28 Mart 2016 16:23
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Respublikaçı Alternativ Hərəkatının (REAL) siyasi partiyaya çevrilməsinə münasibət bildirib.

Partiya sədri Modern.az-a açıqlamasında deyib ki, REAL-ın yeni siyasi qüvvə kimi təqdim edilməsi kökündən yanlışdır: “REAL-ın siyasi partiyaya çevrilməsini şişirtmək və burada hansısa yenilik axtarmaq lazım deyil. Kimdir orada yeni qüvvə? REAL sədri, bəyəm, yeni qüvvədir? AMİP-də 90-cı illərdən bəri siyasi proseslərdə iştirak edən şəxs olub. Burada yenilik nədir? Əslində, heç bir yenilik yoxdur. Adını REAL qoymaq yenilik deməkdir ki?”.

S.Cəlaloğlu vurğulayıb ki, REAL partiyaya çevrilsə də, hansısa uğur əldə edəcəyinə inanmır: “REAL-a daxil olan adamları tanıyıram. Onların ictimaiyyətlə işləyib, ətraflarına geniş xalq kütlələri toplamaq şansları yoxdur. Birincisi, ona görə ki, bu gün xalq hərəkatında iştirak etmiş, xalqın içərisindən çıxmış insanlar orada çox azdır. Onların əksəriyyəti xaricdə təhsil almış gənclərdir. Xaricdə təhsil almış məzunlar isə xarici dünyagörüşdən, o fəlsəfədən çıxış edib siyasət yürüdəcəklər. Bu da Azərbaycana heç bir xeyir gətirməyəcək. Çünki Azərbaycan xalqı ilə fransızların, ingilislərin, almanların nə siyasi baxışları, nə də düşüncələri eynidir. İkincisi isə niyə belə bir fikir var ki, REAL əvvəlki ənənəvi partiyaları üstələyə bilər? Bizim 30 illik siyasi təcrübəmiz var. Xalq hərəkatının içindən çıxıb, bura qədər gəlmişik. Necə ola bilər ki, bu gün yaranan təzə partiya 30 illik təcrübəni üstələsin? Hətta uzun müddət fəaliyyət göstərdikdən sonra belə, REAL indiki zəif partiyaların orta səviyyəsinə qalxa bilər. O da hələ işləyə bilsələr, qəbul olunsalar”.

REAL-ın icraçı katibi Natiq Cəfərli Teleqraf.com-a açıqlamasında S.Cəlaloğlunun anti-REAL tezislərini şərh edib. Bildirib ki, ADP sədrinə hörməti olsa da, onun bir sıra mülahizələrini rədd edir: “Sərdar Cəlaloğluna təşəkkür edirəm. Tənqid xatrinə tənqid etsə də, bilməyərəkdən REAL-ı tərif edib. Bizim keyfiyyətli təhsil aldığımızı, savadlı olduğumuzu qeyd edib. Amma nədənsə savadlı insanların xalqdan uzaq olduğunu, xalqın onları qəbul etməyəcəyini iddia edib. Görünür, onun tənqidi burada REAL-a deyil, xalqa ünvanlanır. Bu, ADP sədrindən gözlənilməz addımdır. 30 ildir siyasətlə məşğul olan ADP sədri xalqı bu səviyyəyə endirməməli idi. Onun sözlərindən belə çıxır ki, xalqımız keyfiyyətli təhsil alan, savadlı və bacarıqlı insanları qəbul etmir. Bu cəmiyyətə ünvanlanan tənqiddir. Hesab edirəm ki, Cəlaloğlu bu fikirlərinə aydınlıq gətirməlidir”.

Natiq Cəfərli vurğulayıb ki, Sərdar Cəlaloğlunun “REAL-ın heç bir şansı yoxdur” ifadəsini qəbul etmir: “Müəllim bunu belə əsaslandırır ki, onlar 30 ildir siyasətlə məşğul olurlar. Ancaq ortada 30 il siyasətlə məşğul olub uğur qazanmamaq məsələsi var. Belə çıxır ki, bunların 30 ildə apardığı mübarizənin nəticəsi yoxdur. Cəlaloğlunun təbrincə desək, əgər xalqa yaxın olsaydılar, qəbul olunsaydılar, yəqin ki, uğurları ola bilərdi. Amma bu baş verməyibsə, məntiqlə xalqımız ənənəvi müxalifətin siyasətini qəbul etməyib”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər