Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Avropa Parlamentinin ən böyük fraksiyası olan Avropa Xalq Partiyasının (EPP) Siyasi Assambleyası tərəfindən “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təcili qətnamə”sinə etiraz edib.
Teleqraf.com xəbər verir ki, etiraz məktubu AMİP baş katibi Arzuxan Əlizadə adından Avropa Xalq Partiyasının prezidenti Josef Doul, baş katib Antonio Lopes İsturis və Avropa Xalq Partiyasının Siyasi Assambleyasına göndərilib.
Etiraz məktubunda qeyd edilir ki, Azərbaycan Respublikası 18 oktyabr 1991-ci il tarixdə müstəqillik əldə edib və müstəqil dövlət kimi 1992-ci ilin martında BMT-nin üzvlüyünə qəbul edilib. Həmçinin vurğulanıb ki, 1992-1994-cü illərdə BMT-nin digər subyekti olan Ermənistan Rusiya Federasiyasının bilavasitə dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu hərbi yolla işğal edib. Daha sonra qeyd edilib:
“Bununla əlaqədar 1993-cü ildə BMT-nin dörd məlum qətnaməsi (№822-30.04.1993; №853-29.07.1993; №874-14.10.1993; №884-12.11.1993) qəbul olunub. Həmin qətnamələrdə Ermənistan işğalçı tərəf kimi tanınır və Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz olaraq işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılması tələb olunur. Bununla əlaqədar olaraq Avropa Parlamentinin 20 may 2010-сu il tarixli “Avropa İttifaqının Cənubi Qafqaz üzrə Strategiyası” (The need for an EU strategy for the South Caucasus) və Avropa Şurasının bir sıra qətnamələri də mövcuddur. 1992-ci ildən etibarən ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu fəaliyyət göstərir və o, məsələnin sülh yolu ilə həll olunması missiyasını öz üzərinə götürüb. Lakin təəssüflər olsun ki, ötən 24 il ərzində ATƏT-in Minsk Qrupu heç bir irəliləyişə nail olmayıb və əslində daha çox problemin konservləşdirilməsinə xidmət etdiyi təsirini bağışlayır.
1994-cü ilin mayında tərəflər arasında atəşkəs sazişi imzalanıb. Lakin, buna baxmayaraq hər gün qoşunların təmas xəttində Ermənistan tərəfindən atəşkəs rejimi pozulur və nəticə etibarilə ötən müddət ərzində Azərbaycanın cəbhəyanı ərazilərində uşaqlar, qocalar və qadınlar da daxil olmaqla yüzlərlə mülki vətəndaş həlak olub.
Aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələri cəbhənin Dağlıq Qarabağ inzibati vahidinə aidiyyəti olmayan, Azərbaycanın Ağdam, Fizuli, Tərtər və Goranboy rayonları istiqamətlərində növbəti dəfə atəşkəs rejimini pozaraq genişmiqyaslı hücum həyata keçirib və buna cavab olaraq Azərbaycan Ordusu tərəfindən qarşılıq verilib.
Xüsusilə vurğulamaq istəyirik ki, aprelin 2-dən 5-nə qədər keçirilən hərbi əməliyyatlar iki ölkə arasında mübahisə predmeti olan Dağlıq Qarabağın ərazisində deyil, onun ətrafında yerləşən və heç bir mübahisə predmeti olmayan Azərbaycan ərazilərində gedib. Məlumat üçün onu da qeyd edirik ki, Dağlıq Qarabağın ərazisi 4388 kv.km olduğu halda mübahisə predmeti olmayan və işğal altında qalan ətraf yeddi rayonun ərazisi bundan iki dəfə artıq, yəni 8875 kv.km-dir. 4 aprel 2016-cı il tarixdə AXP-nin Siyasi Assambleyası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təcili qətnamə qəbul edib. Siyasi Assambleyanın Dağlıq Qarabağ məsələsini diqqətdə saxlamasını müsbət amil hesab etsək də, Qətnamədə qoşunların 1 aprel tarixinə olan mövqelərə çəkilməsinin zəruri hesab olunması haqqında müddəanı başa düşülməz və zərərli hesab edirik. Düşünürük ki, məsələyə bu cür yanaşma problemi bilməməkdən və tələskənlikdən baş verib.
Çünki bir daha vurğulamağı vacib hesab edirik ki, hərbi toqquşmalar heç bir mübahisə predmeti olmayan Azərbaycan ərazilərində baş verib və nəticə etibarilə hərbçilərlə yanaşı uşaqlar da daxil olmaqla Azərbaycanın mülki əhalisi arasında tələfat olub. Azərbaycan məsələnin sülh yolu ilə həll olunmasında maraqlıdır, amma eyni zamanda hesab edirik ki, tərəfləri problemin sülh yolu ilə həllinə çağırmaqla yanaşı Ermənistanı BMT-nin məlum dörd qətnaməsini, eləcə də Avropa Parlamenti və Avropa Şurasının qətnamələrini icra etməyə və Azərbaycanın işğal altında olan ərazilərini tərk etməyə çağırmaq AXP tərəfindən daha ədalətli mövqe kimi qəbul olunardı. Azərbaycan Milli İstiqlal Partiyası Avropa strukturları ilə, o cümlədən Avropa Xalq Partiyası ilə əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsində maraqlı olduğunu bir daha bəyan edərək bu münasibətlərin ümumilikdə Avropa ailəsinin möhkəmləsində xüsusi rolu olacağına əminliyini ifadə edir”.
Nərgiz