Azərbaycanla bağlı qalmaqallı səhnəsi ilə gündəmə gələn, sonradan mübahisəyə səbəb olan səhnəni filmdən çıxaran Şahan Gökbaharın başı yenidən dərddədir.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu dəfə Türkiyənin Güləş Federasiyası "Recep İvedik 5" filminin reklam çarxındakı güləş səhnəsini gülüş obyektinə çevirdikləri üçün filmi ərsəyə gətirənləri şiddətlə qınayıb və bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
"Minlərcə illik tariximizdən günümüzə qədər gəlib çatan, əcdadlarımızın idmanı olan güləş hər zaman bu millətin qüruru olub. Dünyaya səs salan türk pəhləvanları ölkənin xəyal belə qura bilmədiyi medalları, kubokları qazanıb, dünyanın hər yerində İstiqlal Marşımızı səsləndirib, ay-ulduzlu bayrağımızı dalğalandırıblar. Bizim saysız pəhləvanlarımızın zəfərini anlatmağa ömrümüz boyu film çəksək yenə də yetməz.
Tarixlər boyu anladılacaq bu dastanın izləri "Rəcəb İvedik 5" adlı filmin anonsunda bu rolu ifa edən şəxsin döşəkcədə rəqibinə qarşı etdiyi hərəkətlərin güləş ilə uzaqdan-yaxından heç bir əlaqəsi olmadığını bəyan etmək istəyirik".
Federasiya qeyd edib ki, filmdə güləş əxlaq normalarından uzaq idman növü kimi göstərilib, güləş və güləşçilər haqqında mənfi rəy formalaşdırılıb, onların haqları zədələnib.
"Heç kimin belə haqqa sahib olmadığını xatırladırıq. Filminizdə yayımlanacaq olan güləş ilə bağlı səhnələrin idman qaydalarına uyğunlaşdırılması və ya yayımlanmamasını istəyirik. Əks halda hüquqi yollara müraciət edəcəyik".
Qeyd edək ki, filmin treyleri yayımlanar-yayımlanmaz "Recep İvedik"in azərbaycanlı idmançını bir zərbə ilə nokauta salması səhnəsi hər iki ölkədə etirazlara səbəb olmuşdu. Kəskin tənqidlərlə üzləşən Şahan Gökbahar videomüraciət yayaraq, filmdən azərbaycanlı idmançı ilə bağlı səhnənin çıxarıldığını qeyd etmişdi. O, Azərbaycanı qardaş ölkə kimi gördüyünü və ona qarşı yanlışlıq etməyəcəyini bildirmişdi.