11 Yanvar 2023 18:01
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər veridiyimiz kimi, yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Müsahibədə bir sıra vacib məqamlara toxunulub.

“Azərbaycandakı inflyasiya idxal edilmiş inflyasiyadır. Dünya iqtisadiyyatının bir parçası olduğumuz üçün bir çox malları idxal edirik və bu istiqamətdə də çalışırıq ki, idxalı əvəzləyən yerli istehsal daha geniş vüsət alsın. Amma hələ təbii ki, idxaldan asılıyıq. Ona görə, əgər belə demək mümkündürsə, inflyasiya Azərbaycana idxal edilib. Keçən ilin nəticələrinə görə 13,9 faiz təşkil edib. Yəni, bu idxal edilmiş inflyasiya ilə bizim mübarizə imkanlarımız kifayət qədər məhduddur”, deyə Prezident qeyd edib.

Maraqlıdır, hökumətinin antiinflyasiya ilə bağlı tədbirlərinin nəticə verməsi üçün hansı addımlar atılmalıdır?

İqtisadçı Xalid Kərimli Teleqraf.com-a bildirib ki, ölkəmizə inflyasiya böyük həcmdə idxalla daxil olduğuna görə hökumətin edəcəyi çox şey qalmır.

Ekspert deyir ki, hökumətin əsas vəzifəsi inflyasiyanın əhalinin həyat səviyyəsinə təsirini minimumlaşdırmaqdır: “Biz hökumətinin antiinflyasiya ilə bağlı atdığı addımları müşahidə etdik. Məsələn, qiymətlərinin kəskin artmaması üçün Azərbaycana idxal olunan buğda 2019-cu ildə əlavə dəyər vergisindən (ƏDV) azad edildi. O cümlədən bir sıra vacib məhsullar üzrə gömrük rüsumları ləğv olundu, subsidiyalar verildi. 2022-ci ildən bu tədbirlərin bəzisi fayda vermədiyi üçün dayandırıldı. Ötən il heyvan yemləri gömrük rüsumundan və ƏDV-dən azad edildi. Bu tədbirlər sonda idxal olunan ərzaq və qeyri-ərzaq məhsullarının çox da bahalaşmamasının qarşını almaqla nəticələnməli idi.

Amma əgər sahibkar əvvəllər hansısa məhsulu 1 manata alırdısa, indi həmin məhsula 2 manat ödəyirsə, təbii ki, qiyməti davamlı sabit saxlaya bilməz. Bu zaman sahibkar özü müflis olar. Ona görə sahibkarlar bunu tədricən qiymətlərə ötürməyə başladı.

Dünyada baş verən inflyasiya işçilərin əməkhaqqılarını artırmağa məcbur edib. Nəticə etibarilə sahibkarların əməkhaqqı xərclərində də mütləq ifadədə artım oldu. Burada əsas səbəb yenə də idxalla əlaqədardır. Yəni işçilərin maaşları o qədər artmadı ki, qiymət səviyyəsini kəllə-çarxa çıxarsın”.

Analitik deyir ki, hökumət artan qiymətlərin əhaliyə təsirini azaltmaq üçün manatı dollarda fiksə edilmiş rejimdə saxlayır: “Manatın məzənnəsi funt-sterlinqə, avroya, lirəyə görə bahalaşdı. Yəni dollar bahalaşdıqca manat da bahalaşır. Ötən il manatın real effektiv məzənnəsi 10 faiz artdı. Bu o deməkdir ki, əgər hökumət manatı bahalaşmağa qoymasaydı, bu gün ümumi inflyasiya 14 faiz yox, daha çox olardı. Amma manatı stabil saxlamaqla inflyasiyanı aşağı saxlamağı bacardı.

Bundan sonra cəmiyyətin maraqlarına birbaşa ziyan vuracaq əsas amil inhisarçıların davranışı ola bilər. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin birbaşa vəzifəsi idxal və istehsal inhisarçılarını müəyyənləşdirmək və onların qiymət qoyması üzərində nəzarəti formalaşdırmaqdır. Tutaq ki, bəzi məhsulların qiyməti artır, sonra qiymət aşağı düşsə də, bu inhisarçılar endirim etmirlər. Çünki təyin etdiyi qiymətə alıcını öyrəşdirib satışını edirlər.

Hökumətin tədbiri rəqabətin genişləndirilməsinə, inhisarçıların üzərində nəzarətin artırılmasına, o cümlədən qiymətin alıcıların xeyrinə formalaşmasına yönəlməlidir. Hökumət və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bazarlarda rəqabətin genişləndirilmək üçün hökmran mövqedən istifadə edərək əhalini talayan inhisarçıları müəyyənləşib cəmiyyətə elan edilməlidir. Hesab edirəm ki, bu addımlar real fayda gətirəcək”.

İlin sonuna qədər inflyasiya ilə bağlı hansı proqnozlar gözlənilir?

Xalid Kərimli hesab edir ki, cari ildə inflyasiya aşağı düşəcək: “Həm Beynəlxalq Valyuta Fondunun, həm Dünya Bankının proqnozlarına görə, bu il inkişaf etmiş və etməkdə olan ölkələrdə inflyasiya təqribən iki dəfəyə yaxın aşağı düşəcək. Dünyanın aparıcı mərkəzi banklarının apardığı sərt pul-kredit siyasəti antiinflyasiya təsiri göstərəcək. Azərbaycandakı inflyasiya da idxal edilmiş inflyasiya olduğuna görə inflyasiyanın idxalda azalması nəticəsində artım səviyyəsi bir qədər aşağı düşəcək.

Qlobal inflyasiyanın yavaşlaması Azərbaycana da müsbət təsir göstərəcək. Ölkəmizdə də qiymət səviyyəsinin aşağı düşəcəyi gözlənilir. Mərkəzi Bankın proqnozuna görə, 2023-cü ildə Azərbaycanda inflyasiyanın səviyyəsi təkrəqəmli olacaq. Təqribən 6.9 faiz inflyasiya gözlənir. Doğrudur, bu da yuxarı səviyyədə bir inflyasiyadır, amma tədricən inflyasiyanın ləngiməsini müşahidə edəcəyik”.


Müəllif: Yeganə Oqtayqızı