"Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike Türkiyə Super Liqasının tarixinə düşüb.
Teleqraf.com xəbər verir ki, hazırda "Sivasspor"da çıxış edən braziliyalı yarımmüdafiəçi buna "Fənərbağça" ilə 1:1 hesablı heç-heçə etdikləri XXIII tur oyununda fərqlənməklə nail olub.
74-cü dəqiqədə cərimə zərbəsindən baxımlı qola imza atan 32 yaşlı oyunçu İstanbul təmsilçisinə qarşı oynadığı son 3 matçın hamısında rəqibi məyus edib. "Sambaçı" bu qollardan birini "Kayserispor"un, ikisini isə "Sivasspor"un heyətində vurub.
Enrike həmçinin Superliqada ilk dəfə cərimə zərbəsindən fərqlənib.
Qeyd edək ki, Pedro Enrike "Qarabağ"da 2017/2018 mövsümündə icarə əsasında çıxış edib.