“Vyana görüşü gözlədiyimiz kimi nəticələndi. Yəni heç nə ilə nəticələnmədi. ATƏT-in Minsk Qrupu həmsədrlərinin ortaq bəyanatı münaqişənin həlli ilə bağlı əsas məsələnin mahiyyətindən çox yenə detallarla boldur. Şeytan isə bildiyimiz kimi detallarda gizlənib. Bu detallar indiki halda bizim əleyhimizədir”.
Teleqraf.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib. E.Şahinoğlu qeyd edib ki, birinci detal münaqişənin hərbi yolla həll edilməsinin mümkünsüzlüyü ilə bağlıdır: “Bal kimi də həll edilə bilər. Ermənistan danışıqları əvvəlkitək uzadacaqsa Azərbaycanın qarşı tərəfə apreldə olduğu kimi gücünü göstərməkdən başqa alternativ qalmayacaq. İkinci detal: “Tərəflər təmas xəttində gərginliyi azaltmaq üçün qısa müddət ərzində ATƏT-in faktaraşdırıcı mexanizmləri üzərində işi başa çatdırmaq barədə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud idarəsinin səlahiyyətlərinin genişləndirməsi barədə razılığa gəliblər”. Başqa sözlə vasitəçilər insidentləri araşdırmaq istəyirlər. Bu Ermənistanın çoxdankı istəyidir. Çünki, insidentlərin araşdırılması Ermənistanın status-kvonu uzatmaq siyasətinə uyğundur. Biz işğalçı Ermənistan ordusunu Ağdam, Füzuli və digər istiqamətlərdə daim təzyiq altında saxlamasaq İrəvan öz xoşu ilə işğal altındakı torpaqları boşaldarmı? Boşaltsaydı, bunu 22 ildə edərdi. Ona görə də Ermənistan hakimiyyəti Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayana qədər insidentlərin araşdırılmasına razılaşmaq olmaz. Necə ki, işğal faktı ortadan qaldırılmayana qədər snayperləri və ağır hərbi texnikanı da geri çəkə bilmərik. ATƏT-in bəyanatı imzalanan sənəd deyil, üzərimizə məsuliyyət qoymur, ona görə də bəyanata riayət etmək kimi öhdəliyimiz yoxdur”.
E.Şahinoğlu bildirib ki, həmsədrlərin bəyanatından çox Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlamasında bir cümlə onun diqqətini çəkib: “Lavrov dedi ki, “çox güman ki, tərəflər arasında vəziyyətin kifayət qədər gərgin olduğunu nəzərə alaraq, münaqişənin nizamlanmasını mərhələli şəkildə etmək lazım olacaq”. Bu cümlə o deməkdirmi ki, vasitəçilər Ermənistanı status məsələsini qabartmadan Dağlıq Qarabağ ətrafındakı 5 rayonun azad olunmasına razı sala bilərlər? Yaxın iki ayda bu cümlənin arxasındakı məntiqi görməliyik. Əgər əvvəlkitək Ermənistan hakimiyyəti 5 rayonun boşaldılmasını Dağlıq Qarabağın statusunu müəyyənləşdirəcək referendum tarixinə bərabər tutacaqsa, Lavrovun sözlərinin əhəmiyyəti olmayacaq, danışıqlar apreldən əvvəlki vəziyyətinə qayıdacaq”.
Bununla belə, analitik qeyd edib ki, bütün hallarda Vyana görüşü bizə lazım idi: “Çünki, bu cəbhə bölgəsində aprel uğurumuzdan sonra prezidentlərin vasitəçilərin iştirakı ilə ilk görüşü idi. Bütün dünya gördü ki, Azərbaycan əbədiyyətə qədər nəticəsiz danışıqlardan bezib və işğal altındakı torpaqları boşaltmaq əzmindədir. Vyana bu əhval-ruhiyyənin daşıyıcısına çevrilməli idi. Ancaq əgər Vyanadan sonrakı müddətdə Ermənistan heç bir addım atmazsa növbəti görüşlər bizim əleyhimizə işləyə bilər. Çünki, münaqişənin həllində konkret addımlar atılmadan görüşlərin davamı Prezident İlham Əliyevin dediyi kimi imitasiya xarakteri daşıyacaq. İmitasiya isə status-kvonun davamı deməkdir. Ona görə də səngərdəki hərbçimiz silahı əlində apreldə olduğu kimi möhkəm tutmalıdır”.
Səxavət HƏMİD