20 Oktyabr 2016 14:34
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heç kimə sirr deyil ki, məşhurların şəxsi həyatı həmişə maraqlı olub. Bu gün özəl həyatını mediadan, efirlərdən uzaq tutan sənətçilərlə yanaşı bilərəkdən gündəmə gətirənlər də var.

Bəs, görəsən, bizim məşhur aktrisalar şəxsi həyatlarının mediada yazılmasına necə yanaşır. Onlar özlərimi buna rəvac verir, yoxsa başqa səbəblərmi var.

Teleqraf.com aktrisaların fikirlərini təqdim edir:

“O haqda danışmağı özümə qadağan elədim”

Xalq artisti Firəngiz Mütəllimova uzun illərdir səhnədədir. Sənət həyatı ilə yanaşı Firəngiz xanım zaman-zaman media gündəminə şəxsi həyatı, Yaşar Nuriylə olan dostluq münasibətiylə gəlib və teatrla bağlı bəzi qalmaqallarda adı hallanıb. Xoşagəlməz hadisələrlə üzləşməmək üçün xalq artisti jurnalistlərlə ehtiyatla danışmağı məsləhət görür: “Nəinki sənət adamlarının, ümumiyyətlə, heç kimin şəxsi həyatla gündəmə gəlməsinə yaxşı baxmıram. Sənət adamı sənəti ilə gündəmə gəlməlidir.

Bir jurnalistə söz deyirsən, məsələ böyüyür, dəfələrlə yazılmağa başlayır. Şəxsi həyatımla bağlı jurnalistlər sual verəndə qısa-konkret “yox”, “var” kəlməsini işlədirəm və əlavə edirəm ki, bu barədə danışmaq istəmirəm. Çünki ötən il bəzi hadisələr oldu və özümə birdəfəlik qadağa qoydum. “Sevirəm” demək hansısa kişini sevirəm anlamında başa düşülməməlidir. Mən vətənimi də, balamı da sevə bilərəm. Sevgi deyəndə yalnız kişi ağla gəlməli deyil. Söz vermişəm ki, bundan sonra şəxsi həyatımla bağlı heç bir açıqlama verməyəcəm”.
Aktrisa mətbuatda onun haqqında yazılan bəzi xəbərlərə həm təəssüfləndiyini, həm də güldüyünü deyir: “O vaxt Elçin Əfəndiyevin “Mənim ərim dəlidir” tamaşasında oynayırdım. Mətbuat yazmışdı ki, Firəngiz Mütəllimovanın əri dəlidir. Media bəzən bizim dediyimiz sözlərdən düzgün istifadə etmir. Ona görə jurnalistlərlə danışanda ehtiyatlı olmaq lazımdır. Fikrini elə deməlisən ki, onu başqa yerə yönləndirə bilməsinlər.
Bu vaxta qədər mətbuatda məni öldürdülər də, haqqımda əsası olmayan xəbərlər də yazdılar. Yanlış xəbərləri oxuyub, yalnız gülmüşəm”.

“Kimlərinsə tərəfindən həyatın qaralanır”

Əməkdar artist Naibə Allahverdiyeva jurnalistlərin suallarına açıq və səmimi cavab verən aktrisalardandır. İndiyə qədər Naibə xanım mətbuatda həm sənəti, həm də şəxsi həyatı ilə gündəmə gəlib: “Çox adamlar deyirlər ki, tanınmışların şəxsi həyatları bizə maraqlı deyil, amma oxunma saylarını görəndə bunun əksinin şahid olursan. Təbii ki, başqalarının həyatıyla maraqlanmaq insanın xislətində var. Biz hamımız beləyik. Mənim də hansısa aktyorun, müğənninin, siyasətçinin şəxsi həyatıyla bağlı maraqlandığım çox nüanslar olub.

Amma mən şəxsi həyatı qabartmağın tərəfdarı deyiləm. Bəzən jurnalistlər adamı yoldan çıxarır, danışmaq istəmədiklərini də danışırsan. Hər kəsin şəxsi həyatı var və heç kəsin də həyatı parlaq deyil, mütləq qara xətti, uğursuzluqları olur. Biz balaca ölkədə yaşadığımızdan hər addımımız hamıya məlum olur. Bəzi insanlar bunu daha da şişirib təqdim edir. Bəzən böhtan xarakteri daşıyan söhbətlərlə də gündəmə gəlirsən və bəzən baş verməyən hadisənin mətbuatda yazılması səbəbindən kimlərsə tərəfindən həyatın qaralanır”.

“Ərimdən boşandım, yaxud ailə qurdum – bu, sənət deyil”

Əməkdar artist Münəvvər Əliyeva şəxsi həyatını mediadan uzaq tutan və bu barədə danışmağı sevməyən aktrisalardandır. Onun fikrincə, sənət adamı yalnız sənəti ilə gündəmdə qalmalıdır: “Sənətçilər şəxsi həyatıyla gündəmə gəlməli deyil. O mənada şəxsi həyatı qabardan insanları sevmirəm. Mən heç bir insanın şəxsi həyatıyla maraqlanmıram. İnsan fərd olaraq, sənətdə gördüyü işlərlə mənim üçün maraqlıdır. Və sənətçinin içində ağrı varsa, o, bütün yaşadıqlarını, aktyordusa obrazlarda, müğənni, bəstəkardısa musiqidə üzə çıxarır.

İndiki dövr şou formatına çevrildiyinə görə hər kəs şou ilə reklam olunur, tanınmaq istəyir. Bu, daha asan yoldur. Mən bunun əleyhinəyəm. Sənət çöldə reklam olunmur. “Maşınımla qəza etdim”, “ərimdən boşandım” yaxud “ailə qurdum” – bunlar sənət deyil. Aktyor səhnədədirsə orda da öz sözünü deməlidir. Sənətə qiymət də ordan başlamalıdır”.

“Qəşəng şəkillərimi çəkirsən, amma yazırsan ki...”

Şəxsi həyatın mediada yazılmasının qəti əleyhinə olan əməkdar artist Nahidə Orucova bəzi hallarda bu barədə açıqlama verməyə məcbur olub: “Şəxsi həyat şəxsidir. Və bu yalnız sənətiçinin özünə qalmalıdır. Bunun kiməsə aidiyyatı olmalı deyil.

Ötən günlərdə Almaz Ələsgərlinin doğum günü tədbirinə qatılmışdım. Sinəsi açıq paltar geyinmişdim və bu həmişə geyindiyim donlardan idi. Onu şişirdiblər yazıblar ki, Nahidə xanım sinəsini açdı. Heç dəxli var? Xəbərim o formada təqdim olunması məni narahat etdi. Sən mənim qəşəng şəkillərimi çəkirsən, amma yazırsan ki, sinəsini açdı. Bu cür xəbərlərə qarşıyam”.

“Kimdən nə gizlədəcəksən ki?”

Aktrisa Ülviyyə Əliyevanı tez-tez efirlərdə görmək mümkündür. Çünki teatrdakı fəaliyyəti ilə yanaşı televiziyada uzun illərdir veriliş aparıcısı kimi qarşımıza çıxır. Şəxsi həyatı barədə danışmağı sevməyən aktrisa ailə həyatının dağılmasının səbəbini uzun illərdən sonra açıqlamışdı: “Şəxsi həyat barədə danışmağı sevmirəm. Bir dəfə danışmışam, çünki lazım idi. İstəyirdim tamaşaçı məni yalnız Keyxanım kimi tanımasın. O vaxt danışdım və elə onunla da hər şeyi bitirmək istədim. Şükürlər olsun, keçmişimdə utanacağım bir məqam olmayıb ki, onu danışmaqdan ehtiyat edim. Azərbaycanda hamı bir-birini tanıyır. Kimdən nə gizlədəcəksən ki? Amma bu, bir dəfə danışılıb, yenidən ona qayıtmaq istəmirəm. Mən indi elə bir yaş dövründəyəm ki, ancaq sənətimlə məşğulam.

İndiyə qədər mətbuatda haqqımda çox yazılar yazılıb, bəziləri məni çox təəssüfləndirib. Bir ara jurnalistlər zəng vurub, ancaq şəxsi həyatım barədə suallar verirdilər. Onlara deyirdim bu haqda danışmaq istəmirəm. Götürüb özlərindən yazırdılar. O zaman çox pis olurdum. Yaxud hansısa verilişdə danışırdım, ona baxıb müsahibə yazırdılar. Bu, peşəkarlıq deyil”.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər