"Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda növbəti konfrans Zaqatalada keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, mayın 22-də Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirilmiş tədbirə 120-dən çox istehlakçı qatılıb.
Konfransda çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçıların hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən maarifləndirmə tədbirləri barədə məlumat verib, qurumun təşkilatçılığı, aidiyyəti qurumların, ictimai təşkilatların, sahibkarların, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən seminar və konfransların istehlakçı fəallığının artırılmasında əhəmiyyətli olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, 2014-cü ildə və bu ilin ötən dövründə istehlakçıların maarifləndirilməsi məqsədilə 18 adda 130 minə yaxın buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 6 mindən artıq yaddaş kitabçası hazırlanaraq paylanıb.
İstehlakçıların hüquqlarının etibarlı müdafiəsinin təmin olunması, istehlak bazarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli mallardan qorunması məqsədilə Dövlət Xidməti tərəfindən maarifləndirmə tədbirləri ilə yanaşı, inzibati tədbirlər də həyata keçirilir. Belə ki, istehlak bazarında mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan ərzaq və qeyri-ərzaq malları satışdan çıxarılır. 2015-ci ilin yanvar - aprel aylarında 3,9 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib.
Zaqatalada keçirilən Konfransda Dövlət Xidmətinin əməkdaşlarının istehlakçı hüquqlarının qorunması barədə məruzələri dinlənilib, istehlakçı hüquqları, həmçinin ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində qanunvericiliyin tələbləri, eləcə də görülən işlər barədə tədbir iştirakçılarına geniş məlumat verilib.
Tədbir Dövlət Xidməti əməkdaşlarının istehlakçı hüquqlarına dair maarifləndirici mövzularda çıxışları ilə davam edib. Çıxışlarda maarifləndirmə işlərinin əhəmiyyəti bir daha vurğulanıb, istehlakçılara isə öz hüquqlarının müdafiəsində fəal olması, qarşılaşdıqları məsələlərin həllində aidiyyəti qurumlarla əməkdaşlıq edilməsi, malların keyfiyyət və təhlükəsizlik məsələlərinə diqqət yetirmələri tövsiyə olunub. Tədbir iştirakçılarına məlumat verilib ki, istehlakçılar hüquqlarının pozulması halları ilə rastlaşdıqda Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, Nazirliyin internet saytı və “Facebook” səhifəsi vasitəsilə Dövlət Xidmətinə məlumat verə bilərlər.
Konfransın sonunda istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.
Naibə QURBANOVA