4 Dekabr 2023 15:02
9 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

Yeganə Oqtayqızı: Vahid müəllim, artıq cari il yekunlaşır, növbəti ilin dövlət büdcəsi parlamentdə təsdiqini tapıb. Qanun layihəsinə görə, 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri isə 36 milyard 763 milyon manat məbləğində təsdiq edilib. Yeni ilin iqtisadi-sosial proqnozları və gözləntiləri barədə nə deyə bilərsiniz?

- Bu il bəzi sahələr üzrə kifayət qədər uğurlu il oldu. Xüsusilə Qarabağla bağlı məsələlərdə. Baxmayaraq ki, bir sıra xarici qüvvələr hədə-qorxu gəlir, təhdidlər edir, amma dövlət başçımızın apardığı uğurlu xarici siyasət nəticəsində bu məsələ faktiki olaraq bitib.

2023-cü ilin dövlət büdcəsini hələ yekunlaşdırmamışıq. Bu baxımdan hələ konkret rəqəmlərdən danışmaq mümkün deyil. Çünki ilin sonuna bir aya qədər vaxt var, bəzi rəqəmlər dürüstləşdirilməlidir. Deyə bilərəm ki, müəyyən qədər artımlar var, amma kifayət qədər yüksək deyil. İndiki səviyyədə artımın olması istər ümumi daxili məhsulda (ÜDM), istər əmək haqlarında, istərsə də pensiyada kifayət qədər müsbət məqamlardır.

2024-cü ilin dövlət büdcəsini artıq iki oxunuşda qəbul etmişik. Çox güman ki, dekabrın 10-na qədər üçüncü oxunuşda da qəbul edəcəyik. Növbəti ilin dövlət büdcəsinin gəlir və xərc hissəsinə, eləcə də sosial sahədə müəyyən məqamlara toxunmuşuq.

Ümumiyyətlə, Azərbaycanın dövlət büdcəsində prioritet sahələrə dövlət başçısı daha çox diqqət yetirir. Növbəti ilin büdcəsinin təxminən 43 faizi, yəni 15.5 milyard manatı sosial sahələrə ayrılır. Xüsusilə əmək haqlarının, pensiya və müavinətlərin artırılması, eləcə də şəhid ailələrinə, qazilərə evlərin tikilməsi və digər sahələr siyahıda öndədir.

Müdafiə və təhlükəsizlik məsələləri bizi həmişə narahat edib. Bu sahəyə gələn ilin dövlət büdcəsindən təxminən 9.2 milyard manat və ya 25.5 faiz vəsait ayrılacaq. Bu, böyük rəqəmdir və olduqca əhəmiyyətlidir. Çünki dünyada çox ciddi silahlanma gedir. Bölgəmizə də maraq kifayət qədər böyükdür. Ümumiyyətlə, Cənubi Qafqaz həmişə diqqət mərkəzində olub. Çünki bura Avropanın, Asiyanın kəsişən nöqtəsidir, maraqlı qüvvələr çoxdur.

Azərbaycan faktiki olaraq 70 il SSRİ-nin tərkibində, Kremlin rəhbərliyi altında, 32-33 il olar ki, müstəqil dövlət kimi fəaliyyət göstərib. Xüsusilə Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə Azərbaycan çox müstəqil siyasət yürüdür. Qonşularla əlaqələri yaxşı qurub-saxlayır, siyasəti müstəqildir, ona heç kim təzyiq göstərə bilməz. 44 günlük Vətən müharibəsi, daha sonra sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatı bir daha sübut etdi ki, dövlət başçısı heç kimə fikir vermədən ordunu gücləndirdi, təhlükəsizliyi təmin etdi və ərazi bütövlüyümüzü bərpa etdi.

Müdafiə və təhlükəsizlik məsələsi bizim üçün çox önəmlidir. Ona görə də bu sahəyə kifayət qədər vəsait ayrılıb.

Yeganə Oqtayqızı: Növbəti ilin dövlət büdcəsində prioritet xərc istiqamətləri nələrdi?

- Hazırda Azərbaycan üçün prioritet məsələ Qarabağda həyata keçirilən infrastruktur layihələrinin gerçəkləşdirilməsidir. Gələn ilin dövlət büdcəsindən Qarabağda bərpa-quruculuq işlərinə 4 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulub.

Ümumiyyətlə, müharibə bitən vaxtdan – 2020-ci ilin noyabrın 20-dən bəri Qarabağa 12 milyard manata yaxın vəsait ayrılıb. Bu vəsait hesabına orada kifayət qədər də böyük işlər görülüb. Bu işləri bəlkə başqa dövlətdə heç 10 ilə də görmək mümkün deyildi. Yerlə yeksan olunmuş şəhərlər sıfırdan bərpa edilir.

İlk növbədə kommunikasiya sahəsində əhəmiyyətli layihələr həyata keçirilir. İşğaldan azad olunmuş ərazilərimizə təbii qaz, elektrik, su xətləri, eləcə də yollar çəkilir. Bunlar böyük vəsait tələb edən məsələlərdir.

İndiyə qədər Qarabağın bərpasında hələlik, iki dövlət iştirak edib – Özbəkistan məktəb , Qazaxıstan isə mədəniyyət obyekti inşa edir. Qalan bütün işlər Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilir. Əvvəla deyim ki, dövlət büdcəsindən Qarabağın bərpasına ayrılan vəsait çox böyük deyil. O əraziləri bərpa edib, heç olmasa əvvəlki səviyyəyə çatdırmaq üçün bəlkə 100 milyardlarla manat vəsait lazım olacaq.

Qarabağa maraq göstərənlər, investisiya yatırmaq istəyənlər çoxdur. Amma dövlət başçısının bir prinsipi var. 44 günlük müharibədə Azərbaycanın yanında hansı dövlət olubsa və ölkəmizin haqq səsini müdafiə edibsə, onlar da bu sahədə işləyə biləcəklər. Burada əsas yeri Türkiyə, İtaliya və digər dövlətlər tutur. İndi onlar həmin ərazilərdə müəyyən layihələri həyata keçirirlər.

