“İşğalçı erməni silahlı birləşmələrinin dinc əhalini atəşə tutması terrorçu Serj Sərkisyanın hərbi komandası tərəfindən törədilən yeni şey deyil. Onlar 1988-ci ildən- Dağlıq Qarabağ hadisələri başlayan gündən dinc əhali ilə müharibə aparıblar”.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi üzrə deputatı Elman Məmmədov ötən gecə Ermənistan hərbi birləşmələri tərəfindən dinc əhalinin iriçaplı artilleriyadan atəşə tutulmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, 25 ildən çoxdur bu proses davam edir, ermənilər mülki azərbaycanlılara qarşı qətliamlar, soyqırımlar törədirlər: “Bütün bunlar beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verir. Çox təəssüflər olsun ki, özlərini humanist, demokratiya, haqq-ədalət tərəfdarı kimi qələmə verən beynəlxalq qurumlar, BMT, ATƏT, ATƏT-in Minsk qrupu bunu görür, bilir. Ancaq cinayətkar dövlətə, onun başçısına qarşı 25 ildə heç bir tədbir görülməyib, sanksiya tətbiq olunmayıb. Sanki onlar həvəsləndirici, stimulverici rolunda çıxış edir, təcavüzkarı müdafiə edirlər”.
Elman Məmmədov qeyd edib ki, Ağdam rayon icra başçısı ilə telefonla əlaqə saxlayıb vəziyyət barədə məlumat alıb: “Həlak olan mülki şəxs Çəmənli kənd sakinidir. Bir neçə nəfər yaralanıb, ermənilər tərəfindən xeyli sayda evlər, infrastruktur dağıdılıb. Qoşunların təmas xətti Azərbaycan ərazisindən keçir, Ermənistan ordusu bizim torpaqlarımızdadır.
Ağdamın 20-yə qədər yaşayış məntəqəsi təmas xəttinin 200, hətta elə kəndlər var ki, 100 metrliyindədir. Ermənilər mütəmadi olaraq həmin kəndlərə artilleriya, reaktiv qurğulardan atəş açır. Zərər çəkən isə hərbçilərdən çox dinc əhali olur, onların əmlakına ciddi ziyan dəyir.
Müvafiq beynəlxalq qurumlara vaxtaşırı bu haqda məlumat verilir. Azərbaycan ordusu öz növbəsində ermənilərin təxribatlarının cavabını verir. Cavab veriləndə Azərbaycan tərəfi ancaq atəş açılan mövqelərə və hərbi obyektlərə zərbə endirir. Azərbaycanın istər Goranboy, istərsə də Ağdam, Xocavənd ərazisindəki yaşayış məntəqələri təmas xəttinin yaxınlığındadır. Ancaq ən yaxın erməni yaşayış məntəqəsi Ağdam istiqamətində təmas xəttindən 30-40 kilometr uzaqdadır. Ermənilər iddia edir ki, Azərbaycan tərəfi bizim mülki insanlarımıza, yaşayış məntəqələrimizə atəş açır. Ancaq bu, yalandır, iftiradır. Çünki xəritəyə baxsınlar, görsünlər erməni yaşayış məntəqələri təmas xəttindən nə qədər uzaq məsafədədir”.
Deputatın sözlərinə görə, Azərbaycan ordusu heç vaxt dinc əhaliyə qarşı atəş açmayıb: “Ancaq bizə atəş açılan nöqtələr susdurulur. Ermənilər isə həmişə olduğu kimi ordu ilə yox, dinc əhali ilə müharibə aparır. Statistikanı götürsək, son 1 il ərzində Azərbaycan tərəfindən şəhid olan insanların böyük hissəsi mülki şəxslərdir. Ən çox yaralanan, ziyan çəkənlər dinc əhalidir. Azərbaycan tərəfi bunun qarşısını almaq üçün Ermənistan ordusunun ərazilərimizdə yerləşmiş səngərlərini, hərbi obyektlərini məhv etməlidir ki, dinc əhalimizi qoruyaq, müdafiə olunaq.
Təzada baxın, Ermənistan ordusu bizim ərazidə olsa da, biz yenə də bu təcavüzkardan özümüzü qorumaq üçün tədbirlər görməliyik. İnsanlarımızı müdafiə etmək haqqını özümüzdə saxlayırıq, adekvat tədbirlər görürük. Belə olan təqdirdə ermənilər daha da sarsıdıcı və dağıdıcı zərbələr alacaqlar. Biz onları atəş nöqtələrini dağıtmaqla mütləq uzaqlaşdırmalıyıq ki, əhalimiz zərbə görməsin. Bizim başqa yolumuz yoxdur”.
Nərgiz