd hakimiyyətinin də günahı var, amma demokratik Qərb dövlətləri, mürtəce ərəb ölkələri və Rusiyanın da burada təqsiri az deyil. Əgər bu gün insanlar Avropaya üz tuturlarsa, bu, onların yürütdükləri siyasətin nəticəsidir. ABŞ və Avropa Suriyanın daxili işlərinə kobud müdaxilə edəndən sonra Rusiya da hərəkətə keçdi.

- İsrail rəsmisi təklif edib ki, Suriya bir neçə yerə bölünsün və ölkə federallaşsın. Bu təklifə münasibətiniz necədir?
- Bu, İsrail üçün xarakterik mövqedir. Onlar istəyirlər ki, ərəb ölkələri daim bir-birini qırsın, parçalanıb zəifləsinlər. Əgər Suriya xalqı ölkənin taleyini həll etməsə yəqin ki, İsrailin arzuları gerçək olacaq.

- Ümumiyyətlə, sizin Suriyanın gələcək taleyi ilə bağlı proqnozunuz nədən ibarətdir?
- Təəssüf ki, mənim proqnozum bədbindir. Bu xəmir hələ çox su aparacaq.

Ruslan


Müəllif:

Oxşar xəbərlər