Mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi. Görüşdən sonra Ermənistan prezidentinin verdiyi açıqlamalar onun münaqişənin həlli ilə bağlı əvvəlki mövqeyindən geri çəkilmədiyini nümayiş etdirdi. Halbuki, aprelin əvvəlində cəbhə xəttində baş verən uğursuzluqdan sonra düşmən ölkənin öz mövqeyini dəyişəcəyi gözlənilirdi.
Bununla bağlı sualımızı cavablandıran millət vəkili, siyasi şərhçi Hikmət Babaoğlu qeyd edib ki, aprelin əvvəlində baş verən hadisələr yeni status-kvo yaradıb. Onun sözlərinə görə, həmin hadisələr həm hərbi-psixoloji, həm real hərbi müstəvidə, həm də siyasi-diplomatik müstəvidə yeni şərtlər formalaşdırıb: “Ermənistan da, ATƏT-in Minsk qrupu da başa düşür ki, Azərbaycan heç bir vaxt, heç bir şəkildə ərazilərinin işğalı ilə razılaşmayacaq. Vyana görüşlərini zəruri edən məhz bu hadisələr oldu. Vyana görüşü bu hadisələrin məntiqi nəticəsi kimi meydana çıxdı. Amma bu prosesdə bir qədər tələsmək və təcili nəticələr gözləmək doğru deyil. Problem uzun müddətdir davam edən bir problemdir və əgər kimsə hesab edirsə ki, ilk həmlədəcə bu problem həllini tapacaq, Ermənistan geri çəkiləcək, işğal olunmuş torpaqları azad edəcək, bu fikir yanlışdır, doğru deyil.
Çünki biz bilirik ki, Ermənistanla Azərbaycan tək aktorlar deyil, Ermənistanın arxasında islamafob dairələr, imperialist mərkəzlər, hegemon güclər var. Biz bunları nəzərə almalıyıq. Biz Qarabağ probleminin həlli zamanı digər maraqlı mərkəzlərin də mövqelərini nəzərə almalıyıq. Adətən, biz bu fikri ümumiləşdirərək “beynəlxalq şərtlər münasib olduqda problem həll olunacaq” şəklində ifadə edirik. Məhz Azərbaycan ordusunun bu qüdrəti, diplomatiyasının bu gücü və Ali Baş Komandanın cəsarət və uzaqgörən siyasəti hazırda beynəlxalq şərtləri Azərbaycanın lehinə formalaşdırıb. Vyana görüşü də bunun sübutudur”.
Millət vəkili qeyd edib ki, Vyana görüşü münaqişənin həllini yeni mərhələyə daşıyıb. Onun sözlərinə görə bu mərhələ intensiv danışıqlar mərhələsi olacaq: “Görürsünüzmü, Vyanada görüş başa çatar-çatmaz bəyan edildi ki, prezidentlərin növbəti görüşü iyun ayına planlaşdırılıb. Bu görüşün baş tutub-tutmayacağı başqa məsələdir. Ancaq hər halda belə bir niyyət var və formata diqqət yetirsək görəcəyik ki, bu nəticə ilk dəfədir ki, yeni formatda təmsil olunan ölkələrin iştirakı ilə elan olunurdu. Yəni, biz orada həmsədr ölkələrin xarici işlər nazirlərinin, həmsədr ölkələrin xüsusi səlahiyyətli səfirlərinin və hər iki ölkənin prezident və xarici işlər nazirlərinin iştirakını gördük. Yəni, bu formatın özü ilk belə formatdır. Bunun özü artıq hamı tərəfindən problemin həllinin vaxtının satdığına dari verilən bir işarədir”.
H.Babaoğlunun sözlərinə görə, irəliləyişlərə nail olmaq, əlbəttə müəyyən qədər vaxt aparacaq: “Əlbəttə ki, mövqelər mütləq razılaşdırılmalıdır. Amma bir həqiqət ortadadır və hamı dərk edir ki, Azərbaycan ordusu öz ərazi bütövlüyünü bərpa etməyə qadirdir və Azərbaycan Prezidenti Ali Baş Komandan kimi ciddi qərarlar qəbul edərək öz ölkəsinin ərazi bütövlüyünü bərpa edə bilər.
Azərbaycanın bu gücü, hərbi-siyasi, diplomatik qüdrəti var. Bu həqiqətin dərk olunması yeni keyfiyyət dəyişikliyi yaradıb və düşünürəm ki, beynəlxalq şərtlər də Azərbaycanın lehinədir və bundan sonrakı mərhələdə intensiv danışıqlar prosesini müşahidə edəcəyik”.
Qeyd edək ki, Vyana görüşündə Ermənistan prezidenti və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun yanaşı oturması diqqət çəkib. Bu məsələ sosial şəbəkələrdə də müzakirələr səbəb olub.
Məsələyə S.Sərkisyan özü də münasibət bildirib. O qeyd edib ki, görüşün keçirildiyi zalda yerlər əvvəlcədən müəyyən olunmamışdı. “Əvvəlcədən belə razılaşma olmayıb...Hesab etmirəm ki, buna xüsusi əhəmiyyət vermək lazımdır, xüsusən də indiki reallıqlar şəraitində”, – deyə Sərkisyan əlavə edib. Bu məsələyə də münasibət bildirən H.Babaoğlu qeyd edib ki, bunun elə bir əhəmiyyəti yoxdur: “Əsas odur ki, danışıqlar prosesi yerindən tərpənsin, irəli getsin”.
Səxavət HƏMİD