2025-ci il yanvarın 1-i tarixinə Naxçıvanda fəaliyyət göstərən banklar tərəfindən əhalidən cəlb edilmiş müddətli əmanətlərin həcmi 25 milyon 500 min manat təşkil edib. Bu da ötən illə müqayisədə 8 milyon 677 min manat və ya 1.5 dəfə çoxdur.
Bu barədə Teleqraf.com-a Mərkəzi Bankın Naxçıvan MR İdarəsindən məlumat verilib.
Məlumata görə, cəlb edilmiş bu növ əmanətlərin 94.4 faizi və ya 24 milyon 60 min manatı milli valyutada, 5.6 faizi və ya 1 milyon 440 min manatı isə xarici valyutada olan vəsaitlərin payına düşüb.
Milli valyutada cəlb edilmiş əmanətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 178 min manat və ya 1.5 dəfə, xarici valyutada cəlb edilmiş əmanətlərin həcmi isə 499 min manat və ya 1.5 dəfə çox olub.
Qeyd edilib ki, 2024-cü ilin yanvar-dekabr ayları ərzində regionda fəaliyyət göstərən bank və bank filiallarının emissiya etdiyi ödəniş kartları vasitəsilə ölkədaxili və ölkəxarici nağdsız əməliyyatların və onların regiondakı ödəniş xidməti şəbəkəsi vasitəsilə həyata keçirilən nağdsız əməliyyatların həcmi ümumilikdə 1 milyard 26 milyon 328 min manat təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 408 milyon 733 min manat və ya 1.7 dəfə çoxdur.