Milli Məclisdə “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” Qanununun layihəsi haqqında müzakirələrə start verilib.
Teleqraf.com xəbər verir ki, bu barədə iqtisadi-siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
O, bildirib ki, 2015-ci ildə dünyada maliyyə böhranı yaşanıb, neftin dünya bazarında qiyməti azalıb: “Bu da, istər-istəməz neft satan ölkələrə təsirsiz ötüşməyib. Bununla belə, 2015-ci ildə Azərbaycanda qeyri-neft gəlirlərinin faizi ildən-ilə artır. 2015-ci il Azərbaycan iqtisadiyyatı üçün uğurlu illərdən biri olub. Daxil olan sənəddən görünür ki, bu il də iqtisadi çətinliklərə baxmayaraq sosial proqramların icrası dayandırılmayıb.
Xarici öhdəliklər vaxtında yerinə yetirilib. Hökumətin 2015-ci ildə aparılan siyasəti yüksək qiymətləndirilməlidir. 2015-ci ildə büdcə xərcləri 17,8 milyard manat olub. Dövlət büdcəsinin formalaşmasında Neft Fondu mühüm rol oynayır. Ancaq görülən tədbirlər zamanı bu ildən-ilə azalır. 2015-ci ildə Neft Fondundan büdcəyə 8 milyard manat transfer edilib. Son 5 ildə dövlət büdcəsindən aqrar sektorun inkişafına 2,5 milyard manat ayrılıb”.
Komitə sədri daha sonra qeyd edib ki, rayonlar büdcədən dotasiya almamalı, özü-özünü dolandırmalıdır. Onun fikrincə, onsuz da dövlət müəyyən işlər həyata keçirir, yollar, infrastrukturlar yaradır: “Bizim apardığımız hesablamalar göstərir ki, yaxın illərdə bir sıra şəhərlər dotasiya almadan özünü dolandıra biləcək. Bura Gəncə, Qəbələ, İsmayıllı rayonlarının adını qeyd edə bilərik. İmkanlarımız çoxdur”.
Nemət