Türkiyə bizim əsas tərəfdaşımız olduğu üçün iki dövlət arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb. Tərəflər regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklərinə dair təminat verib.

Sosial sahədə pensiya artımı, sosial yardımlar, uşaqlarla bağlı məsələlər, müharibə veteranlarına verilən müavinətlərin müəyyən qədər artırılması və digər bu kimi məsələlər çoxdur. Parlamentin komitə və plenar iclaslarında da bu məsələlərə toxunmuşuq. İqtisadiyyat naziri, Maliyyə naziri, Əmək və əhalinin sosial müdafiəsi naziri bizim suallarımıza cavab veriblər.

Biz onların arqumentlərini qəbul edirik, amma bizim də o məsələlərə öz baxışımız var. Ümumi götürsək, 2024-cü ilin dövlət büdcəsi kifayət qədər əhatəli tərtib olunub.

Qurban Yaquboğlu: Vahid müəllim, Qarabağın tam bərpası üçün nə qədər vəsaitin lazım olduğuna dair rəqəm varmı?

- Bu rəqəm hələ hesablanmayıb. Amma Prezidentin göstərişinə uyğun olaraq Qarabağın bütün rayonları ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi plan təsdiqləyib. Yəni orada hər şey planlı şəkildə həyata keçirilir.

Bəzən sual verilər ki, orada hansısa işləri görmək üçün niyə icazə verilmir. Cənab Prezident Qarabağda bütün sahələri, o cümlədən, turizmi inkişafına daha çox diqqət yetirir. Çünki oralar çox səfalı yerlərdir, mən onların hamısında olmuşam. Ərazidə yetərli mineral ehtiyatlar var, turizm üçün imkanlar böyükdür. Ona görə də işlər planlı şəkildə həyata keçirilir ki, sabah problem olmasın.

Qurban Yaquboğlu: Hərçənd sosial şəbəkələrdə əsasən tikinti işlərindən irəli gələn müəyyən narazılıqlar var...

- Məsələdən məlumatlıyam. Mənim orada yaşayan insanlarla münasibətim var. Parlamentdə o rayonları təmsil edən millət vəkilləri ilə də söhbətlər etmişəm. Oxudum ki, guya Laçında evlərdə problem olub.

Ola bilər ki, bir-iki evdə problem olsun, bu, böyük şey deyil, düzələcək. Hələ tikinti gedir. O zonaya gedirsən, elə bil, tikinti meydançasıdır. Cənab Prezident Laçına dəfələrlə səfər edib, faktiki olaraq ayda 2-3 dəfə o zonaya gedib işlərin gediaştı ilə maraqlanır, nəzarətdə saxlayır.

Digər bir məsələ isə iş yerləri ilə bağlıdır. Orada binalar tikilir, yollar çəkilir, infrastruktur layihələr həyata keçirilir və sair. Yəni iş yerləri ilə bağlı problem olmamalıdır.

Amma tərəfdarıyam ki, oraya köçüb yaşayan sakinlərə 3-5 il müddətinə müəyyən müavinətlər və torpaq sahəsi verilsin. Onlar torpaq sahəsindən istifadə edib heç olmasa öz ehtiyacların qarşılamağa malik olsunlar. Bu məsələlərə baxılacaq. Deyir, Moskva birdən-birə tikilməyib ki...

Təsəvvür edirsiniz, o boyda zona yerlə yeksan olub, bir bina da ayaqda qalmayıb. Yalnız işğalçıların son illər Laçında tikdiyi evlər qalıb, bir də Xankəndində.

Tapdıq Qurbanlı: Vahid müəllim, parlamentdə büdcə müzakirələri zamanı ən çox sosial sahədə müraciətlərin olduğunu bildirdiniz. Hətta Sahil Babayevlə bağlı məsələni gündəmə gətirdiniz. Həmkarınız Musa Quliyev nazirin müdafiəsinə qalxdı...

- Mənim Sahil Babayevlə heç bir problemim yoxdur. Ötən gün bir yerdə iclasda olduq, bəzi məsələləri müzakirə etdik. Lazım olanda da görüşürəm.

Həmişə deyirəm ki, millət vəkilləri əhali ilə işləyir. İldə Qubada 12-13 qəbul keçirirəm, o cümlədən Bakıdakı deputat ofisinə də gəlib müraciət edənlər olur. Bir çox bölgələrdən müraciətlər daxil olur. Əhalinin içində olan millət vəkilləriyik, onların nə istədiyini bilirik. Parlamentdə də həmin məsələləri müzakirəyə çıxarırıq.

Sahil Babayevin apardığı islahatların əksəriyyətin qəbul edirəm. Çünki onlar vacibdir, islahatsız dövlət, hökumət və ya nazirlik fəaliyyət göstərə bilməz. Məsələn, nazir əsassız, saxta əlillik təyinatı ilə bağlı islahat apardı. Bilirdik ki, saxta əlillik verilib, bunu öyrənmişdik. O da bunu qaydaya saldı.

Sonra elektron hökuməti həyata keçirdi, DOST Mərkəzləri yaratdı və sair. Ümumiyyətlə, bu nazirlik çox ağır nazirlikdir. Biz ünvanlı sosial yardımla bağlı da müəyyən şikayətlər alırıq. Bəziləri deyir ki, bu, ələbaxmlılıqdır. Mən belə hesab etmirəm. Biz o vaxt qanunları qəbul edəndə bunların hamısını fikirləşirdik.

İnsanın dolanması üçün birinci onun iş yeri olmalıdır. Əgər iş yeri varsa, problem də yoxdur, o gedib işləyəcək, axşam evinə çörəyin də gətirəcək. Bölgələrdə kifayət qədər iş yerlərinin olmaması höküməti və Milli Məclisi belə qanunları qəbul etməyə vadar edir. 2024-cü ilin dövlət büdcəsini balanslaşdırmaq üçün Dövlət Neft Fondundan 12.7 milyard manat vəsait transfer etmişik. Halbuki Neft Fondunun gəlirləri toplanmalı, səmərəli idarə edilməli və gələcək nəsillərə saxlanılmalıdır.

Amma indi vəziyyət Fondun ehtiyatlarından istifadə etməyi tələb edir.

