19 Oktyabr 2023 13:33
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rəqəmlər göstərir ki, “Muğan Bank”ın müflis olması bank sektorunun maliyyə dayanıqlığı üçün təhdid yaratmır”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat Mərkəzi Banka istinadla bildirib ki, “Muğan Bank”ın ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4%, kredit portfelində 2%, sektorun öhdəliklərində isə cəmi 1,3% təşkil edir:

“Müflis elan edilən bankın internet səhifəsi də artıq aktiv deyil. Mərkəzi Bankın elan etdiyi rəqəmlərlə yanaşı “Muğan Bank”ın fəaliyyəti ilə bağlı digər bir sıra göstəricilər də diqqəti cəlb edir. Məsələn, cari ilin sentyabrın 1-nə olan məlumata görə, aktivlərin həcminə görə “Muğan Bank” Azərbaycanda fəaliyyət göstərən 24 bank arasında 16-cı sırada olub. Yəni, aktivlərin həcminə görə banklar arasında ən sonuncu yerlərdə qərarlaşıb.

Bankın aktivləri 647 milyon 971 min manata bərabər idi. Bununla yanaşı, aktivlərdə azalma faizinə görə ən pis göstəriciyə malik olub. “Muğan Bank”ın həmin müddətdə aktivləri 18.9 faiz azalıb.

Digər tərəfdən, bu ilin ilk 9 ayında 3 bank zərərlə işləyib. 1 milyon 287 min zərəri qeydə alınan “Muğan Bank” həmin müddətdə mənfəətə həsrət qalan 3 bankdan biri olub”.

İqtisadçının sözlərinə görə, Mərkəzi Bank “Muğan Bank”ın ümumi kredit portfelinin həcmini açıqlamayıb: “Bununla yanaşı, baş bank bildirib ki, 2023-cü ilin III rübünün sonuna bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 milyon manat təşkil edir. Mərkəz Bank elan edib ki, bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq.

Üçüncü rübün yekunlarına əsasən, “Muğan Bank”da depozitlərin həcmi 322 milyon 478 min manat olub. Əgər son 18 gün ərzində əmanət portfelində dəyişiklik baş verməyibsə, o zaman bankın 105 milyon 778 min manat sığortalanmamış əmanəti olub.

“Muğan Bank”ın müflis olması bir daha göstərir ki, vətəndaşlarımız əmanət yerləşdirən zaman həm bankın maliyyə göstəricilərinə, həm də hesabatlığına xüsusi diqqət yetirməlidirlər. Mövcud qaydalara əsasən, məbləği 100 min manatdan çox olmayan manatla 12, xarici valyuta ilə 2.5 faizədək divident ödənilən əmanətlər sığortalanır. Bu baxımdan, əmanətləri sığortalanan paket çərçivəsində banklarda yerləşdirməklə risklərdən qoruna bilərsiniz”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər