18 Avqust 2021 18:24
1 369
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əfqanıstanın neft məhsullarının tədqiqatında uzun illər Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) də iştirak edib. Bundan əlavə, ölkəmiz uzun illər Əfqanıstana maye neft-qaz (LPG) ixrac edib. Azərbaycan əsasən Əfqanıstana birləşmiş qoşunların hərbi hava limanına aviasiya yanacağı ixrac edib. Bu ixrac demək olar ki, son illərə qədər davam edib. İndi Əfqanıstanda siyasi vəziyyət tam dəyişib. Son məlumatlardan aydın olur ki, Əfqanıstanda qurulacaq müvəqqəti hökumət uzun illər ölkəyə neft məhsulları ixrac edən şirkətlərlə yeni qaydalar üzrə əməkdaşlığa başlamağı bəyan edib. Yəni sərhəd-gömrük qurumlarında dəyişikliklər etdikdən sonra bu fəaliyyət yenidən davam edəcək və düşünürəm ki, öz həllini tapacaq”.

Bunu Teleqraf.com-a enerji məsələsi üzrə mütəxəssis Zəfər Vəliyev deyib.

Yeni hökumətlə ARDNŞ-nin Əfqanıstana yenidən yanacaq məhsulları ixrac etməsinə gəlincə, ekspert qeyd edib ki, “Taliban” səlahiyyətliləri bütün yaxın və uzaq ölkələrlə normal iqtisadi əlaqələrin qurulmasında maraqlı olduqlarını bəyan edirlər:

“Hələ Əfqanıstanda qurulan yeni hökumətin beynəlxalq birliklər tərəfindən tanınması məsələsi də var. Hüquqi və diplomatik məsələlər öz həllini tapandan sonra düşünmürəm ki, burada hər hansı bir məhdudiyyət qoyulsun.

Əfqanıstanın yanacaq bazarı dünyanın enerji bazarlarının bir hissəsidir. Son məlumatlarda Əfqanıstanın yeni hakimiyyət nümayəndələri ölkənin yanacaq təminatında iştirak edən bütün şirkətlərə yanacaq amnistiyası elan etdi. Əgər kommersiya cəhətdən məqbul olarsa, təbii ki, ARDNŞ də Əfqanıstan bazarlarına müəyyən həcmlərdə neft məhsullarının ixracını həyata keçirə bilər. Əfqanıstanın neft-qaz sektorunda Azərbaycanın iştirak etmək imkanları var. Əgər müraciət olarsa, ARDNŞ illər uzunu topladığı təcrübəni Əfqanıstan hökuməti ilə bölüşdürə bilər”.

Zəfər Vəliyevin müşahidələrinə əsasən, Əfqanıstan yerləşdiyi bölgənin likvid və ən yüksək ödəniş qabiliyyətli bazarlarındandır: “Ölkənin yanacaq-sürtgü materialları bazarında müxtəlif məqsədli neft məhsullarının mövcud satış qiyməti digər region ölkələri ilə müqayisədə çox yüksəkdir. Yerləşdiyi coğrafi bölgə onu deməyə əsas verir ki, Əfqanıstanın ətrafında olan dövlətlərin əksəriyyəti neft-qazla zəngindir. Yəni Türkmənistan, Özbəkistan, İran kifayət qədər neft-qaz ehtiyatlarına malikdir. Əfqanıstanın da yanacaq təminatı məhz bu dövlətlərdən tədarük edilən neft məhsulları hesabına təmin edilir.

