Komandamız Ukrayna ilə bürünc medal görüşündə.ümumi hesabda 3-0 irəlidə olub, qələbəni erkən təmin edərkən, məşqçilər korpusu 90 kq-da yer alan Məmmədəli Mehdiyevin zədəli olduğu üçün növbəti görüşdə mübarizə aparmasını məqbul saymayıb.
Mehdiyev mübarizəsiz rəqibin əlini sıxaraq, görüşdən imtina edib ki, bu da komandamızın diskvalifikasiya olunmasına səbəb olub.
Polşada olan Azərbaycan nümayəndə heyətindən əldə etdiyimiz məlumata görə, bu halın yeni qaydalara görə qəbulolunmaz olduğu bildirilib.
Beləliklə, Ukrayna millisi 5-0 hesablı texniki qələbə ilə Avropa çempionatının bürünc medalına sahib olub.
Qeyd edək ki, digər tatamidə bürünc medal görüşündə mübarizə aparan Macarıstan və Fransa yığmalarının görüşündə analoji hal yaşanıb. Burada Fransa yığmasının ən ağır çəkidəki təmsilçisi Siril Marenin eyni hərəkəti macarlara texniki qələbə verilməsi ilə nəticələnib.
***
Polşanın paytaxtı Varşavada təşkil olunan cüdo üzrə Avropa çempionatı bu gün başa çatır. Sport24.az xəbər verir ki, turnirə komanda yarışları ilə yekun vurulacaq.
Kişilərin komanda yarışında mübarizə aparan millimiz ilk görüşdə Çernoqoriya yığmasını 5-0 hesabı ilə məğlub edərək, 1/4 finala adlayıb. Lakin, burada Fransa komandasına 2-3 hesabı ilə uduzan təmsilçilərimiz, ümidini "bürünc"ə bağlamalı olub.
Təsəlliverici görüşdə isə rəqib Hollandiya seçməsi olub. İlk dörd görüşdə qalib gələn təmsilçilərimiz, yalnız son mübarizədə məğlub olub.
Bürünc medal uğrunda həlledici görüşdə rəqibimiz yarımfinalda Gürcüstan komandasına uduzan Ukrayna seçməsi olacaq.
Qeyd edək ki, cüdoçularımız ötən il keçirilən analoji turnirin komanda yarışında tarixdə ilk dəfə olaraq bürünc medal qazanıb.