Bakıda Azərbaycan Sindo-Ryu və Pençak Silat Federasiyasının idarə heyətinin iclası keçirilib.
Federasiyanın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, federasiyanın ofisində baş tutan iclasda şikayətlərə baxılıb. Şikayətlər haqqında federasiyasının Prezidenti, idarə heyətinin sədri Ceyhun Əşrəfov məruzə edib. Şikayətlər araşdırıldıqdan sonra idarə heyətinin qərarına əsasən baş məşqçi Abbas Hümbətov məşqçilikdən uzaqlaşdırılıb.
Bundan başqa federasiyasının Prezidentinin,Vitse-Prezidentlərinin, idarə heyətinin səlahiyyətlərinin dayandırılması və Federasiyanın Ali Orqanı olan Konfransının çağırılması haqqında məruzəçi vitse-prezident Samir İsmayılov danışıb.
İdarə heyətinin qərarına əsasən Sindo-Ryu və Pençak Silat Federasiyasının rəhbərliyi tam tərkibdə istefaya göndərilib.
Baş məşqçi postu müvəqqəti olaraq Məqami Bayramova həvalə olunub.
İclasda qərara alınıb ki, fevralın 28-də konfrans keçirilsin.
Beynəlxalq Sindo-Ryu və Pençak Silat Federasiyasının (PERSİLAT) rəhbərliyi Azərbaycan Sindo-Ryu və Pençak Silat Federasiyasının idarə heyətinin qərarını dəstəkləyib. Baş katibi Teddy Suratmadji qərarın dəstəklənməsi ilə bağlı Pencak Silata məktub göndərib. Məktub həmçinin Avropa (EPSF) və Asiya (APSİF) Regional Federasiyalarına da göndərilib.
Məktubda deyilir: “Beynəlxalq Pençak Silat Federasiyası APSF-nin prezidentinin baş məşqçi cənab Abbas Hümbətovun APSF-dəki bütün fəaliyyətlərindən kənarlaşdırılması ilə bağlı qərarını qəbul edir və dəstəkləyir. Əslində 2017-ci ildə Avropa Pencak Silat Bakı çempionatından sonra şikayət məktubları aldıq. Bu da PERSİLAT olaraq narahatlığımıza səbəb oldu. PERSİLAT kadrların şəxsi keyfiyyətlərinə diqqətlə yanaşır və buna görə də qərarınızı dəstəkləyirik”.
Fevralın 28-də isə Azərbaycan Sindo-Ryu və Pençak Silat Federasiyasının konfransı keçirilib. Konfransda 11 nəfərdən ibarət yeni idarə heyəti, vitse-prezidentlər, baş məşqçi və nəzarət təftiş komissiyasının üzvləri, hakimlər kollegiyası seçilərək növbəti 4 il üçün təsdiq olunblar.
Federasiyanın prezidenti isə yekdilliklə Əşrəfov Ceyhun Adil oğlu seçilib.