Əfqanıstanın özündə də neft məhsullarının üç topdansatış mərkəzi var. Qiymətləri bir-birindən fərqli olan bu mərkəzlər ölkənin neft məhsullarına olan tələbatını ödəyir. 1979-cu ildən bəri davam edən vətəndaş müharibəsi və hərbi qarşıdurma olmasaydı, Əfqanıstanı neft-qaz ölkəsi hesab etmək olardı. Qənaətimcə, bu illər ərzində ölkədə müasir neft emalı zavodları (NEZ) tikmək və qaz təminatında kifayət qədər üstünlüklər əldə etmək olardı. 1950-ci illərdə Əfqanıstan hökuməti keçmiş SSRİ-yə özünün neft-qaz yataqlarının işlənməsi ilə bağlı müraciət etmişdi. Ölkədə aparılan geoloji kəşfiyyat işləri nəticəsində Əfqanıstanın Özbəkistan və Türkmənistanla sərhədində olan şimal vilayətlərində neft və qaz yataqları aşkarlandı. “Anqut” və “Kaşkari” neft yatağının ilkin analizi onu göstərdi ki, hasil olunan məhsullar əsasən ağır neftdir və yüksək kükürdlüdür. Sadəcə olaraq Əfqanıstanda başlayan vətəndaş müharibəsi və bölgədə geosiyasi maraqların kəsişməsi ölkənin neft-qaz resurslarından sənaye səviyyəsində istifadə etmək hallarını aradan qaldırdı.

Əfqanıstanın həm də zəngin qaz yataqları olub. Ölkə 1969-cu ildən 1989-cu ilədək Özbəkistana və Tacikistana məhdud həcmlərdə təbii qaz ixracı həyata keçirib. 1989-cu ildə Sovet qoşunları Əfqanıstan ərazisini tərk etdikdən sonra ölkənin qaz ixrac imkanları məhdudlaşdı və ölkədə davam edən hərbi qarşıdurma onun infrastrukturunu məhv etdi”.

Analitikin sözlərinə görə, Əfqanıstanda hakimiyyətə gəlmiş “Taliban” qüvvələri regiona ölkələrlə normal iqtisadi münasibətlərin qurulmasında maraqlıdır: “Taliban” Türkmənistan, Əfqanıstan, Hindistan, Pakistan magistral qaz kəmərinin çəkilməsi ilə bağlı danışıqlar aparıb. Müəyyən dövrlərdə adıçəkilən kəmərin təhlükəsizlik məsələsini ABŞ-da müzakirə ediblər. Eyni zamanda Əfqanıstanın indiki hakimiyyət dairəsi ölkədə genişmiqyaslılı infrastruktur layihəsinin həyata keçirilməsində maraqlıdır. Düşünürəm ki, məsələ yaxın dövrlərdə öz həllini tapacaq. Çünki Əfqanıstanın malik olduğu zəngin mineral ehtiyatların işlənməsi ilk növbədə ölkədə siyasi sabitlikdən, qonşu dövlətlərlə normal siyasi-iqtisadi münasibətlərdən keçir. Ölkənin malik olduğu mineral ehtiyatların işlənməsi üçün həm maliyyə, həm də yeni texnoloji dəstəyə ehtiyacı var”.

Son olayların neft qiymətlərinə təsirinə gəlincə, mütəxəssis deyir ki, Əfqanıstan dünyadakı neft qiymətlərinə təsir edəcək çox böyük bazar deyil: “Ölkə özünü beynəlxalq birliklərdən və qonşu dövlətlərdən təcrid etsə belə, bu bazara neft məhsullarının tədarükü ilə məşğul olan dövlətlər o xərclərini digər istiqamətə yönəldə bilərlər.

Qənaətimcə, bu məsələdə ən böyük zərbə Türkmənistana və İrana dəyə bilər. Çünki hər iki dövlət Əfqanıstanın yanacaq-sürtgü materialları bazarında ön mövqedə dayanırlar. Əsasən də İranın beynəlxalq tədric vəziyyətində olması onun neft məhsullarının satış bazarlarını bir az da məhdudlaşdırır. Türkmənistanın isə neft məhsullarının iri miqyaslı satış bazarlarının müəyyən edilməsində logistik problemləri var. Çünki Türkmənistanın beynəlxalq sulara çıxış imkanları kifayət qədər məhdud olduğundan Azərbaycanın, Rusiyanın və Gürcüstanın imkanlarından istifadə edir. Məlumdur ki, neft məhsullarının beynəlxalq bazarlarda qiymətinə təsir edən əsas faktorlardan biri də daşınma xərclədir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər