Qlobal iqtisadiyyat sahəsində 2023-cü il üçün artım proqnozu 1,4 faizdən 2 faizə yüksəlib.
Teleqraf.com xəbər verir ki, bu, “Fitch” Beynəlxalq Reytinq Agentliyinin "Qlobal iqtisadi vəziyyət" adlı hesabatında qeyd olunub.
Agentlik 2024-cü il üçün iqtisadi artım gözləntisini 2,7 faizdən 2,4 faizə endirib.
Hesabat yaxın müddətli perspektivdə yaxşılaşma Çinin COVID-19-dan sonra açılmasını, Avropa qaz böhranının əhəmiyyətli dərəcədə yumşalmasını, eləcə də ABŞ-ın istehlakçı tələbatındakı təəccüblü dayanıqlığını əks etdirir.
“Fitch”in gözləntilərinə görə, 2023-cü ildə ABŞ-ın ÜDM-i əvvəllər proqnozlaşdırıldığı kimi 0,2% deyil, 1% artacaq. Bu il Çin iqtisadiyyatı üçün artım proqnozu da 4,1%-dən 5,2%-ə qaldırılıb. Avrozonada ÜDM artımı proqnozu dekabrdakı 0,2%-dən 0,8%-ə yüksəldilib.
“Fitch”in gələn il üçün artım proqnozu ABŞ üçün 0,8 faiz, Avrozona üçün 1,4 faiz və Çin üçün 4,8 faiz olub.
Agentlik qeyd edir ki, qlobal inflyasiya özünün pik həddini keçib, lakin baza inflyasiyası yüksək olaraq qalır. ABŞ Federal Ehtiyat Sistemi (FED) və Avropa Mərkəzi Bankı (ECB) inflyasiyanın indiki səviyyələrdə möhkəmlənəcəyindən ehtiyat edirlər. Hesabatda maaş təzyiqlərinin mənbəyi olan əmək bazarında balanssızlığın davam etdiyi xatırladılıb.
Agentlik iyun ayında FED-in faiz dərəcəsinin 5,5 faizə, ECB-nin yenidən maliyyələşdirmə dərəcəsinin isə 4 faizə çatacağını təxmin edir.