10 Fevral 2023 11:19
1 411
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əmanətlərin Sığortalanması Fondunun özbaşınalığı artıb. Hazırda 21 müflis bank ləğv prosesindədir. Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) işi həmin bankların əmlakını baha qiymətlə satmaq və verdiyi kreditləri qaytarmaqdır. Əldə olunan vəsait də kreditorlar (bankda pulu qalmış şəxslər) arasında mütənasib şəkildə bölüşdürülməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyib.

Mütəxəssis bildirir ki, bu prosesin düzgün həyata keçirilməsi üçün şəffaflıq və ictimai nəzarət lazımdır: “İlk növbədə kreditorların nəzarəti gərəkdir, çünki müflis banklar faktiki onlara məxsusdur.

Lakin kreditorlar bu prosesə heç yaxın da buraxılmır. ƏSF onlara adekvat məlumat vermir. Prosesə formal nəzarəti Apellyasiya Məhkəməsi həyata keçirir. Amma həmin məhkəmə icraatı da şəffaf deyil, kredtiorlar komitəsinə heç bir məlumat verilmir. ƏSF sabiq rəhbərlər Azad Cavadov və Vüqar Abdullayevin vaxtında daha şəffaf idi”.

Əkrəm Həsənov fikirlərini bir sıra məqamlarla əsaslandırıb: “Birincisi, ƏSF bankların əmlakını qeyri-şəffaf satır. İkinci, ƏSF bankların əmlakının əksər hissəsini ümumiyyətlə satmır, bəzilərini xəlvəti idarə edib (məsələn, icarəyə verir), gəlir götürür. Üçüncü, ƏSF bankların kreditləri üzrə borcalanlara kreditorların maraqlarına zidd və onlardan xəbərsiz olaraq güzəştlər edir, bəzi kreditləri tələb etmir, iddia müddətlərini buraxır, bu işləri savadsız, qeyri-dürüst aparır və sair.

Dördüncü, ƏSF bankların ləğvinə yüksək və kreditorların maraqlarına zidd şəkildə xərclər çəkir. Beşinci, ƏSF daxil olan vəsaitləri kreditorlar arasında qeyri-dürüst bölüşdürür.

Bu siyahını davam etdirmək olar. Əsas odur ki, bu qanunsuz və özbaşına fəaliyyətinin ifşasından qorxan ƏSF kreditorlara məlumat vermir”.

Çıxış yolu nədir?

Hüquqşünas təklif edir ki, müflis bankların kreditorları birləşməlidir: “İlk növbədə kreditorlar komitələri qurultay keçirməli və mövcud problemləri müzakirə edərək ƏSF-ə qarşı yekdil mübarizə strategiyasını razılaşdırıb hərəkətə keçməlidirlər.

Bu, vacibdir. Çünki kreditorların hüquqları qorunmayan ölkədə əlverişli investisiya mühiti ola bilməz. Həmin ölkəyə pul qoyan olmayacaq, xüsusilə banklara. İnsanların və sahibkarların pulunu əvvəlcə banklar və onlara nəzarət edənlər yeyib dağıdır, sonra da olan-qalan əmlakın başına ƏSF daş salır. Buna son qoyulmalıdır”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər