17 May 19:49
1 834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan arasında sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı Qazax istiqamətində əldə edilmiş razılaşma irəliyə doğru atılmış addımdır. Sözsüz ki, bu məsələlər sual-cavabla həll olunmur. Proseslər davam edəcək. Bunun davam etməsinin də əsas səbəbkarı heç də iki tərəf deyil.

Bunu Teleqraf.com-a Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib.

O qeyd edib ki, Azərbaycanla Ermənistan razılığa gəlsə də, burada kənar qüvvələrin təsir faktoru da var: “Çünki bu məsələ elə qurulub ki, mümkün qədər özünün müsbət həllini tapmasın. Beləliklə, tərəflər arasında ancaq uzun-uzadı müzakirələr getsin. İndiki şəraitdə bu müzakirələrə kənar təsirlər mövcuddur”.

Partiya sədri hesab edir ki, sərhədlərin dəqiqləşdirilməsi heç də arzularla, istəklərlə bağlı deyil:

“Ona görə də, bu prosesin uzun sürəcəyi gözlənilir. Bu heç də subyektiv fikir deyil. Acı reallıq məhz bu cürdür. Sərhədlərin dəqiqləşdirilməsi fonunda Zəngəzur dəhlizi və bu istiqamətdə atılacaq addımlar da gündəmə daşınır”.

Mirmahmud Mirəlioğluna görə, burada məsələlərə kimlərsə mövsümi xarakterli yanaşmağa çalışır: “Başlanğıc üçün mövqelərini ortaya qoymasalar da danışıqlar, ilkin razılaşmalardan sonra üzə çıxacaqlar. Ona görə də, müsbət sonluq hələ çox uzaqdadır. Ermənistan daxilində proseslər də burada təsirli rola malikdir. Əslində isə bu narazılıqlar başlamış olan sülh danışıqlarına maneçilik yaratmaq niyyətindən qaynaqlanır. Bəzi qüvvələr “biz də varıq, hələ ölməmişik” mesajı verir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər