Rusiyanın “Qazprom” şirkəti Sudja və Soxranovka xətlərində, Rusiya-Ukrayna sərhədinin giriş nöqtələrində və Belarusla Polşa arasında Rusiya qazını daşıyan Almaniyanın Mallnov stansiyasında əlavə qaz təklifi etməyib.
Teleqraf.com xəbər verir ki, enerji böhranının Avropaya təsiri davam etdiyi ərəfədə Rusiyanın böhranın aradan qaldırılmasına kömək etməkdən qaçdığına dair siqnallar güclənir.
Bazar ertəsi Yamal-Avropa təbii qaz boru kəməri ilə Almaniyanın Polşa sərhədinə yaxın olan Mallnov Stansiyasına qaz sifarişləri bazar günü axşam saatlarından etibarən çox məhdud artımlarla müşahidə olunub.
Qeyd olunur ki, Prezident Putin daha əvvəl mübahisəli “Şimal axını- 2” boru kəməri ilə nəqllər başlamazdan əvvəl Avropaya əlavə qaz verməyəcəyinə işarə edib. İndi “Qazprom”un qarşıdan gələn gündəlik hərracları ilə Elektron Satış Platformasına əlavə həcmlər təklif edib-etməyəcəyi izlənəcək.
Rusiyanın davranışları ilə paralel olaraq Səudiyyə Ərəbistanı ABŞ Prezidenti Co Baydenin OPEC+ üzvlərinə neft hasilatının artırılmasını sürətləndirmək və qiymət artımını dayandırmaq çağırışına mənfi cavab verərək ABŞ, Asiya və Avropada satdığı neftin qiymətini kəskin şəkildə artırıb.
Cümə günü “Saudi Aramco” dekabr ayı üçün Asiyadan olan müştərilərinə Ərəb "Light" markalı neftin qiymətini 1,40 dollar artıraraq 2,70 dollara çatdırıb.