“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli ilə yazar-publisist Yunus Oğuz arasında mübahisə yaranıb.
Teleqraf.com bildirir ki, mübahisəyə səbəb Yunus Oğuzun sahibi olduğu olaylar.az saytında Gürcüstan azərbaycanlıları ilə bağlı məqalənin işıqlandırılması olub.
Sözügedən məqalədə qeyd olunub ki, cəbhə xəttində baş verən son hadisələrə Borçalıda yaşayan soydaşlarımız münasibət bildirməyib, ən azı bir yerə toplaşaraq ermənilərin hərəkətlərini pisləməyiblər.
Bu yanaşma “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlini və onlarla ziyalının kəskin etirazına səbəb olub.
Məsələ ilə bağlı hətta “Borçalı” Cəmiyyəti bəyanatla çıxış edib. Bəyanatda qeyd edilib ki, adı çəkilən saytı Gürcüstan türklərinin heysiyyatına toxunan, eyni zamanda Azərbaycanın mənəvi birliyinə xələl gətirən yazı dərc edib:
“Guya həm Gürcüstanda, həm də Azərbaycanda yaşayan soydaşlarımız Vətən müharibəsinə biganə qalıblar. Bu cəfəngiyyatın müəllifi isə saytın rəhbəri Yunus Oğuzdur. Telefon açaraq bu yazınının obyektiv gerçəkliyi əks etdirmədiyini və səhifədən götürülməsini istədik. Ancaq qarşı tərəf bundan imtina etdi”.
Zəlimxan Məmmədli: “Telefonda məni təhqir etdi”
Daha sonra Z.Məmmədli iddia edib ki, telefon danışığı zamanı Yunus Oğuz onu təhqir edib. Əlavə edib ki, 2-5 apreldə cəbhədə baş verən hadisələrə Gürcüstan azərbaycanlıları heç bir halda biganə qalmayıb:
“Soydaşlarımız, gürcü dostlarımız və “Borçalı” Cəmiyyəti müharibənin ilk günündən kifayət qədər dövlətçi mövqe sərgiləyib. Bu müharibədə Borçalı da şəhid verib. Hesab edirəm ki, birlik və bərabərliyimizin tələb olunduğu bir zamanda “Gürcüstan azərbaycanlıları niyə susdu” başlıqlı yazı təxribatdır və obyektiv gerçəkliyi əks etdirmir. Biz tələb edirik ki, yazı saytdan yığışdırılsın və müəllifsiz yazının sahibi müəyyənləşdirilsin və izahat verilsin”.
Z.Məmmədli Mətbuat Şurasını sədri Əflatun Amaşova müraciət edərək belə halların birdəfəlik aradan qaldırılması üçün zəruri addımlar atılmasını xahiş edib, hətta Yunus Oğuzun məsuliyyət məsələsini qaldırıb.
Yunus Oğuz: “Gürcüstanda 500 min azərbaycanlı yaşasa da, səsləri çıxmadı”
Teleqraf.com-a açıqlama verən Yunus Oğuz qarşı tərəfin haqsız olduğunu bəyan edib: “Yazılanlar həqiqətdir. Hadisələr artıq başa çatıb. Biz də qeyd etmişik ki, İsraildə, Almaniyada yaşayan azərbaycanlılar dərhal bir yerə toplaşdılar, etiraz etdilər, bildirdilər ki, ermənilər Azərbaycan torpaqlarından rədd olub çıxmalıdırlar. Çünki BMT-nin müvafiq qətnamələri də bunu tələb edir. Təsəvvür edin ki, bu mövqeni İsraildə, Fransada yaşayan soydaşlarımız bəyan etdi, ancaq Gürcüstanda 500 min azərbaycanlı yaşasa da, onların səsi çıxmadı. İndi bu mövqeni ifadə etdiyimizə görə, bizi həbs etməlidirlər?”.
Yunus Oğuz Zəlimxan Məmmədlinin onun həbs edilməsini istəməsi fikrinə də münasibət bildirib: “Mən də istəyərəm ki, Zəlimxan Məmmədlinin arzusu ürəyində qalmasın və məni həbs etsinlər. Axı biz neyləmişik? Yazmışıq ki, hamının səsi çıxdı, amma Gürcüstanda yaşayan soydaşlarımızın səsi çıxmadı. Biz bundan başqa bir söz yazmamışıq. Əslən gürcüstanlı olan bir Azərbaycan vətəndaşı döyüşlər zamanı şəhid olub, özü də Əhmədlidə yaşayıb. Bu şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Biz Azərbaycanda yaşayan Gürcüstan əsilli şəxsləri nəzərdə tutmamışıq, faktiki Borçalı mahalında yaşayan soydaşlarımızı nəzərdə tutmuşuq.
Əslində, Zəlimxan Məmmədli ilə dostluq münasibətimiz var, bir saat əvvəl telefonla danışdıq. Ona da dedim ki, Gürcüstanda yaşayan soydaşlarımızın səsi çıxmır. Mən sevinirəm ki, indi onların səsi çıxdı. Yeri gəlmişkən, Zəlimxan Məmmədlidən savayı daha bir neçə dostum zəng etdi, biz də yazını səhifədən çıxardıq. Ancaq bir daha qeyd edirəm ki, Borçalıda 500 min soydaşımız yaşayır. Onlar sadəcə olaraq toplaşaraq etirazlarını bildirmək imkanında ola bilərdirlər. Buna görə, bizə qarşı gəlmək, həbsimizi tələb etmək əsassız və yersizdir. Ancaq həbsimizi istəyirlərsə, buna hazırıq. Bakıda fəaliyyət göstərən fərqli təşkilatlar bəyan edirlər ki, Gürcüstanda 50 min üzvləri var və s. Ancaq belə anlarda ortada bir şey olmur”.
Cavidan