7 Aprel 2016 14:08
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan ordusunun cəbhə xəttində apardığı hərbi əməliyyatlar aprelin 5-də hər iki ölkənin baş qərargah rəislərinin razılaşması əsasında dayandırıldı.

Bəzi mütəxəssislər hesab edirlər ki, baş qərargah rəislərinin Moskvada əldə etdiyi razılıq Azərbaycanın maraqlarına tam uyğundur.

Onlar hesab edirlər ki, bu razılaşmadan istifadə edərək 1994-cü ilin mayın 12-də Bişkekdə əldə edilən razılaşma protokolunu qüvvədən düşmüş elan etmək olar.

Çünki Bişkekdə müharibənin dayandırılması haqda imzalanan, lakin hüquqi sənəd hesab olunmayan protokolu 7 tərəf imzalayıb.

22 il öncə Bişkekdə imzalanan protokola Milli Məclisin sədri Rəsul Quliyev, Ermənistan Milli Məclisinin sədri Babken Ararktsyan, qondarma Dağlıq Qarabağ separatçılarının nümayəndəsi Karen Baburyan, MDB ölkələri Parlamentlərarası Assambleyanın sədri Vladimir Şumeyko, Qırğızıstan Ali Sovetinin sədri Medetkan Şerimkulov, Rusiya pezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirov və MDB ölkələri Parlamentlərarası Assambleya Şurasının katibliyinin rəhbəri Mixail Krotov imza atıb.

Sonradan Azərbaycan tərəfinin etirazı səbəbindən Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Nizami Bəhmənovun adı sənədə əlavə edilib və imzası qoyulub.

Həmçinin Bişkek protokoluna Azərbaycan tərəfinin ciddi iradından sonra iki düzəliş edilib. Belə ki, protokolunun 5-ci abzasında “tutulmuş ərazilər” sözləri “işğal olunmuş ərazilər” sözləri ilə əvəzlənib, habelə atəşkəsdən sonra cəbhə xəttində yerləşdiriləcək müşahidəçilər ifadəsi isə “beynəlxalq müşahidəçilər missiyası” olması qeyd olunub. Bu protokol əsasında sonradan böyük sülh sazişi imzalanmalı idi. Lakin erməni tərəfinin kompromisə gəlməməsi səbəbindən bu baş vermədi.

İndi mütəxəssislər hesab edirlər ki, Bişkek Protokolunu qüvvədən düşmüş elan etmək və hər iki ölkənin baş qərargah rəislərinin Moskvada əldə etdiyi razılaşmanı əsas götürmək uyğun olardı. Çünki son razılaşmada ancaq Azərbaycan və Ermənistan tərəfi iştirak edib, qondarma Dağlıq Qarabağ rejiminin nümayəndələri bu prosesdən kənarda saxlanılıb. Bu isə münaqişənin Azərbaycan və Ermənistan arasında olduğunu göstərən ən tutarlı arqumentdir.

Tarixçi Rafiq İsmayıl Teleqraf.com-a bildirib ki, 1994-cü ilin mayın 12-də imzalanan Bişkek Protokolu tərəflər arasında gedən müharibənin dayandırılması haqqında sənəddir.

Onun sözlərinə görə, aprelin 5-də Moskvada Azərbaycan və Ermənistan baş qərargah rəisləri arasında əldə edilən razılaşma isə aprelin ilk 5 günündə cəbhədə baş verən hərbi əməliyyatların dayandırılması haqqındadır. Yəni cari hərbi əməliyyatların dayandırılması məsələsində razılıq əldə edilib:

“Moskva razılaşmasının Azərbaycan və Ermənistan baş qərargah rəisləri tərəfindən əldə edilməsi göstərir ki, Dağlıq Qarabağ və ətraf rayonlarda aparılan hərbi əməliyyatlar Qarabağ erməniləri tərəfindən deyil, Ermənistan dövləti tərəfindən həyata keçirilib. Bu baxımdan Moskva razılaşması Azərbaycanın xeyrinədir. Üstəlik aprelin 2-də başlayan döyüşlər zamanı həm media, həm də rəsmi siyasi şəxslərin açıqlamalarında məsələyə “Azərbaycan-Ermənistan” konteksində yanaşılırdı. Yəni Dağlıq Qarabağ erməniləri məsələsi yox idi. Dünya miqyasında de-fakto etiraf olunurdu ki, münaqişənin tərəfləri arasında Dağlıq Qarabağın erməni icması və ya separatçı rejimin adı yoxdur”.

Müsahibimiz bildirib ki, Bişkek sazişi qüvvədən düşməyib: “Sadəcə aprelin 2-də Ermənistan ordusu bu sazişin əksinə olaraq addımlar atıb, Azərbaycan ordusu isə buna layiqli cavab verib. Əslində, Bişkek protokolu ayrı, Moskva razılaşması isə tam ayrı məna daşıyır. Bişkek sazişi o zaman qüvvədən düşə bilər ki, tərəflər arasında hərbi əməliyyatlar bərpa olunsun, müharibə başlansın. Sənəd imzalanarkən onun qüvvədə düşməsi haqda konkret müddət göstərilməyib”.

Nemət


Müəllif:

Oxşar xəbərlər