“2016-ci ildə 34 min 271 ton fındıq istehsal olunub”.
Bunu Teleqraf.com-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov deyib.
Onun sözlərinə görə, ötən il yeni fındıq bağları salınıb: “Hazırda 55 min 117 hektar fınıq bağlarımız mövcuddur. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 12 rayonda yeni fındıq bağları salınıb. Dövlətin kənd təsərrüfatı məhsulları, o cümlədən fındıq istehsal edən sahibkarlara davamlı dəstək verir.
İlk əvvəl yanacaq-mühərrik yağlarına görə hər hektar fındıq bağının əkin sahəsinə 50 manat pul verilir. Yəni, fındıq bağı olan mülkiyyətçi dövlətə müraciət edir və onlara pul ödənilir.
Becərmədə istifadə olunan gübrələrin də 30 faizi mükiyyətçinin, 70 faizi isə dövlət büdcəsinin vəsaiti hesabına verilir. Kənd təsərrüfatı torpaq vergisi istisna olmaqla vergidən azaddır. Kəndliyə texnika da güzəştlə verilir.
Vətəndaş texnikanın ilkin dəyərinin 20 faizin ödəyir, 40 faizin isə dövlət onlara bağışlayır. Qalan 40 faizi 10 il müddətinə ödəyirlər.
Bütün bunları sadalamaqla demək istəyirəm ki, aqrar sahəyə çoxşaxəli dövlət dəstəyi göstərilir. Bu gün kənd təsərrüfatının bitkiçilik sektorunun inkişafı üçün güclü potensial, böyük dövlət dəstəyi var”.
İmran Cümşüdov qeyd edib ki, ötən il ölkədə 34 min 271 ton fındıq məhsul istehsal olunub: “Hər hektardan təxmini 11 sentiner məhsul alınıb. Gələcəkdə fındıq bağlarını əkib, genişləndirəcəcəyik. Onlara yaxşı qulluq etməklə daha çox məhsul əldə ediləcək. Həm yerli tələbatı təmin edəcəyik, həm də xarici bazara fındıq ixrac etməklə ölkəyə külli miqdarda valyuta gətirilməsinə nail olacağıq”.
Qeyd edək ki, prezident İlham Əliyevin ötən ilin noyabr ayında ixrac potensialına malik məhsulların yetişdirilməsi, fındıq məhsulu ilə bağlı əlavə tədbirlər görülməsi üçün hökümətə tapşırıq verib.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyir ki, dünya bazarında fındığın qiymətini nəzərə alsaq, fındıqçılıq çox gəlirli sahədir: “Bir çox ölkələrdə iqlim şəraiti imkan vermir ki, fermerlər bu sahə ilə məşğul olsun. Fındıqçılıq bəzi ölkələrdə daha çox geniş yayılıb. Azərbaycanda da təbiət bizə bu sahə ilə məşğul olmaq və gəlir əldə etmək üçün imkanı bəxş edib.
Dünya bazarında təmiz fındığın 1 kiloqramı 14-15 dollar arasında dəyişir. Hətta elə zaman olur ki, qiymət 16 dollara qalxır. İndi qiymət 13 dollardan bir az yuxarıdır”.
Ekspertin sözlərinə görə, fındıq bazarı böyük bazar deyil, onu izləmək asandır: “Bu sahə ilə Türkiyə daha çox məşğul olur. Onlarda birja yaratmaq istəyirdilər. Düzdür, fındıq istehsalı da elə asan başa gəlmir. Bəzi ölkələrdə bir hektardan bir ton yarım məhsul götürülür - hektara təxminən 15 sentner. Təəssüf ki, bizdə bu rəqəm aşağıdır. Məhsuldarlıq bir ton ətrafında dəyişir.
Məhsuldarlıq artarsa, istehsal xərcləri azalarsa, fındıqçılıq daha sərfəlidir. İndi daha məhsuldar bağlar salınır. Bunun üçün seleksiya və genetika işləri aparılmalıdır. Yeni fındıq sortlarının yetişdirilməlidir ki, daha çox məhsul əldə olunsun”.
Vahid Məhərrəmov bildirib ki, Azərbaycandan 20-yə yaxın ölkəyə fındıq ixrac olunur: “Azərbaycan fındığı Rusiya, Avropa ölkələrinə aparılır. Bu gün keyfiyyətli fındığa dünya bazarında tələbat var.
Statistikada fındıqçılığa ayrıca yer ayrılmır, amma dövlət rəsmilərinin verdiyi məlumata görə, ötən il fındıq ixracından ölkəyə 100 milyon dollar valyuta gəlib.
Məndə olan məlumata görə, ölkədə 30 min hektar fındıq ərazisi var. Bu az sahə deyil. 2015-ci ildə 32 min ton məhsul əldə olunub”.
Ekspert qeyd edib ki, Azərbaycanda fındığın emalı zamanı müvafiq qaydalara tam əməl edilmir: “Bəzi halda keyfiyyətli məhsul əldə olunmur. Məhsul bəzən istehsal zamanı zay olur, əmtəəlik vəziyyətə gətirilmir. Digər tərəfdən onun saxlanmasında, daşınmasında bir çox problemlər olur.
Bu yaxında Rusiyanın Dağıstan Respublikasına aparılan 21 ton fındığın tərkibində karantin obyekti olan alaq otunun toxumu tapıldı və geri qaytarıldı. Fermerlər çalışmalıdır ki, bu cür halların qarşısını alsınlar. Düşünürəm ki, fındığı Avropa bazarına çıxarıb, daha yaxşı qiymətə satıb və gəlir əldə etmək olar. Fındıqla məşğul olan insanlara motivasiya vermək lazımdır ki, onların bu işdə marağı olsun. İstehsalçı emalla da məşğul olsun. Məhsullarını xarici bazara çıxara bilsinlər. Belədə istehsalçıların dövlət yardımına ehtiyacı aradan qalxacaq. Onlar istehsal etdikləri məhsulun sonrakı taleyindan narahat olmayacaqlar.
Biri var, rayonda bir neçə istehsalçı birləşib, özləri məhsulun yetişdirilməsi, emalı, ixracı, daxili bazarda satışı ilə məşğul olsun. Biri də var, müqavilə bağlansa da müəyyən səbəblərdən bazarda qiymət dəyişəndə məhsulun alış qiymətini də aşağı salsınlar. Bu, arada narazılıqlar yaradır”.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitunun direktoru İlham Qurbanov deyir ki, Azərbaycanda əkilib-becərilən fındığın sortları çoxdur: “Ölkəmizdə “Saçaqlı”, “Qalib”, “Arzu”, “Ata-baba” və sair fındıq sortları yetişdirilir. “Ata-baba” və “Saçaqlı” daha geniş yayılıb. Xarici ekpertlərin də rəyinə görə, “Ata-baba” fındıq sortu ən yaxşı sortdur.
Azərbaycanda fındıqçılığı daha da inkişaf etdirmək olar. Biz bu məhsulu 80 min hektara çatdırmalıyıq. Prezident İlham Əliyevin tapşırığına görə, 40 min hektar fındıq sahəsi əkilməlidir. Ötən il 10 min hektara yaxın fındıq sortları əkilib. Payızda əkin işi davam etdiriləcək”.
İlham Qurbanov qeyd edib ki, fındıq məhsulunun əkini zamanı əsas məsələ sortların düzgün yerləşdirilməsidir: “Sortlar seçilib, yerləşdirilməlidir. Bizim institunun Zaqataqlada məntəqəsi var. Orada bütün əkin sistemlərinə uyğun olaraq 6 hektarda fındıq bağları saldıq. Nümayiş etdirdik ki, əkin nə cür olmalıdır. Ocaq əkini və cərgəli əkin sistemi var. Cərgəli əkində təkgövdəli ağaclar əkilib”.
Fındığın insan orqanizminə faydaları çoxdur. Fındıq zülalla, mürəkkəb karbohidratlarla, hüceyrəli və doymamış yağlarla, dəmir, kalsium, maqnezium E vitamini ilə zəngindir. Tərkibində xolesterin yoxdur. Fındıq ləpəsinin tərkibində olan yağın 96 faizi insan üçün faydalı olan doymamış turşulardan – olein və linol turşularından təşkil olunub.
Harvard Universitetinin professorları fındığın daha bir faydasını üzə çıxarıblar. Aparılan araşdırmalar hər gün bir ovuc fındıq yeyənlərin bəzi xəstəliklərə yaxalanma riskinin azaldığını göstərib.
Fındıq yeyənlərin daha uzunömürlü olduğunu bildirən mütəxəssislər hesab edir ki, həftənin 5 günü, 30 qram fındıq yeyənlər xərçəng, ürək çatışmazlığı və tənəffüs yolları ilə bağlı xəstəliklərdən tam müdafiə olunurlar. Yetkinlik dövrünə kimi bu qaydada qidalanan qız uşaqlarının gələcəkdə döş xərçənginə yaxalanma riski 40 faiz azalır.
Bir çoxları kökəlməmək üçün fındıqdan uzaq durur. Ancaq alimlər fındığın kökəltmədiyini xüsusi vurğulayırlar. Çünki aparılan testlər fındıq, fıstıq, qoz kimi çərəzlərin kökəltmədiyini, əksinə, bədəndəki zərərli yağların əriməsinə kömək etdiyini təsdiq edib.
Fındığın yağından kosmetologiyada da geniş istifadə edilir. Dəriyə nəm, parlaqlıq, canlılıq verir. Hamiləlikdən sonra yaranan dəri çatlamaları, deformasiyanın aradan qaldırılmasında istifadə edilir.
İlhamə ƏBÜLFƏT