14 Aprel 2019 20:25
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasının 24-cü turunda səfərdə "Keşlə"ni 2:1 hesabı ilə məğlub edən "Qəbələ"nin kapitanı Cavid Hüseynov oyundan sonra jurnalistlərə müsahibə verib.

Teleqraf.com xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi əvvəlcə oyunla bağlı danışıb.

- Komandadan razı qaldım. Oyuna çox ciddi və istəkli hazırlaşmışdıq. Oyunu Tale Heydərov üçün oynayırdıq. Prezidentliyindən istefa verdi və bizim üçün üzücü xəbər oldu. Belə olmasını istəməzdik. Bu oyunda qələbə qazanıb, ona həsr etmək istəyirdik. Sevinirik ki, buna nail ola bildik.

Oyunun ilk hissəsində komandada gərginlik var idi. Bəzən gərginlik və istək çox olanda komandanı “yandırır”.

Fasilədən sonra məşqçilər rahat olmağımızı istədilər. Bu gərginliklə davam etsəydik, ilk hissədəki kimi olacaqdıq. İkinci hissə başlayan kimi bunu hiss etdik, qol vurduq. İkinci qoldan sonra üçüncünü də vura bilərdik.

“Keşlə” də dayanmırdı, mübarizə aparırdı. Hesab 2:2 də ola bilərdi, 3:1 də.

- Qələbəni Tale Heydərova həsr etsəniz də, onun rəhbərliyi dövründə titul qazana bilmədiniz. Kubokda mübarizə aparırsınız. Ölkə kubokunu qazanıb, ona həsr etmək fikirniz var?
- Düzgün vurğuladınız. Elə bir insan və şəxsiyyət üçün biz heç nə etməmişik. Onun elədiklərinin müqabilində qarşılıq verməyi bacarmadıq. Bu şəkildə klubdan ayrılmasını insan özünə sığışdıra bilmir. Bir insan kluba bu qədər qayğı göstərir, qapıları üzünə açır, ancaq sən ona nəsə verə bilmirsən. Bu da adamı yaralayır. Çox fikirləşirik. İstefa xəbərindən sonra geri baxıb, düşündük ki, bu qədər qayğının qarşılığında biz heç nə edə bilməmişik. Günahkar özümüzük.

- İstefa verəcəyini gözləyirdiniz?

- Xeyr, heç kim gözləmirdi. Ani anda oldu. Mövsümün sonuna 5 tur qalmış bu qərarı verdi. Mövsümün sonunda bəlkə də bu qərar gözlənilən olardı.

- Tale Heydərovun getməsindən sonra futbol ictimaiyyətində müxtəlik fikirlər var. Futbolçularda “Qəbələ”dəki gələcəkləri barədə gərginlik var?

- Gərginlik olmalıdır, bu, mümkünsüzdür. Biz o insana öyrəşmişdik. Ondan başqa rəhbər təsəvvür edə bilmirik. Mənimlə yanaşı, 99 faiz şəxs klubda belə düşünür. Onun yerinə kiminsə gəlməsini düşünə bilmirik. Burda komandanı o formalaşdırıb. 13 il az müddət deyil.

- Bu gün “Qəbələ”ni minə yaxın azarkeş dəstəklədi. Bu, gözlənilməz deyildi?

- Hər kəs Tale Heydərov üçün gəlmişdi.

- İkinci hissədə oyunun yaxşı alınmırdı. Bu, meydanla əlaqəlidir, yoxsa 90 dəqiqə oynamağa hazır deyilsən?

- Onu deyə bilmərəm. 70-ci dəqiqədə bunu hiss edirdim. Yorulmuşdum.

- Tale Heyədrovun gedişi “Qarabağ”la kubok oyunu öncəsi motivasiyanızı aşağı salmadı?
- Onun gedişi bizə pis etsə də, bundan sonrakı oyunlarımızı Tale Heydərova həsr edəcəyik.

/Qol.az/


Müəllif: Teleqraf.com