Modelyer Gülnarə Xəlilova Milli Geyimlər kataloqunu təqdim edib.
Gülnarə Xəlilova Teleqraf.com-a bildirib ki, kataloq iki dildə nəşr edilib: "Hər zaman milli geyimlərimizi təbliğ etməyə çalışıram. 2006-ci ildən bir çox lazımı orqanlara müraciət etdim ki, Azərbaycanda milli geyim günləri keçirilsin. Bu təşəbbüsdən sonra tərəfdaşlarım çoxaldı. Bir çox insanlar şəhərdə milli geyimlər geyinirlər. Kataloqda orta əsrdən başlayaraq 18-ci əsr və müasir geyimlər yer alıb. Bu ilk işimizdir, davamı olacaq. Kataloqunun birinci hissəsində mərhum Anar Məmmədxanovun qızı Məryəm, ikinci hissədə isə Tünzalə Ağayeva çəkilib. Çəkilişlərimiz İçərişəhərdə norveçli fotoqraf tərəfindən aparılıb".
Tədbirə qatılan millət vəkili Qənirə Paşayeva modelyerə uğurlar arzu edib: "Gülnarə Xəlilova xarici ölkələrdə bu işi uğurla həyata keçirir. Təbrik edirəm. Uğurlu olsun".
Məryəm Məmmədxanlı isə milli geyimlərə böyük marağı olduğunu və çəkilişə dəvət etdiyi üçün modelyerə təşəkkür edib.
Fəxriyyə Xələfova da həmkarını təbrik edib: "Çox dəyərli işdir. Milli geyimlərimiz mədəniyyətimizin əsas sərvətlərindən biridir. Milli geyimlərimiz ulu nənələrimizdən gəlib. Sərvətimizi qorumalıyıq".
Qeyd edək ki, təqdimatda İordaniyanın ölkəmizdəki səfiri, millət vəkilləri Qənirə Paşayeva, Hikmət Babaoğlu, xalq artisti Səkinə İsmayılova, müğənnilər Samirə Allahverdiyeva, Tünzalə Ağayeva, Aşıq Samirə və b. iştirak ediblər.
Rəqsanə