21 İyul 2023 18:55
1 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mərkəzi Bank pul siyasətinə dəyişikliklər edərək məcburi ehtiyat normalarının diferensiallaşdırılması qaydasına yenidən baxıb”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, təmsil olunduğu komitədə yeni Mərkəzi Bank sədrinin ilk görüşü zamanı məcburi ehtiyat normalarının diferensiallaşdırallaşdırılması müzakirə edilən məsələlərdən olub: “Bazel 4 prinsipi pul siyasətində diferensial və ya selektiv yanaşmanı tövsiyə edir.

Yeni qaydalara əsasən milli valyutada hüquqi şəxslərin depozitlərinin məbləğinin bir milyard manatı, xarici valyutada hüquqi şəxslərin depozitlərinin məbləğinin isə yeddi yüz əlli milyon manat ekvivalentini üstələyən banklar üzrə məcburi ehtiyat normaları bütün öhdəliklər üzrə müvafiq olaraq 10% və 12% səviyyəsində müəyyən olunacaq. Bu məbləğlərdən az olan öhdəliklər üzrə isə uyğun olaraq 5% və 6% səviyyəsində saxlanılır. Praktik olaraq son normalar Mərkəzi Bankın 9 yanvar 2023-cü il qərarında nəzərdə tutulanlardan fərqlənmir. Həmin qərarla da diferensial normalar müəyyənləşmişdi.

Sonuncu qərarla Mərkəzi Bank faiz dəhlizinin maliyyə sektorunda digər faizlərə təsirlərini gücləndirmək məqsədilə sterilizasiya yönümlü daimi imkan aləti üzrə günlük limitin gələn ayın 15-dən etibarən ləğv edir. Mərkəzi Bank bu addımı banklararası bazarda fəallığın və bankların likvidlik mövqeyinin əhəmiyyətli dəyişməsilə izah edir.

Mərkəzi Bankın son qərarının kredit faizlərinə xüsusi təsir edəcəyi gözlənilmir. Belə ki, diferensial normalar praktik olaraq dəyişdirilmir və günlük limitin ləğvi isə daha çox likvidliyinin idarə edilməsilə bağlıdır. Mərkəzi Bankın uçot dərəcəsinin banklararası bazarda əməliyyatlara təsiri olsa da, onun kredit faizlərinə xüsusi təsiri hiss olunmur. Bu baxımdan da, kredit bazarına təsir edəcək digər alətlərdən daha fəal istifadəyə ehtiyac var”.


Müəllif: Yeganə Oqtayqızı