“Eurovision 2011”-in qalibi Nigar Camal Teleqraf.com-a eksklüziv müsahibə verib. Müsahibəni təqdim edirik.
- Nigar xanım, aktiv, intellektual, tanınmış xanımsınız. Sosial layihələrdə iştirak edirsiniz, ulduz-səfir olmusunuz. Adətən, dünya şou-bizesində bu tipli ifaçılar siyasətə də meyilli olurlar. Siz necə, siyasətlə məşğul olmağı düşünürsünüzmü?
- Sosial layihələrdə iştirak edirəm. Düşünürəm ki, o tipli layihələrdə iştirak etmək hər birimizin borcudur. Amma siyasətçi olmağı heç vaxt düşünməmişəm. Məncə, hər kəs öz işi ilə məşğul olsa, daha yaxşıdır.
- Bəs siyasətlə maraqlanırsınız?
- Siyasətlə maraqlanıram. Çünki insan hər şeydən məlumatlı olmalıdır.
- Cəmiyyətin qadına münasibətində sizi qane edən və etməyən tərəflər hansılardır?
- Ümumilikdə götürsək, cəmiyyətdə qadınlarımıza münasibət qanedicidir. Qadınlarımıza çox hörmət qoyulur. Eləcə də, evdə və iş fəaliyyətində bacarıqlı qadınlarımız çoxdur. Xanımlarımız ailələrinin və həyat yoldaşlarının dəstəyi olan zaman daha da inkişaf edirlər.
- Bir neçə gün öncə kişi müğənnilərimiz arasında “Şou-biznesin ən gözəl xanımı kimdir?” sorğusunu keçirdik. Onların çoxu ən gözəl və cazibədar xanımın siz olduğunuzu dedilər. Bəs siz necə düşünürsünüz, “Eurovision” müsabiqəsinin ən cazibədar azərbaycanlı iştirakçısı kimdir?
- Hər birinə buna görə təşəkkür edirəm. “Eurovision” müsabiqəsində iştirak edənlərin hamısı seçilmiş xanımlardır. Bu günə qədər müsabiqədə iştirak edən xanımların hamısını bəyənirəm. Müsabiqənin ən gözəl azərbaycanlı iştirakçısına gəlincə, Aysel Teymurzadə və Safura Əliyevanın adını çəkə bilərəm.
- Safura Əliyeva ilə duet ifa edəcəyiniz haqqında xəbər yayılmışdı. Bu nə dərəcədə doğrudur? Gələcək planınızda işbirliyi gözlənilirmi?
- Xeyr, hələ elə bir planımız yoxdur. Bu xəbərlər haradan çıxır, bilmirəm.
- Gözəl, cazibədar xanım olmaqla yanaşı güclü xanımsınız. Zəif anlarınız olur?
- Zəif anlarım, sadəcə, yaxınlarımın səhhətində problem yaranan zaman ola bilər. Digər hallarda zəif insan olmuram. Hər zaman pozitiv olmağa, həyatdan zövq almağa çalışıram.
- “Eurovision 2011” qalibiyyətindən sonra populyarlığınızı qoruyursunuz. Məşhurluq sizə mane olur?
- Məşhurluq mənə mane olmur və tanınmağın çətin tərəfləri yoxdur. Çünki normal həyatda da, səhnədə də eyni insanam. Yəni həyatda necəyəmsə, səhnədə də eləyəm. Amma bəzən haqqımda düzgün olmayan xəbər yazılanda mənə xoş olmur. Buna da zamanla alışırsan. Tanıyan tanıyır…
- Bakıda harasa gedərkən sərbəst olursunuz?
- Bəli, tam sərbəst və rahat oluram.
- Digər məşhurlar kimi kaprizlisiniz?
- Kaprizli insan deyiləm.
- “Eurovision 2011”-in qalibisiniz. Sizi daha çox hansı xarici ölkələrdə tanıyırlar? Türkiyə və Rusiyanı çıxmaq şərtilə…
- “Eurovision” müsabiqəsində qalib olan zaman Eldar Qasımovla hansı ölkəyə gedirdiksə, tanıyırdılar.
- Bir qadın kimi xoşbəxtsiniz?
- Bəli, çox xoşbəxtəm. Gözəl ailəm və övladlarım var. Qadına başqa nə lazımdır?
- Müsahibənizində qeyd etmisiniz ki, yalnız azərbaycanlı kişi ilə ailə quracaqsınız. Hələ də fikrinizdə qalırsınız?
- Bəli, hələ də eyni fikirdəyəm.
- Siz qızlarınızla Londonda yaşayırsınız və yəqin ki, əcnəbi tərəfindən də evlilik təklifi almısınız?
- Bəli, belə təklif olub. Ümumiyyətlə, ailə qurmaq haqqında düşünmürəm.
- Yaraşıqlı kişilərin daxilində qüsur olduğunu demisiniz…
- Kişidə doğrudan da yaraşığa önəm vermirəm. Heç kimin xoşuna gəlməyən bir insan hərəkəti ilə xoşuma gələ bilər. Ümumiyyətlə, yaraşıqlı bəyləri bəyənmirəm. Onlar, sadəcə, xaricdən maraqlı olurlar. Həm də bir az arvadfason olurlar.
- Ailənizdə bütün məsuliyyəti sizin üzərinizdədir, iki qız anasısınız…
- Bəli, məsuliyyət öz üzərimdədir. İki övladım var. Onların tərbiyəsi və təhsili mənim üçün çox vacibdir.
- Londonda yaşayırsınız. Mühit sizin xarakterinizə təsir edib? İngilis soyuqluğunu, yoxsa Azərbaycan istiqanlılığını daha çox sevirsiniz?
- İngilislər bir az soyuq və sakitdirlər. Mühit xarakterimə təsir eləmir. Mən qalmaqal sevən insan deyiləm. Nə qədər çılğın insan olsam da, sakitliyi sevirəm.
Öz işimlə məşğul oluram və heç kimlə işim yoxdur. Londonda da adətən belədir. İnsanlar bir-birinə qarışmır. Əlbəttə ki, Azərbaycan istiqanlılığını daha çox sevirəm.
- Bir çox həmkarlarınız film və serialarda da çəkilir. Sizi gələcəkdə aktrisa kimi də görə bilərikmi?
- Seriallardan təklif var, amma iş prosesi çox zaman tələb etdiyi üçün qəbul etmirəm. Qızlarımın elə yaş dövrüdür ki, onların yanında olmalıyam. Analığım işimdən əvvəl gəlir. Bəlkə də, gələcəkdə məni aktrisa kimi görəcəksiniz. Hazırda bu haqda heç nə deyə bilmərəm.
Rəqsanə Həsənova