26 Noyabr 2016 12:04
8 163
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com “V element” verilişinin aparıcısı və ideya müəllifi Ranar Musayevlə müsahibəni təqdim edir:

- Ranar, suallarımızı daha çox layihənin aparıcısı, yoxsa müəllifi kimi cavablandıracaqsınız?

- Aparıcı kimi. Müəllif söhbətini unudaq. Amma bir məqam var: nə qədər çalışsam da, əsas peşəm rejissor olduğuna görə müsahibədə aparıcılıq çərçivəsindən çıxacam.

- “V element” verilişində Rüfətin gedişi, Farizin gəlişi nəyi dəyişdi? Reytinqdə fərq oldumu?

- Ümumiyyətlə, hansısa layihəni aparıcının tərk etməsini, dəyişikliyi sevmirəm. Ona görə də rejissor olduğum bir layihədə əgər aparıcını bir insan kimi sevməsəm də, onunla iş birliyinə başlamışamsa, sona qədər çatdıracam.

Biz dəyişməli yox, əvəz etməli olduq. Rüfət getdi, biz də düşündük ki layihəni dayandıraq. Hətta bir sirr açım: yayda sonuncu verilişimiz o qədər gərgin vəziyyətdə keçdi ki sona qədər çəkə bilmədik, studiyanı tərk etdik. O, “V element”in son verilişi olmalı idi. Yəqin bu, bir siqnal imiş ki, ay aparıcılar, durun dağılışın, sonuncu verilişi çəkməyin, istirahət edin və qayıdın “V element” davam edəcək (gülür).

Onda hərə bir tərəfə qaçdı. Hətta bəzilərimizin yeni mövsumda yeni layihələri haqqında xəbərləri yayımlandı. Onda mən Amerikada istirahətdə idim. Dost-tanış zəng edirdi, narazılığını bidirirdi ki “V element” telemekana bir işıq salıb, bunu necə bağlamaq olar? Eləcə də, kanalın rəhbərliyi, layihənin yeni mövsumdə olmayacağı barədə bizə iradını bildirdi. Bir dostumuz, ümumiyətlə, bizə məhkəmə qurdu və məcbur etdi ki, layihəni bərpa edək.

Həm bu fikirlərə hörmət etməyə bilməzdik, həm də özümüz də başa düşdük ki, “V element” davam etməlidir.

Fariz də bu işdə bizə yardımçı oldu. Fariz çox peşəkar aparıcıdır. Sadəcə, düşüncə tərzimiz fərqli ola bilər. Aramızda 12 yaş fərq var. Tok-şoumuzun da fərqli düşüncəli fikirlərə ehtiyacı var.

Farizin istedadı, bacarığı, davranışı, efir mədəniyyəti bu zəmanənin aparıcılarından çox fərqlidir. Baxmayaraq ki, bu sahədə yenidir, 23 yaşı var, onun aparıcılığı həm yaradıcı baxımından, həm texniki baxımından yüksək peşəkarlığa malikdir. Necə deyərlər, nadir tapıntıdır.

- Reytinqli layihəni dayandırmaq çətin deyildi ki…

- Bizi reytinq cədvəli maraqlandırmır, reytinq xətrinə simalarını itirən aparıcılardan da deyilik. Bizim öz reytinq göstəricilərimiz var: zövqünə etibar etdiyimiz insanların rəyi və əsas məsələ bir tamaşaçı kimi efirdən öz verilişimizi izləyən gözlərimiz.

“V element” verilişindən əvvəl reytinq cədvəlinə baxanda şok olurdum ki, necə ola bilər, yüksək səviyyəli verilişin reytinqi aşağı, səviyyəsiz verilişin reytinqi yüksəkdir. Bu, mənə çox qaranlıq gəldi. Əgər bu gün nə isə reytinq tələb edirsə, mən ondan imtina edirəm.

Düşünürəm ki, kütləvi informasiya vasitələri insanlara xəbər çatdırmaqla bərabər, onları formalaşdırır, onlara zövq diqtə edir, onlara nə isə öyrədir. Şəxsən mən razı ola bilmərəm ki, reytinq mənim layihəmin “rejissoru” olsun.

Nə etdiyimizi bilirik, ağlımız, təhsilimız, savadımız da buna çatır. Əsas prinsipimiz tamaşaçıya zövq verməkdir. Problemdən danışarıqsa, onu elə etmək lazımdır ki, insanların qəlbi sınmasın, gələcəyə ümidlə baxsınlar, yenə də pozitiv enerji alsınlar.

- Ranar bəy, verilişdə fərqli görünürsünüz, hətta deyirlər çox kaprizli insansınız. Düzünü deyim ki, səmimi insan olduğunuzu bilmirdim...

- İşimdə çox kaprizli insanam, amma boş yerdən kapriz deyil bu. Amma böyük çıxmasın, mənimlə işləyən insanlar xoşbəxtdirlər (gülür).

- Tələbkarsınız?

- Bəli, tələbkaram. Amma kiminsə maaşını kəsdirən deyiləm. Çox nadir hallarda elə bir hadisə baş verə bilər ki, kiminsə işdən getməsini istəyim. Tələbkaram, amma tələb etdiyim insanın bacarmadığını görəndə ona cəza vermərəm. Hər kəs mən düşündüyüm kimi düşünə bilməz, bunu təzə başa düşmüşəm. Əvvəl elə bilirdim ki, hər kəsin borcudur mənim kimi düşünmək (gülür). Kimdəsə alınmayanda, sadəcə, o işi öz əlimə götürüb edirəm ki, öyrənsin. İstədiyim nəticəni əldə etməyənə qədər özüm-özümdən əl çəkən deyiləm. Necə ki, siz müsahibə götürməyənə qədər əl çəkmədiniz məndən...

- Fariz İlyasovun Aygün Kazımovaya sualları qıcıqlandırıcı idi. Bu, Aygün xanımla münasibətinizdə problem yaratdı?

- Aygün Kazımova ilə münasibətimizdə öncədən, bir verilişdən sonra problem yaranmışdı. Amma sonra hər şey yaxşı oldu. Onu çox sevirəm və dəyərləndirirəm. O səhnə üçün, sənət üçün, şou-biznes üçün çox iş görüb, yenilik gətirib.

- Qonaqlarınıza çox cəsarətli suallar verirsiniz. Buna görə problem yaşanıb?

- Mən qonaq aparıcıya, aparıcı qonağa tərif oxuyan verilişləri sevmirəm. Məncə, dünyanın heç bir yerində belə veriliş yoxdur. Bəlkə də var, mən rast gəlməmişəm. Bizdə isə bu tipli kifayət qədər veriliş var.

Televizora baxarkən bir qism aparıcılar sanki qonaqla münasibət qurmaq üçün veriliş edir. Halbuki qonaqla bağlı tərifdən başqa tənqid ediləsi mövzu da var. Bizdə isə əksinədir, qonaq qismində olan dostlarımız bəzən inciyir.

Ona görə də yeni aparıcı axtaranda çətinlik çəkdik, bəzi aparıcılar var idi, verilişimizə dəvət etmək istəyirdik, amma bilirdim ki, qonaqlara tərif yağdıracaq. Bizdə artıq qonaqlara təriflər oxuyan Kamilə var (gülür). Kamilədə bizdən yaşca böyük olduğuna görə böyüklük var. Eləcə də, qonaqların xətrinə dəymək istəmir, amma yeri gələndə, şir dişlərini göstərir. Hamı eyni olmaz ki.

- Siz Aygün Kazımova, Brilliant Dadaşova və Zülfiyyə Xanbabayevanı verilişinizə dəvət edən zaman bir-birlərinin əleyhinə ittihamlar var idi. Bu, sizə onları dəvət edən zaman problem yaşatdı?

- Onlar çox təcrübəli, peşəkar insanlardır, nəyin necə olduğunu çox yaxşı bilirlər. Verilişimizə gəldilər. Qonağın şəxsi həyatı, layihələri, keçmişi, gələcəyi var. Biz verilişimizdə hər şeyi əhatə etməyə çalışırıq. Şəxsi həyatı haqqında danışmaq istəməyən qonağa təkid etmirik. Amma sual vermək bizim borcumuzdur. Çünki mən rejissoram, verilişdə yalnız aparıcılıq etmirəm. Çox rahat görsənsəm də, gərgin oluram. Çəkiliş gedərkən sanki ətrafdan verilişə nəzarət edirəm.

Bir tamaşaçı və ya rejissor kimi hərdən nədənsə verilişdən narazı qalıram. O zaman gərgin, əsəbi oluram. Birinin qolunu vururam, birinin ayağını tapdalayıram. İndi yaxşı ki studiyada işıqlar dəyişib və masanın altında baş verənləri heç kim görmür (gülür).

- Bəs, iş prosesində daha çox kiminlə mübahisə edirsiniz?

- Hərəsi bir cür ifritədir (gülür). Keçən mövsüm heç birindən razı deyildim, onlar da məndən. Elə bir veriliş olmayıb ki, deyim superdir. Bu mövsüm özümü tərbiyələndirmişəm, çalışıram heç kimin işinə qarışmayım, iradlar bildirməyim. Onun üçün də bu mövsüm keçən mövsumdan betər narazıyam (gülür).

Hər bir layihənin uğurunda xırda detallar dayanır. Kiçik bir detal çatışmırsa, hər şey dağılır. Bu detalları da kimsə kontrol etməlidir də. Mən də detal xəstəsiyəm yəqin (gülür). İnanın ki, veriliş tam ideal ola bilər, amma nəsə bir səhv olarsa, mən bir həftə yalnız o səhvdən danışacam.

- Rejissor kimi layihələriniz tanınır, film çəkməyi necə, düşünürsünüz?

- Bu barədə nədənsə düşünmürəm. Çünki televiziya rejissoruyam, kino rejissoru deyiləm. Bu sahədə təcrübəm yoxdur. Təbii ki, düşünməyə, arzu etməyə dəyər, amma fikrimcə, mənim film çəkməyimə hələ çox var. Qorxuram işdə mükəmməllik axtaran bir adam kimi, mənim filmin mənim qatilimə çevirilə.

- Efirdə özündənrazı, digər aparıcılar üzərində hökmranlığınız hiss edilir. Amma həyatda xasiyyətiniz tamamilə başqadır…

- Özümü tamaşaçı gözü ilə o qədər də yaxşı görmürəm. Bəlkə buna görə bu dördlüyün içində ən az sevilən aparıcı mənəm. Nəsə bunu belə hiss edirəm. Digər aparıcılar üzərində hökmranlığıma gəlincə, efirdən elə görünürsə, deməli, onlar çox gözəl aktyorlardır.

- Sanki üzərlərində nəzarətiniz böyükdür...

- Bəli, nəzarət var. Düzdür, verilişin rejissoru var: Aytən Əzimzadə. Amma mən aparıcı kürsüsündə əyləşəndə də rejissorluğumu boğa bilmirəm. Nə Hüsniyyə, nə Kamilə, nə də Fariz hər işə əl atanlardan deyil, hər layihəyə qatılan deyillər. Yəqin zövqümə inanıblar, bu layihəyə güvənib dəvətimi qəbul ediblər. Kamilə hərdən mənə baxır ki, filan sualı verimmi? Bunu ona görə etmir ki, məndən qorxur, sadəcə, fikirləşir ki, mən rejisor kimi daha yaxşı məsləhət verə bilərəm. Ola bilər məhz buna görə sizdə elə təsəvvür yaranıb. Yoxsa məndə o bəxt hardandır ki, onlar məndən qorxsunlar. Əslində, mən onlardan daha çox qorxuram, nəinki onlar məndən. Bir bilsəniz kadrarxası başıma nə oyunlar açırlar (gülür).

- Elşad Xosenin verilişi tərk etməsi təəccüblü idi. Düşündüm ki, yenidən gələcək, amma gəlmədi...

- Mən də qayıdacağını gözləyirdim, inanırdım. Digərlər də qayıdacağını düşünürdülər. Amma nə edək, belə oldu.

- Sizcə, Oksana xanımla bağlı suallarınız onu çəkindirdi…

- Doğrusu, bu barədə danışmaq o qədər də planda yox idi. Verilişimizdə “60 saniyə” rubrikası var, orda qonağın həyatını təsvir edə biləcək, onun haqqında internetdə olan əsas məlumatları çatdırmağa çalışırıq. Bəzən orda sadalanan mövzuları veriliş zamanı heç müzakirə etmirik. Həmin rubrikada nə olacağını mən də bilmirdim. Mövzu ordan açıldı və Elşad özü bu barədə danışmağa başladı. Şəxsən mənim üçün bu mövzu Elşadla danışa biləcəyimiz mövzulardan ən maraqsızı idi. Hər kəsin də suala cavab verməmək hüququ var.

- Hansı aparıcının sualından sonra verilişi tərk etdiyini düşünürsünüz?

- Onu verilişdə müzakirə etdik və fikirləri söylədik. İndi heç yadımda deyil. Hələ 2 il öncə efirə çıxmamışdan öncə düşünmüşdük ki, hansısa qonaq birdən studiyanı tərk edərsə, verilişi davam edəcəyik. Bu mövsümdə bu, baş verdi, həmin verilişin bütün kadrları olduğu kimi yayımlandı, üstəgəl biraz da aktyorluq etdik ki, veriliş daha maraqlı olsun. Amma məncə, heç maraqlı da olmadı. Sadəcə, qurma deyil, təbiidirsə nəyə görə narahat olaq ki? Bu tipdə qurma verilişlər edənlər narahat olsunlar.

- Elşad Xosenin getməsinə səbəb özünüreklam ola bilərdimi?

- Mənim və digər aparıcıların Elşada qarşı böyük simpatiyamız, hörmətimiz var. Ona görə də dəvət edib, səbirsizliklə gözləyirdik, maraqlı səmimi söhbətə inanırdıq. Amma iş belə gətirdi ki, o, özünü pis his etdi və getdi. Kimin başına gəlməz ki?

- Məncə, nədənsə çəkinib getdi…

- Mən də verilişdə bu versiyanı demişdim. Səbəbini dəqiq deyə bilmərəm. Bunu yalnız Elşad Xose deyə bilər. Ola bilər özünü pis hiss etdi, yaxud da suallar xoşuna gəlmədi. Ümumiyyətlə, dörd insanın baxışı altında qalmaq o qədər də asan deyil. Neçə qonağımız deyib ki, sanki hakim əyləşmisiniz və məhkməmə gedəcək. O tipli qonaqlarımız tez özlərini bağlayırlar. Bu da son nəticədə onları maraqsız göstərir.

Bir dəfə mən qonaq kürsüsündə əyləşdim. Yeni il buraxılışı idi. Ay aman, Hüsniyyənin bir ifritə baxışı mənə bəs oldu ki, ordan qaçmaq istəyim.

- Hansı qonaqla rahat işləmisiniz?

- Çox rahat qonaqlarımız olub. Məsələn, formatı yaxşı tutan qonağımız Leyla Şıxlinskaya. Amma dəvət edəndə çox çətin olmuşdu. Leyla xanım Bakıda yaşamır, televiziyada baş verənlərdən xəbəri yoxdur. Bizim verilişimiz də təzə açılmışdı. Mən, redaktorumuz və ssenaristimiz Leyla xanımın klinikasına – dəvət üçün getdik. Leyla xanım bizə qışqırdı və dedi ki, çıxın gedin burdan, heç kimə müsahibə vermirəm, efirə də çıxmıram. Nə istəyirsiniz məndən? Bu hadisə pasiyentlərin yanında baş verdi. Hətta redaktorumuz əsəbiləşdi ki, bizi klinikadan qovurlar? Dedim sən sakitləş, bu, onun günahı deyil, bizim jurnalistlərin günahıdır. Jurnalistlər bu insanın yanında hansısa səhv ediblər ki, heç kimi qəbul eləmir. Bir dəqiqə gözləyin, Leyla xanımla danışacam. Ona yaxınlaşıb dedim ki, Leyla xanım, mən sizə verilişin prezentasiyasını göstərmək istəyirəm. Ondan sonra istəsəniz, dəvəti qəbul edin, istəməsəniz yox.

