Bu gün İsveçrənin Cenevrə şəhərində UEFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Teleqraf.com AFFA-ya istinadən məlumat verir ki, iclasda Avro-2020-nin oyunlarına ev sahibliyi edəcək 13 şəhər müəyyənləşib.
Bunlar Bakı (Azərbaycan), Brüssel (Belçika), Kopenhagen (Danimarka), London (İngiltərə), Münhen (Almaniya), Budapeşt (Macarıstan), Dublin (İrlandiya), Roma (İtaliya), Amsterdam (Hollandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya) şəhərləridir.
Bu şəhərlərdən 4-ü - Bakı, Münhen, Roma, Sankt-Peterburq qrup oyunlarından sonra 1/4 final oyunlarını da qəbul edəcək. Digər 8 şəhərdə isə pley-off-un 1/8 final mərhələsinin qarşılaşmaları baş keçiriləcək.
Qaydalara görə, bu şəhərlərdən 12-si, o cümlədən Bakı qitənin ən nüfuzlu turnirinin 4 matçını qəbul edəcək: ev sahiblərinə Avro-2020-nin qrup mərhələsinin üç, pley-off-un bir (1/8 və ya 1/4 final) görüşünü təşkil etmək hüququ verilib.
Böyük Britaniya paytaxtı London isə yarımfinal qarşılaşmalarını və final matçını təşkil edəcək. Həlledici qarşılaşma “Uembli” stadionunda baş tutacaq.
Namizədliyi verilən şəhərlərdən Minsk (Belarus), Skopye (Makedoniya), Solna (İsveç), Kardiff (Uels), Yerusəlim (İsrail) və Sofiya (Bolqarıstan) isə arzusuna qovuşa bilməyib.
Qeyd edək ki, Avro-2020-nin final mərhələsində 24 komanda iştirak edəcək.