Yeganə Oqtayqızı: Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyinə əsasən, növbəti ildə də minimum əməkhaqqının 345 manat olması nəzərdə tutulur. Yəni əhalinin sosial rifahının yaxşılaşdırılmasına ehtiyac yoxdur? Rəyi necə başa düşək?

- Hesablama Palatasının rəylərini biz də oxuyuruq. Söhbət minimum əməkhaqqı, yəni yaşayış minimumundan gedirsə, burada prinsiplər var. Adi bir misal çəkim. Dövlət başçısı bölgələrdə iş yerlərinin məhdud olmasını nəzərə alaraq hər il büdcədən təxminən 5 milyon manat ayırır. İşsiz şəxslərin məşğulluğunu təmin etmək üçün icra hakimiyyətinə imkan verir ki, onları ictimai işlərə cəlb etsin. Onlara aylıq təxminən 300 manata yaxın vəsait verilir. Mən də istəyirəm ki, bu məbləğ 300 yox, 500, 600 manat olsun.

Ona görə də hər il yaşayış minimumunu və minimum əməkhaqqı üzərində daim artımlar gedir.Yaşayış minimumu 2023-cü ildə 246 manat idisə, 2024-cü ildə 270 manat olacaq. Minimum əməkhaqqı 2022-cü ildə 300 manat idisə, 2023-cü ildə 45 manat artırılaraq 345 manat olubdu. Hazırda inflyasiya 12 faizə yaxındır. Deyirlər, il sonuna qədər 9.5 faiz olacaq. Gələn il inflyasiyanın 5.3 faiz olacağı planlaşdırılır. Verilən rəqəmlər budur. Minimum əməkhaqqının və yaşayış minimumunun artırılması prosesi həmişə nəzarətdədir.

Amma bunlar hamısı imkan daxilindədir. Mən də bilirəm ki, bu önəmli vəsaitdir və azdır. Bu da istehlak səbəti ilə ölçülür. Bu səbətdə 500-dən çox məhsul var.

Yeganə Oqtayqızı: Səbətin strukturuna toxunacaqdım. Azərbaycan hələ də 2009-cu ildə təsdiq edilmiş minimum istehlak səbətinin tərkibini dəyişməyib. Bu ritorik görüntü niyə yenilənmir?

- Statistika Komitəsinin rəhbərinin və həmkarım Əli Məsimlinin də iştirakı ilə bu məsələni komitə iclaslarında müzakirə etmişik. Həmişə demişəm, o səbətə bir neçə istiqamətdə baxılmalıdır.

Birinci, ərzaq təhlükəsizliyi məsələsinə baxılmalıdır. Ötən il dövlət başçısı ərzaq təhlükəsizliyi, xüsusilə ərzaq buğdası ilə bağlı əlavə 200 milyon manat vəsait ayırdı ki, Azərbaycanda buğda istehsalı artsın. Bu gün özümüzü ərzaqla təmin edə bilmirik. Özünü heç olmasa 80 faiz ərzaqla təmin edə bilməyən dövlət təhlükəsiz hesab edilə bilməz.

Qurban Yaquboğlu: Azərbaycanda bu rəqəm neçə faizdir?

- Bu rəqəm aşağıdır, təxminən 60-65 faizə yaxındır. Doğrudur, bu göstəricinin nə qədər olduğunu deyən yoxdur, amma təxminən bilirəm ki, bu rəqəmə yaxındır. Bununla bağlı da iş gedir. Elə ərzaqlar var ki, Azərbaycanda kifayət qədərdir, amma onu ixrac edirik. Elə ərzaq da var ki, ölkəmizdə heç satışı yoxdur.

Səbətdə elə məhsullar var ki, insan onu bəlkə də 20-30 ildə bir dəfə alıb istifadə edir. Məsələn, soyuducu, televizor, avtomobil və sair. Yəni belə şeylər səbətə daxil edilməməlidir. Səbətin yenilənməsinə ehtiyac var.

Qeyri-ərzaq məhsullarının siyahısında xeyli məhsul var ki, onları səbətə salmaq olmaz. O məhsullar səbətə daxil edilməlidir ki, onlara gündəlik tələbat olsun.

Səbətin dəyərinin müəyyən edilməsi ilə bağlı Statistika Komitəsi hökumətlə birgə işləyir. Yəqin ki, müəyyən olunacaq.

Yeganə Oqtayqızı: Sizcə, mövcud şəraitdə səbətin rasional tərkibi necə olmalıdır?

- Mövcud şəraitdə səbətin tərkibinə ərzaq və qeyri-ərzaq məhsulları daxil edilməlidir. Hansı ki, insanlar heç olmasa 1 il ərzində ondan istifadə edirlər. Səbət illik müəyyən edilir. Əgər 10 ildən bir nəsə alınırsa, onu səbətə əlavə etməyə ehtiyac yoxdur.

Yeganə Oqtayqızı: Vahid müəllim, gələn il orta aylıq əməkhaqqı 980 manat proqnozlaşdırılıb. Bu isə 2023-cü il üzrə müəyyən edilən göstəricidən (927 manat) 5,4% çoxdur. Sizcə, yola salmaqda olduğumuz ildə 927 manatı əhalinin neçə faizi ala bilib?

- Bəli, parlamentdə bu məsələyə də toxunmuşam. Bütün insanlar o məbləğdə əməkhaqqı ala bilmir. Bu ilin orta aylıq əməkhaqqısı 930 manatdır, gələn il 980 manat olacaq. Açığı, bu, yaxşıdır, amma ortalama rəqəmlərdi.

Biz bir tərəfdə ictimai işlərdə çalışanlara aylıq 300 manat veririk, pensiyaları çox olmasa da, artırırıq. Ona görə də bizim üçün bir nömrəli problem iş yerlərinin açılmasıdır. İş yeri olsa, problem olmaz. Əməkhaqqı 980 yox, 1000-1500 manat ola bilər, hamının da o vəsaiti almaq imkanı olar.

İş yerinin olmaması bizim üçün problem yaradır. Məcburuq ki, aşağı maaş alanlara dövlət büdcəsindən müəyyən qədər yardımlar edək, heç olmasa minimum əməkhaqqı səviyyəsinə gəlib çıxsın.

Yeganə Oqtayqızı: 2024-cü il üçün yaşayış minimumu və ehtiyac meyarı 246 manatdan 270 manat qaldırıldı. Yaşayış minimumu insanın fizioloji mövcudluğu üçün tələb olunan xərclərin cəmidir. Bu gün məhsulların idxal qiymətləri ilə bazar qiymətləri arasındakı fərq kifayət qədər yüksəkdir...

- Ümumiyyətlə, ehtiyac meyarı anlayışı heç bir dünya iqtisadiyyatında yoxdur. Azərbaycanda təxminən 10 il əvvəl problem yarananda vəziyyəti yaxşılaşdırmaq üçün əhaliyə ünvanlı sosial yardım verilməyə başlandı. Onda ehtiyac meyarı anlayışı gəldi. Hər il parlamentdə bu məsələni qaldırırdıq ki, ehtiyac meyarını ləğv edib yaşayış minimumu səviyyəsinə gətirib çıxarmaq lazımdır.

Nəhayət, 2024-cü ilin dövlət büdcəsində ehtiyac meyarı yaşayış minimumu səviyyəsinə gətirildi. Ötən gün müzakirə zamanı da bildirdim ki, ehtiyac meyarı anlayışını iqtisadiyyatdan çıxarmaq lazımdır. Amma ünvanlı sosial yardım üçün bu rəqəmin çox böyük əhəmiyyəti var. Məsələn, dörd nəfərlik ailənin yaşayış minimumunu dördə vurulur. Əgər ailəyə bu rəqəm qədər vəsait gəlmirsə, həmin vəsait ailəyə ünvanlı sosial yardım kimi verilməlidir.

Yeganə Oqtayqızı: Vahid müəllim, Rəqabət Məcəlləsinin qəbulu məsələsini vaxtaşırı gündəmə gətirmisiniz. Uzun fasilədən sonra bu məcəllə yeni redaktədə parlamentin müzakirəsinə qayıtdı. Cəmiyyətin sözügedən məcəllə ilə bağlı gözləntisi yüksəkdir. Qanun layihəsi Azərbaycanda bütün iqtisadi subyektlər üçün bərabər rəqabət şərtlərini təmin etməyə imkan verəcəkmi?

- Sözügedən məcəlləni parlamentdə iki oxunuşda qəbul etmişik. Komitə iclasında yenidən baxacağıq, yəqin ki, qəbul edəcəyik. Müəyyən suallarımız var. Bizim məcəllədən gözləntimiz çoxdur.

Birincisi, Azərbaycanın daxili bazarında süni qiymət artımı var. İkincisi, Azərbaycanın daxili bazarında müəyyən inhisarçılıq, monopoliya mövcuddur. Bu məsələləri Rəqabət Məcəlləsi ilə qaydaya salmaq istəyirik. Nə qədər fəaliyyət göstərəcək, necə icra olunacaq - bunu 1 ildən sonra analizlərə baxanda biləcəyik.

Əgər o məcəlləni normal səviyyədə icra edə bilsək, Azərbaycanın daxili bazarındakı problemlər 1 il ərzində 20-30 faiz öz həllini tapmış olacaq.

Azad rəqabət olmalıdır. İstənilən sahibkar bazarda azad fəaliyyət göstərməlidir. Rəqabət ondan ötəridir ki, inhisarçılıq, monopoliya olmasın. Bu, ciddi problemdir. Demək olmaz ki, bunu 1-2 ilə aradan qaldırmaq olacaq. Amma məcəllə normal işləyə bilsə, problemlərin həllinə yava-yavaş nail ola biləcəyik. Çox güman ki, növbəti sessiyada bu məcəlləni qəbul edəcəyik.

Qurban Yaquboğlu: Vahid müəllim, yəqin burada bir siyasi vurğu da olmalıdır...

- Əvvəla bu, yeni məcəllə deyil, 10 ildən çoxdur mövcuddur. Bir-iki oxunuşda başqa bir məcəllə qəbul etmişik, üçüncü oxunuşa çıxarda bilmədik, imkan vermədilər.

Amma indi dövlət başçısı öz siyasi iradəsini ortaya qoydu, məcəlləni parlamentə göndərdi. Rəsmi iclasda Baş nazirə müraciət etdim ki, məcəlləni gətirsinlər, qəbul edək. Çox sağ olsunlar, İqtisadiyyat Nazirliyi məcəlləni işləyib hazırladı, müəyyən nazirliklərlə razılaşdır. Artıq iki oxunuşda qəbul edilib. Oxunuşlarda həmişə İqtisadiyyat naziri Mikayıl Cabbarov özü iştirak edib və bütün suallarımıza cavab verib.

Doğrudur, bizim istədiyimiz daha da perspektivli Rəqabət Məcəlləsidir. Rəqabət orqanı məsələsi də var, o bizim üçün əhəmiyyətlidir. Rəqabət orqanının səlahiyyətindən çox şey asılıdır. O, bazara, monopolistlərə müdaxilə etməlidir. Bazar müəyyən qədər stabilləşməlidir ki, azad rəqabət olsun, haqsız rəqabət olmasın.

Qurban Yaquboğlu: Rəqabət orqanının yaranması nəzərdə tutulurmu?

- Bəli. Burada rəqabət komissiyası işləyəcək və müəyyən qərarlar verəcək. Əsas məsələ qanunu qəbul etməkdir. Bu, ilk addımdır. 30 ildə Azərbaycanın daxili bazarında istəmədiyimiz hadisələr baş verib. Bunu birdən-birə qaydaya salmaq o qədər də asan deyil.

Yeganə Oqtayqızı: Azərbaycanda qeyri-neft məhsullarının ixracı daim zəif olub. İxracı stimullaşdırmaq üçün hansı işlər görülür?

- Azərbaycan neft-qaz ixrac edən ölkədir, əsas gəlirlər də bu sahədəndir. Doğrudur, 30 ildə çalışmışıq ki, qeyri-neft sektorunu inkişaf etdirək, müəyyən dərəcədə üstünlüklərimiz var. Qeyri-neft sektorunun ixracı kifayət qədər artıb, amma istədiyimiz rəqəmlərə nail ola bilməmişik.

Dövlət başçısının qeyri-neft sektorunu inkişaf etdirilməsi ilə bağlı çox ciddi təklifləri və göstərişləri var.

Xüsusilə 2022-2023-cü illərdə neft hasilatında müəyyən qədər azalmalar var. Çünki dünyada enerji bazarında problemlər yaşanmaqdadır. “Yaşıl enerji”yə keçid artıq dünyada qəbul olunan böyük bir proqramdır və Azərbaycan da bu proqramın içərisindədir.

Rusiya-Ukrayna müharibəsindən sonra Avropa İttifaqı şimal qonşumuza sanksiyalar tətbiq edib. İndiyədək Rusiyaya ticarət, maliyyə, enerji, sənaye, texnologiya və digər sahələrlə bağlı geniş məhdudiyyətlər qoyulub. Əsasən təbii qazın ixracına gətirilən məhdudiyyətdən sonra Avropa İttifaqı ölkələri Azərbaycan qazının nəqli üçün müraciətlər etməyə başladılar. İmzalanmış müqavilələrlə ölkəmiz Avropanın etibarlı qaz təchizatçısına çevrilib. Proses bu gün də davam edir. Yəni Azərbaycan dövləti elə siyasət aparır ki, ölkəmizə qarşı aparılan təhdidlərdən, qərəzli çıxışlardan asılı olmayaraq bağlanan müqavilələrdə heç bir problem olmur.

Hazırda təbii qazın qiymətində müəyyən enmələr var. Ölkəmizdə ixracın təxminən 85-90 faizi neft-qaz sektorunun payına düşür.

Dövlətimiz üçün ən ciddi məsələ qeyri-neft sektorunun inkişafıdır, bu problemdir. Bunun üzərində İqtisadiyyat Nazirliyi müəyyən qurumlarla işləyir. Kifayət qədər işlər görülüb. Məsələn, Sumqayıtda 12 min nəfərin işlə təmin olunacağı böyük bir Kimya Sənaye Parkı yaradılıb. Hazırda Cəbrayılda, Ağdamda sənaye parkları tikilir.

Azərbaycanda Naxçıvan da daxil olmaqla 15 iqtisadi rayon var. İş yerlərinin açılması ilə bağlı hər bir rayonun xüsusi proqramı olmalıdır. Verdiyimiz bu təkliflə İqtisadiyyat Nazirliyi razılaşıb, üzərində iş gedir.

Qurban Yaquboğlu: Hazırda neft gəlirləri kritik dövrə qədəm qoyub. Ölkəmizdə “yaşıl enerjiyə” keçidlə bağlı vəziyyəti nə yerdədir? Hansı dövlət proqramları icra edilir?

- Neft hasilatı aşağı düşüb, təbii qazın qiymətində azalmalar var. Dünyada “yaşıl enerji”yə keçid aktual çağırışlardan biridir. Azərbaycan bu çağırışlara uyğun yeni iqtisadi inkişaf hədəfləri müəyyənləşdirib. Bu məqsədlə 2020-ci ildə Azərbaycan Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı icra müqavilələri imzalandı.

Bundan əlavə, 2022-ci ildə Prezidenti İlham Əliyev iştirakı ilə 2 ay fərqlə həm “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının, həm də “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi.

Hibrid avtomobillərinin idxalı və satışı müxtəlif dövrlərdə əlavə dəyər vergisindən (ƏDV) azad edildi. Hazırda Azərbaycanda hibrid avtomobillərinin sayı kifayət qədər çoxdur, idxal davam edir.

Gələcəkdə neft-qaz gəlirlərinin azalacağını heç kim inkar edə bilməz. Keçən il də, bu il də büdcəyə Dövlət Neft Fondundan transferlər etmişik. Dövlət Neft Fondun o məqsədlə yaradılmışdı ki, sabah sosial sahədə problem olanda bu vəsaitlərdən istifadə olunsun. Fondun ehtiyatlarının istifadəsi ilə bağlı Prezidentin xüsusi fərmanı var. Bu vəsaitlərin nəzərdə tutulan məqsədlərdən kənar istifadəsi mümkün deyil.

Hazırda Fondun ehtiyatları əsasən Qarabağda gedən tikinti-quruculuq işlərinə və sosial sahədəki problemlərin həlli istiqamətində xərclənir. Amma bu, gələcəkdə bizim üçün problem yarada bilər. Məsələn, ümumi daxili məhsulda gəlir və xərclərdə artım 1 faizin üstündədir. Bu, çox aşağı rəqəmdir. Ona görə də hazırda ən prioritet məsələ qeyri-neft sektorunun inkişafıdır.

Ümumiyyətlə, hər zaman demişəm idxalın strukturuna baxmaq lazımdır. Ölkəyə ən çox nə idxal edirik? Gələn il 2 milyard manatdan çox idxalın artdığı proqnozlaşdırılır, halbuki ixrac artmalı idi. Neft-qaz məhsulları hesabına ixrac da artır, amma idxal əsasən ərzaq və qeyri-ərzaq məhsulları ilə bağlıdır. İdxalın strukturunda elə məhsullar var ki, onu Azərbaycanda istehsal etmək mümkündür.

Biz niyə tələb edirik ki, bölgələrdə iş yerləri açılsın? Çünki bölgələrdə imkan çoxdur. Regionlarda yaşayanlar krediti çətinliklə əldə edir. Elə etməliyik ki, insanlar rayonlarda kredit alıb rahat işləyə bilsinlər.

Doğrudur, son vaxt regionlarda aqrofirmalar yaradılıb, amma hər bir kəndlini orda işləməyə məcbur etmək olmaz. O da istəyir ki, özünün əkin sahəsi olsun, əkib-becərib gəlir əldə etsin.

15 iqtisadi rayonun hər birində iş yerlərinin açılması üçün xüsusi proqramların qəbul edilməsini təklif etmişəm. Beləliklə 3 il ərzində bu iqtisadi rayonun tərkibində olan regionlarda nə qədər iş yerlərinin açıldığını görə biləcəyik.

Sovet vaxtında iş yeri məsələsi o qədər də gündəmdə deyildi. Çünki çoxlu sənaye müəssisələri var idi. Onların hamısı ləğv oldu, getdi. Açıq deyim ki, əksəriyyətin saxlaya bilmədik. Ona görə indi yeni iş yerlərinin açılması çox önəmlidir.

Yeganə Oqtayqızı: “Böyük Qayıdış” Proqramı çərçivəsində 5 il ərzində (2022-2026) işğaldan azad edilmiş ərazilərin bərpası və əhalinin köçürülməsi üçün 30,5 milyard manat tələb olunur. Son məlumatlara görə, artıq bu vəsaitin təxminən 12 milyard manatı xərclənib. Yəni qarşıdakı 3 ildə əlavə təxminən 20 milyard manat da xərclənəcək. Müstəqil ekspertlər qeyd edirlər ki, dövrün sonuna (2026-cı il) “Böyük Qayıdış” Proqramının icrası üçün dövlət büdcəsindən tələb olunandan 8,2 milyard manat az - 22,4 milyard manat xərclənəcək. Maraqlıdır, qalan 8,2 milyard manat hansı mənbədən cəlb olunacaq?

- Cari ilin sonuna qədər Qarabağın bərpasına 12 milyard manat xərclənməlidir. Bu istiqamətdə 2024-cü ilin büdcəsindən 4 milyard manat ayrılıb. Bu vəsaitin xərclənməsi ilə bağlı Hesablama Palatasının da öz fikirləri var. Hazırda ayrılan vəsait çox kiçik məbləğdir. Qarabağın bərpası üçün milyardlarla vəsait lazım olacaq.

Orada nəzarət mexanizmi güclüdür. Əsas diqqət “Böyük Qayıdış” Proqramına yönəlib. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkünün öz doğma evlərinə qayıdacağı nəzərdə tutulub ki, burada da ciddi problem görmürəm. Sizin dediyiniz rəqəmə də rast gəlməmişəm.

Tapdıq Qurbanlı: Parlamentdə dövlət büdcəsinə Azərbaycanın Xankəndi, Xocalı və Xocavənd rayonlarının adlarının salınması təklif edilir. Bu rayonların ölkə iqtisadiyyatına hansı töhfəsi ola bilər?

- Ümumiyyətlə, Qarabağ iqtisadi rayonuna Xankəndi də daxildir. Bir haşiyə çıxım, Qarabağın adını Prezident çoxdan dəyişdirdi. Elə düz də fərman verdi. Bu iqtisadi rayon çox əhəmiyyətlidir.

Birincisi, orada əkin sahələri ilə əlaqədar çox böyük imkan var. Keçən ildən bu iqtisadi rayonlarda ərzaq buğdasının istehsalına başlanılıb. Orada 100 min hektarlarla əkinə yararlı sahələr var.

İkinci, turizm sahəsidir ki, burada potensial obyektlər var. İsti su və digər mineral maddələr və sair.

Üçüncü sahə isə, təbii ehtiyatların kifayət qədər olmasıdır. Qızıl, molibden, civə və digər faydalı qazıntı yataqları var. Yəni bura çox əlverişli bir regiondur və iqtisadiyyatın inkişafına çox ciddi təsir göstərəcək.

Əgər neft-qaz gəlirləri azalsa, məhz Qarabağdan gələn gəlirlər hesabına o sahəni doldura biləcəyik. Ona görə də işğaldan azad edib ərazi bütövlüyümüzü təmin etdiyimiz rayonların inkişafı üçün dövlət büdcəsindən vəsait ayrılacaq. O cümlədən sakinlər də mütəmadi olaraq köçüb orada əbədi yaşayacaqlar.

Hesab edirəm ki, bu region Azərbaycan iqtisadiyyatına öz müsbət təsirini 2025-2026-cı illərdə göstərəcək. Qarabağdan Azərbaycanın dövlət büdcəsinə əlavə gəlir daxil olacaq.

Tapdıq Qurbanlı: Neft bumu yaşanan dövrləri xatırlayırsız. Siz özünüz də həmişə çağırışlar edirdiniz ki, belə getsə, bizi “Holland sindromu” gözləyir. Bu sindromu atlatmışıqmı?

- Ağlıma gəlməzdi ki, qısa müddətdə torpaqlarımızı işğaldan azad edəcəyik. Çünki bu, ağır proses idi. Ermənistanın arxasında kifayət qədər böyük dövlətlər dayanırdı. Amma biz torpaqlarımızı işğaldan azad etməyə nail olduq.

Qurban Yaquboğlu: Millət vəkili və siyasi elitaya yaxın şəxs olaraq hətta sizə də gözlənilməz oldu?

- Bəli. Çünki nə siyasilər, nə də dövlət başçısı müharibə tərəfdarı idi. Dövlət başçısı həmişə məsələnin sülh yolu ilə həllində maraqlı olub. Amma ermənilər buna getmədi. Cənab Prezidentin siyasi iradəsi, Türkiyə ilə münasibətlərimiz və iki ölkə arasında bağlanılan müqavilələr Qarabağ zəfərini əldə etməyimizə zəmin yaratdı. Buna siyasi iradə lazım idi.

Siyasi iradə üçün də Azərbaycan iqtisadiyyatı ilə yanaşı, ölkənin hərbi sistemi də normal vəziyyətdə olmalı idi. Hesab edirəm ki, İlham Əliyevin prezidentliyi dövründə onun əsas məqsədi bu işləri yerinə yetirmək idi. Artıq məqam yetişdi və Azərbaycan ordusu işğalda olan torpaqları azad etdi.

Açığını deyim, hazırda bəzi dünya dövlətləri Şuşanın işğaldan azad olunmasını araşdırır. Azərbaycan ordusunun Şuşanı işğaldan azad etməsi xəyal kimi görünür. Ermənilər də bunu gözləmirdi.

Azərbaycan üçün “Holland sindromu” gözləmirəm. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə yanaşı, Qarabağda sürətli bərpa-quruculuq işləri də gedir.