Verilişin prezentasiyasına baxanda çox xoşuna gəldi və dedi ki, mən bilməzdim bizdə belə verilişlər var. Kabinetinə dəvət etdi, bir saata yaxın söhbət etdik, etibarını qazandıq. Dedi sabah xaricə getməliyəm, amma dəvətinizi qəbul edəcəm. Biletini ləğv etdirdi və uçuş tarixini dəyişdirdi. Bir həftə sonra artıq studiyamızda idi.

- Leyla xanımın verilişdən sonra hansısa iradı oldumu?

- Xeyr, yalnız dedi ki, kanalın emailini verin, verilişə görə məktub yazıb, təşəkkür etmək istəyirəm.

- Leyla xanım Amaliya Pənahova haqqında müəyyən sərt fikirlər səsləndirmişdi. Amaliya xanımı verilişə dəvət edəndə çətin olmadı ki?

- Amaliya xanımı müəyyən müddətdən sonra verilişimizə dəvət etdik. Bu, Leyla xanımın fikirləri ilə heç cür bağlı deyildi. Onlar elə insanlardır ki, hər şeyi yaxşı başa düşürlər. Birinin o biri haqda fikrinə görə bizə nə etiraz ola bilər?

- Leyla xanımın “V element”də rus dilində danışması birmənalı qarşılanmadı...

- Bizə dedi Azərbaycan dilini bilirəm. Amma xaricdə təhsil almışam. Hətta bizimlə danışanda çox gözəl danışırdı öz dilimizdə. Dedi Azərbaycan dilində danışa bilərəm, amma ədəbi dildə yaxşı alınmayacaq, fikrimi ifadə edə bilməyəcəm.

- Bir müddət əvvəl Murad Dadaşova qarşı ittihamlarla çıxış etmişdiniz. Murad Dadaşov ittihamınıza mətbuatda cavab vermədi. Hazırda münasibətiniz necədir?

- Elə bu günlərdə onun hazırladığı yeni verilişə baxdım. Hiss etdim ki, daha kinim qalmayıb. Əvvəl hər şeyi içimdə çəkirdim, indi belə deyiləm, nə haqsızlıq, ürəyimdə sözüm-filan varsa, dərhal üzə çıxarıram. Bununla kin də keçir, qəm də.

- Gələk şəxsi həyatınıza. Nə zaman evlənirsiniz?

Evlənən kimi də soruşacaqsız ki, nə vaxt uşaq olacaq? O da olandan sonra sual yaranacaq ki, nə vaxt evləndirirsən uşağı? Mən həyatımı bu sualları cavablandırmaq üçün qurmuram. Nə bilim nə vaxt evlənəcəm, ya evlənməyəcəm, övladım olacaq, ya olmayacaq. Belə də ki, bu yaxınlarda evlənirəm (gülür). Sonuncu cümlə zarafat idi. Amma xahiş edirəm, bu zarafatı başlığa çıxarmayın (gülür).

- Toylara aparıcı kimi getmirsiniz. Səbəb?

- Nə toy, nə ad günü aparmamışam. Toy biznesi, məncə, aparıcıların efir davranışına, mədəniyyətinə hətta xasiyyətinə mənfi təsir göstərir. Peşəkarlıq itir. Mən yalnız zövq aldığım işlərə qatılıram.

- Sosial şəbəkələrdə çəkinmədən tənqidi paylaşımlar edirsiniz.

- Nə var odur. Ona görə də bəzi insanlar məni sevmir. Üzdə deyirlər istedadlıdır, onu çox istəyirik. Altdan başqa əməllərə əl atırlar. Bəzən də açıq danışan insanlar əlverişli deyil. Tərifə öyrəşmişik axı. Amma tərif oxuyanlar şəxsi mənafeyini güdən insanlardır. Hər kəs düşünməlidir ki, acı da olsa yalnız həqiqəti deyən əsl dostdur. Məhz o həqiqət insanı düzəlməyə, inkişaf etməyə vadar edər. O şirin, yalançı komplimentlər isə insanı üzü üstə yerə çırpar.

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər