6 Avqust 2022 15:22
1 186
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qardaş Türkiyənin doğru xarici siyasəti bu ölkəni Qərb və Rusiya arasında əsas kommunikasiya kanalı, əsas "pəncərəyə" çevirir və bu hər 3 tərəfə - Qərb, Rusiya və Türkiyəyə divident gətirir. Türkiyə Rusiyaya ixracını kəskin artırır, bazardan gedən Qərb şirkətlərini əvəz edir, həm də Qərbin Rusiyaya satmaq, Rusiyadan almaq istədiyi məhsulların əsas kanalına çevrilir”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyanın Soçi şəhərinə bir günlük işgüzar səfərinə münasibət bildirərkən deyib.

İqtisadçı deyir ki, iki ölkə arasında ticarət dövriyyəsinin yaxın zamanda 100 milyard dollara çatdırılması hədəfi qoyulub: “2021-ci ildə 33 milyard dollar olub, deməli Türkiyənin "pəncərə" rolu xeyli artacaq.

Görüşün siyasi və təhlükəsizlik ayağı da çox önəmli idi. Rusiya ilə Türkiyə Suriyada, Liviyada birbaşa, Qafqazda isə dolayısı ilə üz-üzədir, toqquşan maraqları N qədərdir, amma diplomatiya, siyasət də məhz uzlaşma sənətidir.

Əminliklə söyləmək olar ki, Rusiyanın Türkiyəyə ehtiyacı artır, bu isə bizim üçün çox yaxşı haldır. Son illər Türkiyə və Azərbaycan xarici siyasətdə sinxron davranır, bir-birini tamamlayırlar”.

Ekspert Türkiyənin Rusiyadan qazı rublla alacağı barədə razılaşmaya da toxunub: “Qazın yalnız kiçik bir hissəsi rublla alınacaq və bu da "ikili hesab" prinsipi ilə olacaq. İki hesab açılacaq, valyuta ilə pul ilk hesaba daxil olacaq, sonra həmin vəsait bankın özü tərəfindən əməliyyat gününə olan məzənnə ilə rubla konvertasiya olunub “Qazprom”a köçürüləcək, vəssalam”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər