21 Sentyabr 2023 17:50
1 945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan İnvestisiya Holdiqinin (AİH) tərkibinə daxil olan daha bir dövlət şirkəti cari ilin ilk yarısını zərərlə tamamlamayıb. Söhbət “AzerGold” QSC-dən gedir.

Cəmiyyətin yarımillik audit hesabatına əsasən, 2023-cü ilin ilk 6 ayında 40.36 milyon dollar cəmi gəlir əldə edib ki, bu da 2022-ci ilin analoji dövründən 7.74 milyon dollar və ya 16 faiz azdır. Dövlət şirkətinin satışlarının maya dəyəri 32.32 milyon dollar olmaqla illik müqayisədə 5.53 milyon dollar və ya 21 faiz azalmadır.

Beləliklə, bütün gəlir və xərclər fərqindən sonra dövlət şirkəti ötən yarım ili 1.17 milyon dollar xalis zərərlə tamamlayıb. Halbuki 2022-ci ilin ilk yarısında 11.21 milyon dollar xalis mənfəət əldə etmişdi.

Qeyd edək ki, cari ilin 7 ayında “AzerGold” xətti ilə xaricə 39.4 milyon dollar həcmində məhsul ixrac edilib. 2022-ci ilin eyni müddətində bu göstərici 44.1 milyon dollar olub.

Maraqlıdır, dünyada qızıl qiymətlərinin yüksəldiyi bir vaxtda dövlət şirkətinin satışlarının və maya dəyərinin azalması nə ilə bağlıdır?

İqtisadçı alim Fuad İbrahimov Teleqraf.com-a açıqlamasında deyib ki, dövlətdən dotasiya alan şirkətlərin səmərəliliyini artırmaq, büdcəyə yük olmamaları üçün İnvestisiya Holdinqinin tərkibinə verilib.

İqtisadçı bildirib ki, pul qazana bildiyi halda bu dövlət şirkətlərinin zərərlə üzləşməsi başadüşülən deyil: “Maraqlıdır, Dövlət Neft Şirkəti, “Azərbaycan Hava Yolları" QSC, “Azərbaycan Dəmir Yolları" QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “AzerGold" QSC, Azərsığorta, “Azər-Türk Bank” ASC, "BakuBus" MMC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Bakı Metropoliteni” QSC, “Təmiz şəhər ASC", “Azərenerji" ASC, “Azərsu" ASC, “Azərişıq" ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, “Azəristiliktəchizat” ASC, “Azərpoçt" MMC, “Azerbaijan International Telecom" MMC kimi gəlir gətirən dövlət müəssisələri nə üçün zərərlə üzləşirlər? Əslində, İnvestisiya Holdinqi idarəetməsində olan bu dövlət şirkətlərinin zərərlə işləməsini araşdırıb qısa zamanda bunu aradan qaldırmalı idi. Amma görünən odur ki, dəyişən heç nə yoxdur, proses təkrarlanır.

Desək ki, hazırda dünya bazarlarında əlvan metalın qiyməti enib və “AzerGold”un xərcləri çox olub, bu, doğru olmaz. Ən azından 2015-ci ildən bu günə qədər olan dövrdə bir unsiya qızılın qiyməti 1100-1200 ABŞ dollarından 1 900-2 000 ABŞ dolları dəhlizinə qədər qalxıb. Yəni qiymətlər artıb, zərərin qiymətlə bağlı olduğunu düşünmürəm. Ola bilər hasilat az olub, amma xərclər öz yerində qalıb. İstənilən halda bu, normal vəziyyət deyil.

Bunun açıqlamasını əsaslandırılmış şəkildə İnvestisiya Holdinqindən tələb etməliyik. Çünki cənab Prezident bu qurumu yaradanda qısa zaman kəsiyində adıçəkilən dövlət şirkətlərinin büdcəyə yük olmaması və onların xərclərinin təkmilləşdirilməsi, səmərəliliyinin, eləcə də şəffaflığının artırılması məqsədilə yaratmışdı. Amma bu dövlət şirkəti maliyyə hesabatını açıqlayıb hələ də zərərlə qarşılaşdığını açıqlayır, səbəbləri barədə isə detallı məlumat yaymır. Əlvan metal birjalarından görürük ki, qiymətlər yüksələn istiqamət üzrə hərəkət edir. Statistik məlumatlarda hasilat üzrə dövriyyədə bir artımın olduğu müşahidə olunur. Əgər hasilat azalıbsa, heç olmasa, bu məlumat qeyd olunmalı idi. Amma hasilatın azalması da məntiqə sığmır”.

Analitik “AzerGold" QSC-nin Azərbaycandan qızıl ixrac edən vahid flaqman bir cəmiyyət olduğunu düşünür: “Hansısa sahibkar fəaliyyətində qızılın satışını təşkil edə bilər. Amma “AzerGold"un ixrac həcmini heç kim edə bilməz.

Əslində dünya bazarlarında əlvan metala tələbat artıb. Çünki bir çox ölkələr – Rusiya, Çin, o cümlədən qardaş Türkiyə iki ilə yaxındır ki, öz ehtiyatlarını qızıl ifadəsində artırıb. Bu addımlar dollardan imtina etmək məqsədilə atılır. Bu nöqteyi-nəzərdən deyə bilərik ki, bu il qızıla olan tələbat artıb. Ancaq belə bir məqamda “AzerGold"un qızıl hasilatının azalması fikri yarana bilər”.

Daxili bazardakı vəziyyəti şərh edən mütəxəssis bildirib ki, ölkədaxili qiymət birjalara bağlıdır: “Hazırda dünya birjalarında ticarət hansı istiqamətə aparılırsa, ona uyğun da qiymət diapazonu yaranır. İşçilik malın üzərinə gəlir və qızılın qiyməti formalaşır. Yəni zərgərlik işinin üzərinə birja qiymətləri də əlavə olunur.

Ümumiyyətlə, Azərbaycanda idxal olunan təmiz qızıl külçələrin və məmulatların statistik göstəriciləri şəffaf deyil. Çünki idxal-ixrac əməliyyatlarında gömrük rəsmiləşdirməsi və ondan sonrakı proseslər barədə dəqiq məlumat yoxdur. Qanunvericiliklə idxal-ixrac prosesinin idarəetmə üsulunu hələ tapa bilməmişik. Bir neçə sahədə buna bənzər hallar var. Məsələn, nərə cinsli balıqların ölkədaxili ticarəti başda olmaqla qızıl sahəsində də şəffaflığın həyata keçirilməsinə ehtiyac var. Ona görə də bu sahədə dəqiq rəqəmlər mövcud deyil”.

Fuad İbrahimova görə, İnvestisiya Holdinqi yarandığı dövrdən bu günə qədər nə bir hesabat yayıb, nə də brifinq keçirib: “Bu qurumun hesabatlılığını görməmişəm. Heç vaxt açıqlanmayıb ki, holdinq yaranandan sonra tərkibinə verilən dövlət şirkətləri nə qədər mənfəət əldə edib. Varlığı ilə yoxluğu bilinməyən boş bir qurumdur. Halbuki bu qurumun yaranma məqsədi ölkə başçısına təqdim ediləndə böyük gözləntilər var idi. Ancaq İnvestisiya Holdinqinin icra mexanizmini həyata keçirən məmur qrupu onu müasir dövrün tələblərinə uyğun idarə etmir. Hesab edirəm ki, ölkə rəhbəri müdaxilə etməlidir. Hələlik bu qurum hesabat verməyi özlərinə borc bilmir”.

Teleqraf.com “AzerGold” QSC-yə sözügedən zərərlə bağlı sorğu göndərib.

Qurumdan bildirilib ki, ölkəmizin əsas ixracatçı dövlət şirkətlərindən biri olan və fəaliyyətə başladığı dövrdən mənfəətlə çalışan “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) qiymətli metalların hasilatı və ixracatı istiqamətində fəaliyyətini uğurla davam etdirir:

“2023-cü ilin yanvar-avqust aylarında QSC tərəfindən 28.1 min unsiya qızılın hasilatı, 23.1 min unsiya qızılın ixracı həyata keçirilib. Bununla cari ilin ilk 8 ayı üçün müəyyənləşdirilmiş qızıl hasilatı planı 0.5%, qızıl ixracı planı isə 3% artıq icra edilib. Ümumilikdə, cari il üzrə 62.5 min unsiya qızıl hasilatı və ixracı planlaşdırılıb ki, bu da ötən ilin göstəriciləri ilə müqayisədə hasilatda 1%, ixracda isə 4.4% daha artıq hədəfdir. Hasilat göstəricilərində müşahidə edilən planlı azalma Cəmiyyətin istismarı aparılan əsas qızıl mədəni “Çovdar”ın sulfid mərhələsi üzrə geoloji reallığı əks etdirir. Belə ki, hazırda qızıl mədənində oksid fazasından mürəkkəbliyi ilə seçilən sulfid qatına keçid mərhələsində daha aşağı zənginlikdə olan filizlərin hasilatı aparılır. Xüsusilə qeyd edək ki, cari ilin sonunadək plan üzrə davam etdirilən uğurlu fəaliyyət nəticəsində ilin sonunadək müəyyənləşdirilmiş illik hasilat və ixrac hədəflərinin üstələnməsi, beləliklə 8 ay üzrə müəyyən azalmaların bərpa edilməsi nəzərdə tutulub”.

Cəmiyyətdən verilən məlumatda o da qeyd olunub ki, cari ilin sentyabrın 1-nə QSC tərəfindən qiymətli metalların yerli və xarici bazarlarda satışı nəticəsində əldə etdiyi ümumi gəlir 1 milyard 49 milyon 202 min manata çatıb:

“Əldə edilən vəsaitin 1 milyard 6 milyon 40 min manatını ixrac gəlirləri, 43 milyon 162 min manatını isə daxili bazar satışlarından əldə edilən gəlirlər formalaşdırır”.

Xatırladılıb ki, 2017-ci ildə Daşkəsən rayonunda yerləşən yalnız 1 mədənin – “Çovdar” qızıl yatağının istismarı ilə yola çıxan “AzerGold” QSC ötən 7 il ərzində “Çovdar” yatağının cinahlarında, Daşkəsən və Göygöl rayonlarının ərazisində yerləşən daha 3 qızıl mədənini istismara verməyə nail olub. 2021-ci ildə “Ağyoxuş-1” qızıl mədənində istismar işləri tamamlanıb, “Çovdar”, “Mərəh” və “Tülallar” mədənlərində isə hasilat prosesi davam etdirilir. Paralel olaraq “AzerGold” QSC tərəfindən Naxçıvan Muxtar Respublikası, Balakən və Kəlbəcər rayonlarında mövcud qızıl, mis və digər əlvan metal sahələrində müxtəlif mərhələlərdə olan kəşfiyyat və tədqiqat işləri davam etdirilir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər