Soyuq və qarlı keçən qış səbəbiylə Rusiya və Avropada təbii qaza tələbat artıb.
Teleqraf.com Rusiyanın “Qazprom” şirkətinə istinadən xəbər verir ki, yanvar-aprel aylarında təbii qaz istehsalı illik müqayisədə 13,7 faiz artaraq 179,9 milyard kubmetrə çatıb.
Məlumata görə, sözügedən dövrdə şirkətin Müstəqil Dövlətlər Birliyi (MDB) xaricindəki ölkələrə təbii qaz ixracatı keçən ilin eyni dövrünə nisbətən 28,3 faiz artaraq 68,4 milyard kubmetrə çatıb.
Xüsusilə Türkiyəyə ixracatın əhəmiyyətli dərəcədə artdığı qeyd olunub. Bu ölkəyə təbii qaz ixracatı ilin ilk dörd ayında əvvəlki ilin eyni dövrünə görə 143,7 faiz çox olub. Bu dövrdə Almaniyanın ixracatı 36,8 faiz, Fransanın 16,9 faiz, Rumıniyanın isə 139,8 faiz yüksəlib.
Qeyd edək ki, “Qazprom”un təbii qaz ixracatı gəlirləri 2020-ci ildə əvvəlki illə müqayisədə 39,6 faiz azalaraq 25,2 milyard dollara düşmüşdü.