Qurban Yaquboğlu: Vahid müəllim, bu günlərdə hərbçilərin pensiya yaşının artırılması ilə bağlı qanun layihəsi parlamentə daxil oldu. Azərbaycanda pensiya yaşının aşağı salınması ilə bağlı sosial gözləntilər var. Əhali bunu gözlədiyi halda hərbçilərin pensiya yaşının artırılması məsələsi gündəmə gəldi. Bu iki məsələyə münasibətiniz necədir?

- Plenar iclasda bu məsələyə toxunmuşdum. Bilirdim ki, belə bir qərar hazırlanır. Layihəyə aidiyyəti komitədə baxılıb-baxılmadığını bilmirəm. Layihədə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması təklif olunur. Bunun bir qədər siyasi tərəfi də var. Ordunun gücləndirilməsi, hərbi sahənin peşəkar kadrlarla təmin edilməsi və sair.

Bundan əvvəl də hərbçilər tərəfindən bizə müraciətlər olunurdu. İndi deyirlər ki, müharibə bitib, Azərbaycanın ərazi bütövlüyü təmin olunub, birdən-birə 5 il müddətinə niyə artırılır?.. Bu məsələ müzakirə obyektidir. Müzakirə vaxtı yəqin ki, fikirlərimizi səsləndirəcəyik.

Pensiya yaşının azaldılıb-artırılmasına gəlincə, bu məsələyə statistika ilə baxılır. Qanuna görə, 65 yaşdan sonra şəxs 12 il, yəni 77 yaşına kimi pensiya almalıdır. Amma ötən gün bizə məlumat verdilər ki, Azərbaycanda orta rəqəm 14 ildir. Yəni, 65 yaşdan sonra 14 il pensiya alırlar. Bunların hamısı araşdırma və müzakirə tələb edir.

Qurban Yaquboğlu: Yəni rəsmi statistika qurumu fərqli rəqəm təqdim edir?..

- Bəli, fərqli rəqəm deyir. Ancaq bu, dövlət statistikasıdır, kənar statistika deyil ki... Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də Dövlət Statistika Komitəsinin təqdim etdiyi göstəriciyə baxır və buna uyğun da məlumatlar verir.

Ümumi götürəndə mən həm uşaqpulunun verilməsinin, həm də pensiya yaşının azaldılmasının tərəfdarıyam. Bu, subyektiv fikrimdir. Onların da arqumentlərini başa düşürəm.

Qüvvədə olan qanunla beş uşaqlı anaya aylıq müavinət verilir. Təklif etmişik ki, heç olmasa uşaq sayını üçə endirək. Çünki indi beş uşaq dünyaya gətirən çox az ailə var. Əksər ailələrdə uşaq sayı iki-üç səviyyəsindədir. Ona görə təklif etmişik ki, bu məsələyə yenidən baxılsın.

Uşaqpulu ünvanlıdır və bu vəsaiti heç kim başqa istiqamətə yönəldə bilməz. Tutaq ki, ailədə 3 uşaq varsa, ayda hər birinə 100 manat rüsum alacaq. Kiminsə gedib ondan istifadə etməsi mümkün deyil. Bunlar müzakirə obyektidir. Maksimum çalışırıq ki, məsələlər həll olunsun.

Tapdıq Qurbanlı: Həm siyasi, həm də iqtisadi sahədə Vahid müəllimin səsləndirdiyi fikirlər həmişə ciddi qəbul olunub. Amma məlum müsahibədən sonra sizin doğru dediyiniz fikrə də bir az münasibət dəyişib. Bu sizə necə təsir bağışlayır?

- Millət vəkillərinin hamısına hörmətlə yanaşıram. Hamısı ilə münasibətim var. Hərənin öz fikri var, söyləyə bilər. Burada qeyri-adi bir şey yoxdur. Siz yəqin Musa müəllimin fikirlərini nəzərdə tutursunuz?

Tapdıq Qurbanlı: Bəli. Bloogerlə olan müsahibədən sonra sizə münasibət dəyişib.

- Orada da qeyri-adi bir şey yox idi. Fikrimi azad söyləyən adamam, həmişə də belə olmuşam. “Bakı Fəhləsi” və Keşlə Maşınqayırma zavodlarında direktor işləyəndə biro üzvü olmuşam. Orada da fikrimi azad söyləmişəm. Burada qeyri-adi nə var?! Razılaşa da bilərlər, razılaşmaya da. Amma mən heç vaxt qəsdi-qərəzli fikir söyləmirəm.

Bəzən mənə deyirlər ki, Azərbaycanın dövlət başçısının siyasətini çox müdafiə edirsən. Müdafiə edəcəm də. 200 ildir itirilən torpaqlar dövlət başçısının rəhbərliyi altında qaytarıldı. Başqaları da qaytarardı. Bu faktları nəzərə almamaq qeyri-mümkündür.

Hamının səhvi var, elə mənim də. Həyatda belə şeylər mümkündür. Parlament polemika, mübahisə yeridir. Gərək elə küçədə mübahisə edəsən? Parlamentə çıxarırsan ki, hansısa məsələ öz həllini tapsın.

Parlamentdə daha çox sosial sahədə olan məsələləri qaldırıram. Çünki görürəm ki, o məsələlər insanlar arasında kütləvi müzakirə olunur. Məsələn, müharibə veteranlarına 80 manat verilir. Deyirəm, o, indi müharibə veteranıdır, amma şəhid, qazi və ya əlil də ola bilərdi. Allah qoruyub ki, olmayıb, sağ qalıb. Axı 80 manat azdır.

Deyirlər ki, bu rəqəm hesablamalara uyğundur. Amma biz yenə də Sahil Babayevdən xahiş etdik ki, məsələyə mütləq baxılsın. Heç olmasa insanlar kommunal xidmətlərini ödəmək üçün o məbləğdən istifadə edə bilsin.

Tapdıq Qurbanlı: Quba hadisələri baş verəndə ilk vaxtdan orada oldunuz və camaatın qarşısına çıxdınız, əhalini sakitləşdirə bildiniz. Buna görə sizə “çox sağ ol” deyən olmadı, amma o müsahibəyə görə sanki üzərinizə səlib yürüşü oldu...

