"Önəmli oyun olduğunu bilirdik. Yaxşı hazırlaşmışdıq. Əvvəlki görüşlərdəki uğursuzluqları bu oyunla unutdurmaq stəyirdik. Komanda yoldaşlarıma da təşəkkür edirəm".
Qol.az-ın məlumatına görə, bu sözləri milli komandamızın üzvü Qara Qarayev Kanada ilə yoldaşlıq görüşündən (1:1) sonra deyib.
Kanada ilə heç-heçəni yaxşı nəticə hesab edən 24 yaşlı müdafiəçi Avstriya toplanışı yüksək qiymətləndirib: “İlk hissədə qol vurmaq üçün daha çox imkanlarımız oldu. Rəqib də güclü komandadır. Bir neçə oyunçuları Avropada, İngiltərə Premyer Liqasında çıxış edir. Məğlub olmadığımız üçün sevinirik. Bu seriyanı davam etdirmək və tsikldə yaxşı nəticələr qazanmaq istəyirik. Ən vacib məsələ sıx qrafik vaxtı zədələnməmək idi. Çox şükür, bu toplanışı zədəsiz başa vura bildik. Əhval-ruhiyyə yüksək idi, çox gözəl toplanış oldu. Doğrudur, ilk oyunda qalib gələ bilməməyimiz və sonra məğlubiyyət uşaqlara bir az təsir etmişdi, ancaq ümumilikdə toplanış əla keçdi".