Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Toplantıda ölkədə və dünyada baş verən ictimai-siyasi hadisələr dəyərləndirilib.
Teleqraf.com xəbər verir ki, toplantıda Tarif Şurasının ölkədə suyun və kanalizasiya xidmətlərinin qiymətinin artırılmasına dair yeni qərarına münasibət bildirilib.
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Qəbələ görüşünü yüksək qiymətləndirən partiya yetkililəri bu ölkələrin iştirakı ilə regional hərbi gücün yaradılmasının zəruriliyini bir daha diqqətə çatdıraraq, bölgədə sabitliyin qorunmasında adıçəkilən hərbi əməkdaşlığın mühüm rol oynaya biləcəyini vurğulayıblar.
Bu gün Vyanada “3+2” formatında Azərbaycan və Ermənistan prezidentlərinin nəzərdə tutulan görüşünə münasibət bildirən ADP İdarə heyəti əvvəlki danışıqlar zamanı nəzərdə tutulan şərtlərlə danışıqların davam etdirilməsinin qeyri-mümkün olduğunu qeyd edib, Ermənistanın qeyd-şərtsiz işğal etdiyi Azərbaycan ərazilərini tamamən azad etməli olduğunu bildirib.
“Dağlıq Qarabağın müstəqilliyi ilə bağlı son zamanlar Ermənistanın atdığı addımları əsas götürərək, DQ-da yaşayan ermənilərin hər hansı qaydada muxtariyyatı artıq söhbət mövzusu ola bilməz”, deyə iclasda vurğulanıb.
Cavad