- Mən belə şeylərə adi baxıram. 1967-ci ildən, təxminən 60 ilə yaxındır Bakıya gəlmişəm. Fəhləlikdən gəlib çıxmışam. Hər bir fikrə normal yanaşıram. Bir adam hamının xoşuna gələ bilməz, axı.

Hamının fikirləri də üst-üstə düşə bilməz. Parlamentdə kifayət qədər təcrübəli, fikirlərini açıq bildirən millət vəkilləri var. Mətbuata açığam, jurnalistlərlə heç bir problemim olmayıb. Ola bilər, mətbuatda məsələlər başqa cür yozular, amma elə deyil. Milli Məclisdə fikrini açıq söyləyə bilirsən. Həyatda bəzi hadisələr olur, hər şeyə hazır olmaq lazımdır.

Tapdıq Qurbanlı: Vahid müəllim, parlamentin yenilənməsi, deputatların sayının artırılması, yeni konstitusiya islahatlarından danışılır. Buna ehtiyac varmı?

- Ümumiyyətlə, dövlətdə islahatlar getmirsə, orada inkişaf ola bilməz. Dövlətin qolları var: icra orqanları, məhkəmə sistemləri, parlament və sair. Bunların hamısında islahatlar getməlidir. Digər tərəfdən torpaqlarımızı işğaldan azad etmişik, həmin rayonlardan da millət vəkilləri olmalıdır. Bu baxımdan deputatların sayının artırılmasına da ehtiyac var.

Konstitusiyada dəyişikliyinin də tərəfdarıyam. Son vaxtlar idarəetmə sistemində cənab Prezident Qarabağda səlahiyyətli nümayəndəliklər yaratdı. O nümayəndəliklərin fəaliyyətini izləyirəm və deyə bilərəm ki, faktiki özlərini doğruldurlar. Heç kim ora müdaxilə etmir.

Əgər bu idarəetmə sistemi Qarabağda təcrübədən keçibsə, digər ərazilərdə də belə bir struktur dəyişikliyi etmək olar. Hesab edirəm ki, 15 iqtisadi rayonun hamısında belə nümayəndəliklər yaratmaq lazımdır. Öz aparatları, işləri olsun. Onlara şərait yaratmaq lazımdır ki, investisiya cəlb etsinlər, xarici şirkətlərlə işləsinlər.

Burada bir qədər də bələdiyyələrə fikir vermək lazımdır. Çünki Azərbaycanda bələdiyyələrin səlahiyyəti kifayət qədər deyil. Dünya təcrübəsi göstərir ki, bələdiyyələrə səlahiyyət vermək lazımdır ki, insanların həyat şəraiti, gündəlik sosial tələbləri ilə məşğul olsunlar. Bir sözlə, həmişə islahatın tərəfdarı olmuşam.

Tapdıq Qurbanlı: Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələr davam edirmi?

- Dövlət başçısı deyib ki, Zəngəzur dəhlizi açılacaq. Mənim də fikrim əvvəldən bu yöndə olub. Kimin istəyib-istəməməyindən asılı olmayaraq bu dəhliz açılacaq. Orada həm Azərbaycan, həm də Türkiyə tərəfindən işlər gedir. Ermənistan buna razılıq vermədi. Ümumiyyətlə, ermənilər 30 ildə Azərbaycanın bütün proyektlərindən kənarda qaldı. Ölkəmiz neft və qazı Gürcüstan vasitəsilə xaricə çıxarır.

Prezidenti İlham Əliyev İranla Zəngəzur dəhlizinin açılması məsələsini müzakirə edib. Ümumi razılığa gəliblər, o yol çəkilir. Naxçıvan vasitəsi ilə biz yenə Avropaya, Türkiyəyə çıxacağıq. Yəni Zəngəzur dəhlizi açılacaq, istifadəyə də veriləcək, heç kim onun qarşısını ala bilməz. İri dövlətlər də bu dəhlizin açılmasının tərəfdarıdır. Çin bu yolun onlar üçün çox əhəmiyyətli olduğunu dəfələrlə bəyan edib.

Zəngəzur dəhlizinin açılması Azərbaycana logistika sahəsində əlavə dividentlər gətirəcək. Dünyada gedən bütün müharibələr logistikanın üzərindədir. Hamı istəyir ki, quru, hava, dəniz yolunu öz nəzarətində saxlasın.

Qurban Yaquboğlu: Kommunal xidmətlərin bahalaşma ehtimalı varmı?

- Bu ehtimalı gözləmirəm. Amma təbii qaz qiymətləri ilə bağlı öz fikrimi bildirmişəm. Çünki Azərbaycan qazı həm istehsal, həm də ixrac edir. Bu baxımdan hesab edirəm ki, təbii qaz limitlərinə yenidən baxılmalıdır.

Xüsusilə qış aylarında qaza tələbat kifayət qədər böyükdür. Hesab edirəm ki, limitə qədər tətbiq olunan güzəşt səviyyəsinə yenidən baxılmalı və aşağı salınmalıdır.

Qurban Yaquboğlu: Qarşıdakı ildə dolların kursu ilə bağlı nə proqnozlaşdırılır?

- Həm Dövlət Neft Fondunda, həm də Mərkəzi Bankda Azərbaycanın 67 milyard dollara yaxın valyuta ehtiyatı var. Bu ehtiyat bizim üçün təhlükəsizlik yastığıdır. Doğrudur, 2015-ci ildə devalvasiya keçirdik və müəyyən problemlərlə üzləşdik. Amma yaxın illərdə manatla bağlı ciddi problem gözləmirəm.

Mərkəzi Bankın apardığı monetar siyasət kifayət qədər tarazlaşdırılıb. Yəni bazarda olan pul kütləsinin tənzimlənmə prosesini normal həyata keçirdiyi üçün manata ciddi təzyiq görmürəm. Hələlik bunu qoruyub saxlamaq lazımdır.


Müəllif: Qurban Yaquboğlu, Foto: Elnur Muxtar, Tapdıq Qurbanlı, Yeganə Oqtayqızı