6 Sentyabr 2023 14:59
1 614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər qızılın dünya bazar qiymətində dalğalanmalar müşahidə olunur.

Sentyabrın 4-nə olan məlumata görə, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0. 21% bahalaşaraq 1 971 ABŞ dollarını keçib.

Sentyabrın 5-də qızılın qiyməti 0,14% azalaraq, 1 964,3 ABŞ dollarına bərabər olub. Gümüşün bir unsiyasının qiyməti isə 1,37% azalaraq, 24,23 dollar təşkil edib.

Bu günə olan məlumata görə, qızılın qiyməti 0,01% azalaraq, 1 952,5 ABŞ dollarına bərabər olub. Gümüşün bir unsiyasının qiyməti isə 0,05% artaraq, 23,89 dollar olub.

Ukraynaya təcavüzdən sonra ABŞ administrasiyası Rusiyaya dollar əskinaslarının ixracını, təkrar ixracını, satışını və tədarükünü qadağan etdi. Avropa İttifaqı isə turistlər və diplomatlar istisna olmaqla, Rusiyaya avro əskinaslarının tədarükünə qadağa qoyduğunu elan etdi. Bu tədbirlər Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyalar paketinin tərkib hissəsi sayılır.

Müharibə ərəfəsində Rusiyanın maliyyə orqanları faktiki olaraq valyuta və qiymətli metalların kütləvi ixracına qapı açdı. 2020-ci ilin aprel ayında Rusiya hökuməti Sənaye və Ticarət Nazirliyinə Maliyyə Nazirliyi ilə razılaşdırılmış ərizə əsasında istehsalçılara metal ixracı üçün lisenziyalar verməyə icazə verdi. Həmin ildə Rusiya qızıl ixracını üç dəfə artırıb və banklar 34,5 ton külçə sataraq qızıl ehtiyatlarını təxminən 40% azaldıb.

Bir çox investorlar düşünürdü ki, Rusiyaya tətbiq olunan iqtisadi sanksiyalar və məhdudiyyətlər fonunda əlvan metalın qiymətlərində yüksək volatillik yaranacaq. Lakin ticarət sessiyasının açılışında yaranan cüzi artımdan savayı qızıl qiymətlərində ciddi dəyişiklik müşahidə olunmadı.

Maraqlıdır, hazırda dünya bazarlarında qızıl qiymətlərində hərəkətlilik yaradan faktorlar nədir?

İqtisadçı Rəşad Həsənov Teleqraf.com-a bildirib ki, son illər qızıl bazarında qiymət volatilliyi artıb.

O qeyd edib ki, qızıl investisiya baxımından nisbətən təhlükəsiz alətlərdən biri hesab olunur: “Son zamanlar Çində bir çox struktur problemləri ciddi şəkildə özünü göstərir. Xüsusən daşınmaz əmlak sektorunda yaranan kəskin qiymət artımı, ölkə iqtisadiyyatının artım tempinin gözləntilərin altında qalma riskləri qarşılığında bazarlarda təşviqləri artırıb.

Çünki Çin dünyanın ikinci ən böyük iqtisadiyyatıdır və son illərdə qlobal iqtisadi artımın ən böyük tələb formalaşdıran əsas iştirakçılarından biridir. Daşınmaz əmlak bazarında yaranmış son situasiya və inşaat sektorunda olan böhran dalğası Çin iqtisadiyyatını resessiyaya (iqtisadi fəallığın davamlı geriləməsi) doğru apara bilər. Bu risklər fonunda investorlar müəyyən mənada daha fərqli alətlərə investisiya etməyə başlayıblar.

Başqa sözlə, son günlər qızılın qiymətində yaranan volatillik daha çox investorların baş verən hadisələrə ilkin reaksiyasıdır.

Həmçinin aparıcı investisiya bankı “Goldman Sachs” tərəfindən ABŞ iqtisadiyyatının resessiyası ilə bağlı risk ehtimalı aşağı salındı. Bu da volatilliyi nisbətən artırdı və bazarlarda yenidən qızılın qiymətində tarazlaşma istiqamətli meylləri gücləndirdi”.

Analitikin sözlərinə görə, dünya bazarında baş verən dəyişikliklər Azərbaycan bazarına nisbətən gecikmiş formada təsir edir: “Qiymət dəyişikliyi külçə bazarında birbaşa öz əksini tapsa da, zinət əşyaları bazarında vəziyyət bir qədər fərqlidir. Azərbaycan bazarı kiçikdir və dünyada gedən proseslərə intensivliyi çox zəifdir. Bu baxımdan yerli bazarda qiymət dəyişikliyi nisbətən uzun zaman ala bilir. Bahalaşma dövründə tədarükçülər qiyməti tez qaldırır, amma ucuzlaşma dövründə bu proses gecikir. Çünki yeni partiya ucuz məhsulun alınıb gətirilməsi zaman alır. Bu baxımdan Azərbaycanın daxili bazarında əmtəə üzərində yalnız bahalı satış qiymətləri əks olunur”.

Rəşad Həsənovun qənaətincə, hələlikdə qlobal iqtisadiyyat üçün müxtəlif istiqamətlərdə risklər qalır: “Həm ABŞ, həm Çin, həm də Avropa iqtisadiyyatına müsbət və mənfi istiqamətli meyllər müşahidə olunur. Bu halda qızıl əsas investisiya aləti olma funksiyasını qoruyacaq və qiymətlərin artan istiqamətdə meylliyi müşahidə olunacaq. Hesab edirəm ki, kəskin qiymət artımı olmayacaq, amma qızıl yenə də investisiya aləti olaraq gəlir gətirən məhsullardan biri olaraq qalacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər