18 May 09:05
8 218
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan arasında Qazax istiqamətində sərhədlərin dəqiqləşməsi ilə bağlı tərəflər arasında ilkin razılıq protokolu imzalanıb. Sözsüz ki, bu məsələdə ancaq addım-addım irəliləyişə nail olmaq lazımdır. Zəngəzur məsələsindən öncə sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı problemlərin həlli vacibdir. Çünki bu istiqamətdə atılan addımlar Zəngəzur dəhlizi ilə bağlı proseslərin həllinin yaxınlaşmasına səbəb olacaq.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sərhədlərlə bağlı protokolun imzalanması etimad və anlayışlı yanaşmanın təzahürüdür:

“Artıq sülh prosesində bu amil tərəflərin nə qədər səmimi olmasını ortaya qoymuş olur. Bunun ardınca digər məsələlərin də həlli mümkün olacaq. Məhz bu kontekstdə proseslə bağlı hər hansı bir narahatlıq müşahidə edilmir”.

Partiya sədri hesab edir ki, iki ölkə arasında əldə edilən ilkin protokol xeyli məsələlərin həllinə nail olmaq üçün əsas yaradacaq:

“Çünki ilk növbədə tərəflər öz maraqlarına uyğun bütün variantları ölçüb-biçdikdən sonra bunu konkret sənədə köçürürlərsə, bu proseslərin irəlilədiyini göstərir”.

Fazil Mustafaya görə, əldə ediləmiş bu razılaşma sözsüz ki, Zəngəzur dəhlizi məsələsinə ciddi təsiri edəcək:

“Həll olunmayan problem qalmamalıdır. Hər bir problem sabahkı proseslərdə narahatlıq yaradan amillərin qalması deməkdir. Ona görə də, buna yol vermək olmaz. İki ölkə əvvəl-axır keçmişdən qalan bütün sıxıntıları ortadan qaldırmalıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər